Dünya 12:47 05.12.2022

II Soyuq müharibə başlayıb: Bu, nə qədər davam edəcək?

Rusiya-Ukrayna münaqişəsi ikinci soyuq müharibənin başlanğıcı olub. Rusiya Federasiyası və Qərb arasında yeni sövdələşmə olmalıdır.

Qaynarinfo xəbər verir ki, bunu Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın bildirib.

Kalın "əl-Cəzirə” telekanalına müsahibəsində Türkiyənin Rusiya-Ukrayna münaqişəsində vasitəçiliyindən danışıb. O qeyd edib ki, Ankara Rusiyanın işğal etdiyi əraziləri tərk etməsinin, Kiyevə təhlükəsizlik zəmanətinin verilməsinin, şəhərlərin bərpasına köməklik göstərməsinin və müdafiə sistemlərinin təmin olunmasının tərəfdarıdır. 
 


"Ancaq bu, münaqişənin səviyyələrindən biridir. Digər səviyyə isə daha yüksək geosiyasi səviyyədə baş verənlərdir. Və burada Rusiya ilə Qərb arasında hegemonluq mübarizəsi gedir. Bu geosiyasi səviyyədə daha bir qarşılıqlı fəaliyyətə ehtiyac var. Rusiya ilə Qərb arasında yeni sövdələşmə olmalıdır”, - deyə Kalın bildirib.

Türkiyə prezidentinin nümayəndəsinin sözlərinə görə, hazırda baş verənləri "soyuq müharibə 2.0” kimi xarakterizə etmək olar. Bu, Rusiya-Ukrayna münaqişəsi ilə başladı, lakin "başqa şəkildə davam edə bilər – simmetrik müharibə, hibrid müharibə və bir çox digər müharibə növləri ilə”. Onun fikrincə, bu münaqişə "bütün tərəflərin prosesin bir parçası hiss etdiyi, ona sahibləndiyi, heç kimin iyerarxik sistemdə qərarların qəbulunda məcbur edilmədiyi, başqalarını aşağaı dərəcəli kimi qəbul edilmədiyi” yeni sövdələşmənin parametrlərini işləyib hazırlayana, təhlükəsizlik arxitekturasını qurana qədər davam edəcək.  

Nizami Bağırov