Qlobal neft ticarətinin ən mühüm marşrutlarından biri olan Hörmüz boğazının yenidən açılması ilə bağlı Vaşinqton və Tehran arasında aparılan danışıqlarla əlaqədar ardıcıl açıqlamalar verilib.
Qaynarinfo xəbər verir ki, ABŞ rəsmiləri razılaşma ilə bağlı nikbin mesajlar səsləndirsələr də, ABŞ Prezidenti Donald Tramp İranı yenidən sərt bəyanatlarla hədələyib. Onun sözlərinə görə, danışıqların taleyi yaxın 48 saat ərzində aydınlaşacaq.
ABŞ-dan müsbət siqnallar
ABŞ-ın maliyyə naziri Skott Bessent bildirib ki, İranla danışıqlar davam edir və Hörmüz boğazının açılması ilə bağlı razılaşmanın bu gün və ya sabah əldə olunması ehtimalı var.
ABŞ dövlət katibi Marko Rubio da prosesdə irəliləyiş olduğunu təsdiqləyərək bildirib: "Bu prosesdə irəliləyiş var, lakin danışıqlar hələ yekunlaşmayıb. Ümid edirəm ki, bu, ən qısa zamanda baş verəcək".
Tramp: Ya boğaz açılacaq, ya da İran ağır zərbə alacaq
ABŞ Prezidenti Donald Tramp bildirib ki, ABŞ və İran nümayəndələri avqustun 4-də gün ərzində intensiv danışıqlar aparıblar: "Əsas məsələ əməli addımların atılmasıdır. Onlar razılaşma əldə etmək istəyirlər. Nə baş verəcəyini görəcəyik".
Tramp əlavə edib ki, Tehran yenidən danışıqlardan geri çəkilərsə, ciddi nəticələrlə üzləşəcək: "Əgər onlar yenidən geri addım atsalar, çox ağır zərbə alacaqlar. Onlar bunu bilirlər və başa düşürlər. Mənim başqa seçimim yoxdur".
O, həmçinin Hörmüz boğazının yaxın vaxtlarda açılacağını iddia edərək deyib: "Boğaz ya çox yaxında açılacaq, ya da (İran) çox sərt zərbə alacaq. Bundan sonra boğaz açıq olacaq".
"Hər şey 48 saat ərzində məlum olacaq"
Tramp İranla aparılan danışıqların müsbət istiqamətdə davam etdiyini vurğulayaraq bildirib: "Çox yaxşı irəliləyirik. Görəcəyik. Hər şey 48 saat ərzində bəlli olacaq".
Tehran: Təhdidlər davam etdiyi müddətdə razılaşma olmayacaq
İran İnqilab Keşikçiləri Korpusuna bağlı "Sepahnews" nəşri isə Omanın vasitəçiliyi ilə Hörmüz boğazı məsələsi üzrə aparılan danışıqlarda razılığın əldə olunmamasının əsas səbəbinin ABŞ-ın hərbi təhdidləri olduğunu yazıb.
Məlumatlı, lakin adı açıqlanmayan mənbəyə istinadən bildirilir ki, Vaşinqtonun İrana qarşı hərbi müdaxilə hədələri danışıqlar prosesinə mənfi təsir göstərir.
Mənbənin sözlərinə görə, ABŞ-ın müdaxilə və İrana qarşı hərbi hücum təhdidləri davam etdiyi müddətdə razılaşma gecikəcək. İran təhdidlərin kölgəsində heç bir razılaşma imzalamayacaq.
Aydın
Şərhlər