Siyasət 16:57 07.09.2023

Hindistan sammitində Qarabağ məsələsi müzakirə ediləcək? (ŞƏRH)

"İrəvan G20-nin Hindistan sammiti öncəsi bilərəkdən vəziyyəti gərginləşdirir. Bununla belə, sammitdə Ermənistan-Azərbaycan münasibətlərilə bağlı hansısa bir qərarın qəbul ediləcəyi də gözlənilmir".
 
Bunu Qaynarinfo-ya açıqlamasında beynəlxalq məsələlər üzrə ekspert Elşən Mustafayev Ermənistanın sərhəddə törətdiyi son təxribatları şərh edərkən deyib.

Ekspert bildirib ki, mühüm tədbirlər ərəfəsi İrəvan açıq şəkildə olmasa da, aranı qarışdırmaq üçün həmişə nəsə etməyə çalışır:



"Son vaxtlar beynəlxalq toplantı və tədbirlərdə Ermənistanla Azərbaycan arasında münasibətlər müzakirə edilir. Doğrudur, bu sayaq tədbirlərdə Qarabağ mövzusu ciddi müzakirə predmeti olmayıb. Amma hiss olunur ki, mühüm tədbirlər ərəfəsi İrəvan açıq şəkildə olmasa da, aranı qarışdırmaq üçün həmişə nəsə etməyə çalışır. Bu mənada İrəvanın bölgədə cərəyan edən proseslərin sözügedən toplantıda müzakirəsinə nail olmaq üçün G20-nin Hindistan toplantısından yararlanmağa cəhd edəcəyi gözləniləndir. Ona görə də Ermənistanın son günlər Azərbaycanla sərhəddə gərginlik yaratması G20-nin bir neçə gündən sonra başlayacaq sammitilə də müəyyən dərəcədə bağlı oal bilər. Lakin buna baxmayaraq, G20-nin Hindistan toplantısında bölgəmizdə cərəyan edən proseslərin müzakirə edilən məsələlər sırasında olacağına inanmıram. Amma aydındır ki, hər bir tədbirdə müxtəlif səviyyəli müzakirələr olur”. 

Ekspert qeyd edib ki, cari məsələlərlə bağlı müzakirələrdə Qarabağ mövzusuna da bu və ya digər dərəcədə diqqət yetirilə bilər:

"Alt səviyyələrdə, tövsiyyə xarakterli nəsə deyilə bilər. Nəzərə alaq ki, Fransa və Hindistan kimi ermənipərəst ölkələr orada təmsil olunur. Makron orada da bu mövzunu qaldırmağa cəhd edəcək. Lakin bununla belə, indiki məqamda G20-nin Azərbaycanın Konstitusiya hüquqları istiqamətində atdığı addımlarla bağlı hansısa bir qərarlı reaksiya verəcəyi isə inandırıcı deyil. Onların açıq şəkildə Azərbaycanın üzərinə gedəcəklərinin perspektivi yoxdur ”. 

Qeyd edək ki, 9-10 sentyabr tarixlərində Hindistanın rəhbərliyi ilə Nyu-Dehlidə G-20-nin sammiti keçiriləcək. 

Rüfət Sultan