Xəbər lenti

HİV-lə mübarizədə tarixi irəliləyiş: ABŞ qoruyucu peyvəndi təsdiqlədi
Sağlamlıq 13:15 20.06.2025

HİV-lə mübarizədə tarixi irəliləyiş: ABŞ qoruyucu peyvəndi təsdiqlədi

ABŞ Qida və Dərman Administrasiyası (FDA) insan immunçatışmazlığı virusu (HİV/QÇİS) ilə mübarizə sahəsində mühüm bir addım ataraq, "Lenakapavir" adlı qoruyucu inyeksiyanın istifadəsini təsdiqləyib. 

Qaynarinfo xəbər verir ki, "Gilead Sciences” tərəfindən hazırlanmış bu preparat "Yeztugo” ticarət adı ilə satışa çıxarılacaq. Şirkət bu təsdiqi "HİV-ə qarşı onilliklərdir aparılan mübarizədə tarixi dönüş nöqtəsi” adlandırıb.

"ScienceAlert" xəbər verir ki, "Lenakapavir" gündəlik qəbul edilən dərmanlara alternativ olaraq ildə yalnız iki dəfə tətbiq olunan bir qoruyucu inyeksiyadır. Klinik sınaqlar bu dərmanın HİV yoluxma riskini 99,9 faiz azaltmağa qadir olduğunu göstərib.

Afrikada aparılan genişmiqyaslı bir klinik araşdırmada, 2 000-dən çox qadının iştirakı ilə keçirilən testlərdə heç bir yoluxma halı qeydə alınmayıb. Cinsiyyət müxtəlifliyinə malik fərdlər və kişilər üzərində aparılan paralel bir digər araşdırmada isə yalnız iki yoluxma halı müşahidə edilib. Bu nəticələr "New England Journal of Medicine" jurnalında dərc olunub, "Science" jurnalı isə "Lenakapavir"i "2024-cü ilin elmi sıçrayışı” elan edib.

"Gilead Sciences" hələ ki dərmanın satış qiymətini açıqlamasa da, ekspertlər ABŞ-da "Lenakapavir"in illik xərcinin təxminən 25 min dollar ola biləcəyini bildirirlər. Daha əvvəl təsdiq edilmiş və iki ayda bir tətbiq olunan bənzər bir inyeksiya da on minlərlə dollara satılmış, lakin geniş istifadədə məhdud uğur əldə etmişdi.

Liverpul Universitetindən Dr. Endryu Hill qeyd edib ki, "Lenakapavir"in kütləvi istehsalı ilə hər dozanın dəyəri 25 dollara qədər endirilə bilər. Onun sözlərinə görə, yüksək gəlirli ölkələr belə bu qiymətlərlə dərmanı geniş miqyasda istifadə edə bilməz.

Birləşmiş Millətlər Təşkilatının rəsmisi Vinni Byanyima isə bildirib: "Bu yenilik qlobal HİV epidemiyasını nəzarətə almaq üçün böyük fürsətdir, lakin yalnız əlçatan və münasib qiymətlərlə təmin olunarsa məqsədinə çata bilər".

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->