
Bu məqaləni oxuyursansa, ya daima gecikdiyinə görə irad tutulanlardansan, ya da daima kimisə gözləmək məcburiyyətində qalanlardan. Hansı tərəfdə olmağından asılı olmayaraq, bilməlisən ki, psixologiya hər şeyin izahını verə bilir, hətta gecikməyin də! İndi sizə bunu daha ətraflı izah etməyə çalışacağıq.
Niyə ən çox gecikən insanlar optimistlərdir? Çünki, optimist insanlar hər zaman stəkanın dolu tərəfinə baxmağa meylli olurlar. Zaman anlayışına da eyni münasibət göstərən bu insanlar, bütün işlərini çatdıra biləcəklərini düşünür və gecikmək barədə qorxu hissinə qapılmırlar. Onlar belə güman edir ki, bütün işlərini digər insanlardan fərqli olaraq, vaxtında bitirə bilər və heç vaxt heç nədən kənarda qalmazlar. Nəticədə isə, gecikirlər. Bəs niyə bu hal mütəmadi olaraq təkrarlanır və bunun qarşısını almaq üçün nə etməliyik?
Diana Delonzor bu mövzu haqqında kitab yazmış bir müəllifdir. O, xroniki gecikmə hallarının arxasında duran psixoloji faktorları dərindən araşdırmış və bütün bunlara yol açan səbəbləri öyrənmişdir. Delonzor özü də bu kitabı yazmamışdan əvvəl daima gecikən insanlar sırasında idi. O deyir ki, “Bir çox gecikən insanlar adətən bütün həyatları boyu gecikiblər və bu hal həm yaxşı, həm də pis hadisələr üçün eyni dərəcədə təkrarlanıb. Bir çox alimlər gecikmə probleminin beyinlə bağlı olduğunu da iddia edirlər.”
DeLonzor gecikən insanların yeddi tipini müəyyənləşdirib. Bunlardan ən çox rastlananı isə hər işini son dəqiqəyə saxlayanlardır. Onlar adətən bütün işlərini bu iş üçün ayrılan zamanın son bir neçə saatına sığışdırmağa çalışırlar və tələskənlik ucbatından da hər şeyi gecikdirirlər. Belə insanlara iş verərkən, sərt vaxt limitləri qoymaq daha effektivdir, çünki vaxt limitinin olması fikri onların hərəkətə keçməsinə lazım olan motivasiya verir.
Bir çox insanlar gecikən insanları kobud, məsuliyyətsiz və tənbəl adlandırırlar, lakin bu doğru deyil, ən azından hər zaman doğru deyil. Bunun arxasında gizlənən əsl həqiqət ondan ibarətdir ki, bu insanlar daha ümidli və nikbindirlər. Onların bu optimist həyat baxışları isə reallıqla üst-üstə düşməyə bilir. Buna görə də, onlar zamanı necə idarə etdiyini bilmir, lakin bunu öyrənmək məcburiyyəti hiss etməyə başlayırlar. Siz də əgər çox gecikənlərdənsinizsə, yəqin ki bu fakt başqalarıyla aranızda kiçik narazılıqların yaranmasına səbəb olub. Siz ümidsiz insan yox, əksinə çox ümidli insansınız. Bu həyatınızı gecikmə məsələsindən başqa bütün digər məsələlərdə çox asanlaşdırır. Vaxtınızı düzgün idarə etməyi öyrənsəniz, bütün digər problemlər də aradan qalxacaq. //pahoo.az
Qaynarinfo.az