Çinin "Huawei” şirkəti Rusiyada məlumatların saxlanması sistemləri və telekommunikasiya avadanlıqlarının korporativ satışı bölməsini bağlayır.
Qaynarinfo xəbər verir ki, bu barədə "Kommersant” mənbələrə istinadən
yazır.
Enterprise Business Group bölməsində təxminən 2 min nəfər işləyir, indi onlara MDB ölkələrinə köçmə və ya işdən çıxma təklif olunur.
Mənbə izah edir ki, bu qərar ikinci dərəcəli sanksiyalar riski ilə bağlıdır, çünki avadanlıq dövlət sektorunda istifadə oluna bilər.
Nəşrin şirkətə yaxın həmsöhbəti əməkdaşların əksəriyyətinin bölməni tərk edəcəyi ilə bağlı məlumatı təsdiqləyib, lakin ofisin nominal olaraq qalacağına aydınlıq gətirib: "Ukraynada aktiv döyüşlər dayandırılacağı təqdirdə şirkət geri qayıtmağa hazırdır”.
Bununla yanaşı, şirkət Rusiyada məişət elektronikasının satışını davam etdirməyə hazırdır, "Kommersant" mənbəsi dəqiqləşdirir. Bununla bağlı Huawei-dən heç bir rəsmi şərh verilməyib.
Rusiyanın Ukraynaya təcavüzü başlayandan bəri Çin brendləri Qərbin sanksiyalarından ehtiyat edərək, münaqişədə Rusiyaya birbaşa dəstək verməkdən yayınırlar. Onların çoxu gizli şəkildə Rusiya bazarını tərk edir və ya əməkdaşlığı dayandırır. İstisna kimi, Çinin iştirakını artırdığı avtomobil sənayesini göstərmək olar.
Nizami Bağırov