Hindistan hökuməti Rusiya neftinin qiymət tavanına qoşulmaq imkanını müzakirə edir.
Qaynarinfo xəbər verir ki, bu barədə "Telegraph India” Neft və Sənaye Nazirliyindəki mənbələrə istinadən
yazır.
Bu, iki halda baş verəcək: Rusiya neftinin qiyməti 60 dollardan yuxarı qalxarsa və ya Avropa İttifaqı qiymət tavanını pozduğuna görə ikinci dərəcəli sanksiyalar tətbiq etməyə başlayarsa...
Mənbələr bildirirlər ki, Hindistan Aİ-nin Rusiya neftinə qarşı mümkün əlavə sanksiyalarını diqqətlə izləyir. Onlar etiraf edirlər ki, indiyədək Rusiya neftinin qiymətinin 60 dollar/barellə məhdudlaşdırılması Hindistana ixraca heç bir təsir göstərməyib. Mənbələr bildirirlər ki, ölkə hazırda Rusiya neftinin barrelini 53-56 dollardan alır.
Son üç ayda Rusiya Hindistanın ən böyük neft ixracatçısına çevrilib. "Vortexa" analitik şirkətinin məlumatına görə, dekabrda hər gün Moskva Nyu-Dehliyə 1,17 milyon barel neft tədarük edib.
Hindistan 2022-ci ildə Rusiya neftinin idxalını əhəmiyyətli dərəcədə artırıb, o zaman Rusiyanın Ukraynaya hərbi müdaxiləsi səbəbindən Qərbdəki əsas alıcılar Rusiyadan neft tədarükünə sanksiyalar tətbiq edib. Məsələn, 2021-ci ilin dekabrında Hindistan hər gün cəmi 36,2 min barel neft alırdı.
Neft tədarükü artmaqda davam edir. Dekabrda Rusiyadan Hindistana neft idxalı noyabr ayı ilə müqayisədə 24% artıb. Əsas alıcılar özəl neft emalı zavodlarıdır.
G7 ölkələri, Aİ və Avstraliya dekabrın 5-də Rusiyadan dəniz yolu ilə nəql edilən neftin barrelinə 60 dollar qiymət həddi tətbiq edib. Elə həmin gün Avropa İttifaqında Rusiya neftinə embarqo tətbiq olunmağa başlayıb.
Qlobal neft qiymətlərində kəskin sıçrayışa yol verməmək üçün qiymət tavanı tətbiq edilib. Onun köməyi ilə ABŞ hakimiyyəti Rusiya neftini bazarda saxlamaq, lakin Kremlin Ukraynadakı müharibəni maliyyələşdirmək imkanlarını məhdudlaşdırmaq niyyətindədir.
Qiymət tavanının pozulmasına görə cərimələr var. Dekabrın 5-dən sonra Rusiya neftini 60 dollardan yuxarı qiymətə alan şirkətlər Avropada bank maliyyəsi və sığorta almaq imkanını itirəcək.
Qiymət tavanının tətbiqindən sonra "Brent" markalı neftlə müqayisədə Rusiya neftinin qiyməti daha da ucuzlaşıb. Rusiya Maliyyə Nazirliyinin əməliyyat statistikasına görə, dekabrda Rusiya markalı "Urals" neftinin orta qiyməti bir barel üçün 50,5 dollara düşüb.
"Bloomberg" "Argus" agentliyinin məlumatına istinad edərək yazır ki, yanvarın 6-da "Urals" markalı neftin qiyməti bir barrel üçün 40 dollardan aşağı düşüb. Söhbət Baltik dənizindəki Primorsk limanından bir barelinin qiyməti 38,7 dollar olan yükdən gedir.
Nizami Bağırov