Xəbər lenti

“İbrahimbəyov başa düşdü ki, oyuna salınıb” - MÜSAHİBƏ
Siyasət07:18 09.09.2013

“İbrahimbəyov başa düşdü ki, oyuna salınıb” - MÜSAHİBƏ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
“İlham Əliyev siyasi meydandadırsa, onun alternativi yoxdur”

Politoloq Rüstəm Məmmədovun Qaynar.info-ya müsahibəsi:


- İşğal altında olan Sərsəng Su Anbarı ətrafında baş verənlərlə bağlı nə deyə bilərsiz? Bilirsiniz ki, ermənilər Azərbaycanı həmin anbarı partladacaqları ilə təhdid edirlər...

- Erməni millətinin və onlara bağlı olan Ermənistan dövlətinin xisləti terrorçuluqdur. Bunlar terrora uyğunlaşmış, terror məntiqi ilə yaşamış xalqdır. Bu xalqın başqa bir məramı da yoxdur. Onlar öz məqsədlərinə çata bilməyəndə, təbii ki, terrora əl atırlar. Ermənilər zaman-zaman türklərə qarşı terror aktları həyata keçiriblər. Biz ermənilərin verdiyi bəyanatlara təəccüblənməməliyik. Çünki bunlar siyasi məğlubiyyətin əvəzini başqa formada çıxa bilərlər. 1997-ci ildə mərhum Heydər Əliyevlə ABŞ-a getmişdik. O zaman gördüm ki, Azərbaycan nümayəndə heyətinin gəlişinə etiraz olaraq keçirilən mitinq daha çox terrorçuların mitinqinə oxşayırdı. Ermənilərdən hər şey gözləmək olar. Milli Məclisin deputatı Elxan Süleymanovun irəli sürdüyü “SOS Sərsəng” layihəsi və bu layihə ətrafında aparılan fikir mübadiləsi, təhlükə ilə bağlı çağırışlar əbəs yerə deyil. Yəni biz indidən təhlükə baş verməmişdən öncə həyacan təbilini çalmalıyıq. Bu məsələ beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmalıdır.

- Anbarın partladılması nə dərəcədə təhlükəli ola bilər?

- Təsəvvür edin, bu bənd dağıdılsa, neçə rayonu su basa bilər. Anbar 150 metr hündürlükdə yerləşir. Həmin hündürlükdən buraxılan su rayonları su altında qoya bilər. Biz indi bunun təhlükəsinin masştabını, əziyyətini dərk edə bilmirik. Bunu Salyan rayonununda Kürətrafı yerlərin su altında qalması təcrübəsi ilə ölçürük. Amma bu belə deyil. Bunun fəsadları kiçik deyil.

- Ermənilərin təhdidlərinə qarşı Azərbaycanın atdığı addımları necə qiymətləndirirsiz?

- Mənə elə gəlir ki, bu məsələ Azərbaycan çərçivəsindən çıxıb. Bu, artıq, Avropa Şurası Parlament Assambleyası səviyyəsinə qaldırılıb. Buna reaksiyalar da başlanılıb. Hazırda bununla bağlı qərar da qəbul olunmaq üzrədir. Avropalılar başa düşür ki, Azərbaycan neft, qaz ölkəsidir. Avropaya gedən neftin, qazın bir hissəsi Azərbaycandan ixrac olunur. Azərbaycanı bu təhlükələrlə təkbətək üz-üzə qoymaq olmaz. Onlar bunu başa düşürlər və bu məntiqdən çıxış edərək anlamalıyıq ki, bizim əsas işimiz bütün dünyanın diqqətini bu məsələyə yönəltməliyik. Mənə elə gəlir ki, Azərbaycanın haqq səsi, artıq eşidilir.

- Ermənistan Avrasiya İttifaqına qoşulmağa razılığını verib. Belə olan halda Ermənistan regionda güclənə bilərmi?

