Xəbər lenti

Hər şey bir hədiyyə ilə başladı: 38 ildən sonra ortaya çıxan həqiqət
phrase_var_qaynar. 17:45 19.07.2026

Hər şey bir hədiyyə ilə başladı: 38 ildən sonra ortaya çıxan həqiqət

ABŞ-da eyni gündə dünyaya gələn iki uşağın doğulduqdan sonra xəstəxanada səhvən başqa ailələrə verildiyi hadisədən 38 il sonra DNT testi nəticəsində məlum olub.
 
Qaynarinfo xəbər verir ki, bu barədə "Milliyet" nəşri məlumat yayıb.

Bu hadisə Şimali Dakota ştatında 26 yanvar 1988-ci ildə anadan olan Kayl Baylin və Ceremi Morrisonun həyatını tamamilə dəyişib. Kayl Baylin Yeni il lotereyasında hədiyyə qazandığı ev şəraitində istifadə olunan DNT testini etdikdən sonra şəcərə araşdırma platformasında bioloji xalası ilə uyğunluq aşkar olunub.

Bundan sonra Ceremi Morrison da DNT testi verib və nəticələr onların doğum zamanı səhvən dəyişdirildiyini təsdiqləyib.
 


Yaşadığı sarsıntını xatırlayan Baylin deyib: "Həmin an sanki dünyam başıma uçdu. Belə bir hadisənin bizim başımıza gələcəyini heç vaxt təsəvvür etməzdik".

Səhv ailələrdə böyüdüklərini bildirən Baylin və Morrison doğulduqları "Unity Medical Center" xəstəxanasına qarşı məhkəmə iddiası qaldırıblar. Məlumata görə, Kaylın qolunda uşaqlıqda taxılmış, üzərində yanlış ad yazılan xəstəxana bilərziyi hələ də qalır.

Kaylı böyüdən Evelin Nyuton yaşadığı hissləri belə ifadə edib: "Kayl hələ də mənim oğlumdur və bu heç vaxt dəyişməyəcək. Amma bioloji oğlumun ilk addımlarını, avtomobil sürməyi öyrənməsini və evlənməsini görə bilmədim. İtirilmiş illəri geri qaytarmaq mümkün deyil".

"Unity Medical Center" rəhbərliyi körpələrin doğum zamanı qarışdırıldığını qəbul etsə də, bunun xəstəxana əməkdaşlarının səhvi olduğunu təsdiqləyən sübutun olmadığını bildirib.

Xəstəxananın açıqlamasına görə, hadisədən təxminən 40 il keçdiyi üçün həmin dövrə aid tibbi və personal qeydləri artıq məhv edilib. Rəhbərlik bunun ailələr üçün ağır psixoloji nəticələr doğurduğunu anladıqlarını da vurğulayıb.

Ceremi Morrison isə onu böyüdən ailəni hələ də öz həqiqi valideynləri hesab etdiyini bildirib.

"Çox gözəl uşaqlıq keçirmişəm. Bir DNT testi 38 illik xatirələrimi əlimdən ala bilməz”, deyə o bildirib.

Morrison və Baylin bioloji ailələri ilə tanışlığın emosional baxımdan mürəkkəb olduğunu, hazırda əsasən telefon vasitəsilə əlaqə saxladıqlarını qeyd ediblər. Baylin isə bu çətin vəziyyəti birlikdə aşmağa çalışdıqlarını vurğulayıb.
 
Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->