- Mən başqa söz deyərdim. Belə getsə, Ermənistan özünü yaxın 2-3 ay ərzində “bankrot” ölkə elan etməlidir. Nəzərə alsaq ki, Ermənistanda sənaye, kənd təsərrüfatı obyektlərinin 70%-i ermənilərin deyil, xarici dövlətlərin, o cümlədən Rusiyanın mükliyyətidir, o zaman demək olar ki, bu ölkə defolt olacaq. Bu faktı danmaq qeyri-mümkündür. Ermənistan hökuməti istədi ki, Avropa İttifaqına qılıqlansın, onların vasitəsilə vəziyyətdən çıxa bilsin. Amma bu alınmadı. Görünür, avropalılar ağıllı məntiqlə düşünürlər. Avropa onlara deyəcəkdilər ki, gedin, sülhü bağlayın, sülh zonasının olması əsasdır. Sülh olandan sonra sərbəstlik olacaq. Ermənistan öz məqsədinə çata bilmədi. Bu gün Ermənistana 1 manat da iqtisadi yatırım edən yoxdur. Bir ölkəyə ki iqtisadi investisiya yatırımı olmur, o ölkənin gələcəyini necə təsəvvür etmək olar?! Rusiyanın 20 dəfə Azərbaycandan böyük ərazisi fəlakətlə üzləşib, ora milyardlarla vəsait lazımdır. Rusiya bunun öhdəsindən gələ bilmirsə, çətin vəziyyətdə olan Ermənistana yatırım edəcək? Bu, gülməlidir. Avropa yatırım edə bilərdi. Lakin o da şərtini ortalığa qoyacaqdı. Bu sülhə aparan yol idi. Bu məsələdə ermənilər başa düşdülər ki, bu, Dağlıq Qarabağ kartı üzərindən hakimiyyətə gəlmiş adamların sonu deməkdir. Ona görə də geriyə addım atdılar. Lakin bu, o demək deyil ki, Rusiya Ermənistanı Gömrük İttifaqına üzv edəcək. Rusiya bunu çiyninə götürər? Bu Rusiyaya lazımdı? Əlbəttə, yox.

- Belə iddialar irəli sürülür ki, Vladimir Putin Bakı səfəri zamanı istədiyini ala bilmədi. Belə anlamaq olar ki, Rusiyanın məqsədi Azərbaycanı Gömrük İttifaqına üzv etmək idi?

- Halva-halva deməklə ağız şirin olmaz. Rusiya vədlər verə bilər, amma o vədin arxasında durmaz. Azərbaycan Avrasiya İttifaqına və Gömrük İttifaqına qoşula bilər. Təbii ki, bu, müəyyən şəraitdə ola bilər. Rusiya Azərbaycanın əsas problemi olan Qarabağ məsələsini həll etsin, Azərbaycan da qoşulsun.

- Artıq Ermənistanın həmin ittifaqa “hə” deyib. Bəs Avropanın buna münasibəti necə olacaq?

- Ermənistan bununla Qərbin hədəfinə tuş gəldi. Qərb bunu bağışlamayacaq. Bu, birmənalıdır, ona görə də Rusiyaya bərk-bərk sığınıb. Mənə elə gəlir ki, Yaxın Şərqdəki proseslərin davamı olaraq bu problemə baxış dəyişəcək. Çox güman ki, Amerika Suriyaya müdaxilə edəcək. İran da buna maraq göstərəcək, özü-özünə qarşı atəşi yönəldəcək. Təbii ki, bundan sonra İran məsələsi çözüləcək. Və ən nahəyət, Dağlıq Qarabağ probleminə aparan yollar açıqlacaq. Rusiya bu prosesə qoşulmağa çalışacaq, amma qorxacaq.

- Milli Şuranın Rusiya proyekti olmasını ehtimal edənlər var. Belə olan halda necə düşünürsünüz, Rusiya bu qurumun, daha doğrusu, Rüstəm İbrahimbəyovun vasitəsilə Azərbaycan hakimiyyətinə təzyiq edə bilərmi?


- Milli Şura demək olar ki, buraxılır, hamısı istefa verib gedirlər. Bu, bir az qeyri-ciddidir. Namizədliyini irəli sürən şəxs düşünməlidir ki, rəqibi ilə mübarizədə rəqabətə dözə biləcək, ya yox. Yəni başa düşürük ki, iqtidarın da müəyyən problemləri var. Lakin ondan başqası gəlib problemləri həll edə biləcəkmi? Təbii ki, xeyr. İlham Əliyevə alternativ yoxdur. Siyasi səhnədə İlham Əliyev faktoru ciddi surətdə işləyir. Bu gün Azərbaycan xalqının qeyri-rəsmi rəyini soruşsaz, 80-90%-i İlham Əliyevi dəstəkləyəcək. Rüstəm İbrahimbəyov xalqın dərdinə əlac qılmağı nədəsə sübut edibmi? İlham Əliyev bilinir, yəni nə edib və nə edə bilər. Rüstəm İbrahimbəyov bir şey etməyib axı. Bacarıqlı bir şəxsi qoyasan, məchul bir şəxsi dəstəkləyəsən, bu, düzgün deyil axı.

- Bəs Milli Şuranın vahid namizədi Cəmil Həsənli necə?


- Cəmil Həsənlini yaxşı tanıyıram. Bilirsiniz, hakimiyyətdən xırda incikliyi olan insandır, yəni Milli Məclisdə deputat idi, sonra seçilmədi. O, daxili ambisiyanı büruza vermək niyyəti ilə çıxıb. Onun hansı resursları var ki, Azərbaycan dövlətinin idarə olunmasında yaxından iştirak etsin. Əhali, siyasi, iqtisadi, beynəlxalq resurslar yoxdur. O, kimlə rəqabət aparacaq.

- Müxalifət iddia edir ki, bölgələrdə onlara təzyiqlər olunur və bu üzdən əhali ilə sıx ünsiyyət yarada bilmirlər. Əgər hakimiyyət təzyiq edirsə, bunların əhali resursu necə yara bilər ki...

- Ona qalsa, mən də kifayət qədər tanınmışam, professoram. Özümü İlham Əliyevlə müqayisə edə bilərəm?

- Axı necə ola bilər, 9 milyon əhalisi olan bir ölkədə İlham Əliyevə alternativ siyasətçi olmasın? Bu, yaxşı haldır?


- Namizədliklərini irəli sürənlər var. Ancaq onlar alternativ deyillər axı. Onların hansı o resursa malikdir. Bunların heç birində o resurs yoxdur. Nəsə həll etmək istəyirlərsə, gərək o resursu qurub yaratsın. Əgər İlham Əliyev namizədliyini irəli sürməsəydi, o zaman meydanda bərabər şanslı insanlar yarışa girə bilərdi. Baxın, Barak Obama yenidən prezident seçildi. Çünki onun siyasi xətti bəlli idi. 3-cü dəfə isə namizədliyini irəli sürməyəcək, digər insanlar bərabər şansla meydana girəcəklər. Bu siyasi oyunu başa düşmək lazımdır. İlham Əliyev siyasi meydandadırsa, onun alternativi yoxdur.

- Sizcə, Rusiya İbrahimbəyovu vətəndaşlıqdan niyə çıxarmadı?

- Rüstəm İbrahimbəyov çox ağıllı adamdır, o özü başa düşdü ki, oyuna salınıb. Bildi ki, bu oyunu axıra qədər davam etdirə bilməyəcək. Ona görə də əvvəlcədən özü vətəndaşlığının ləğvindən imtina etdi.

- Yəni deyirsiniz ki, Rüstəm İbrahimbəyov müxalifəti aldatdı?

- Çox güman ki.

- Necə ola bilər ki, siyasi arenada olmayan Rüstəm İbrahimbəyov illərdir siyasətlə məşğul olan Əli Kərimli, İsa Qəmbər kimi siyasətçiləri aldada bilsin?

- Sadəcə olaraq, müxalifət bunu oyuna buraxıb oynatmaq istədi. Bu oyun da baş tutmadı. Çünki onlar özləri də İlham Əliyevlə yarışa bilməzlər. Əvvəl yarışıblar da. Nəticəsi nə olub?
 
İlkin
Qaynar.info