Dünya 22:22 11.10.2022

İlon Mask Putinlə nələri müzakirə edib? (İDDİA)

Politoloq Yan Bremmer "Eurasia Group” poçt paylaşmasında yazıb ki, amerikalı biznesmen İlon Mask ona Rusiya və Ukrayna arasında münaqişənin həlli planını "Twitter"də yerləşdirməzdən əvvəl prezident Vladimir Putinlə danışdığını deyib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Vice” yazıb .

Yan Bremmerin sözlərinə görə, "Tesla" rəhbəri ona bildirib ki,  Vladimir Putinlə Rusiyanın Ukrayna ilə danışıqlara hazır olduğu şərtləri müzakirə edib. Politoloq İlon Maska istinadən bildirib ki, Rusiya Krımın Rusiyanın tərkibində qalacağı, Ukraynanın DXR, LXR, Xerson və Zaporojye vilayətlərinin Rusiyaya daxil olmasını tanıdığı, həmçinin Ukraynanın neytral dövlətə çevrilməsi təqdirdə danışıqlara hazırdır. 

İddialara görə, Vladimir Putin İlon Maska bu məqsədlərə istənilən vasitə ilə nail olunacağı barədə məlumat verib. Politoloq onu da iddia edir ki, Putin Ukrayna ordusunun Krıma girəcəyi təqdirdə nüvə zərbəsi endirmək imkanını nəzərdən keçirir. Yan Bremmerin sözlərinə görə, İlon Mask Krımda Ukraynanın "Starlink" peyk rabitə sistemlərini işə salmaqdan da imtina edib.

İlon Maskın özü Putinlə Ukraynadakı müharibə ilə bağlı tvitindən əvvəl olduğu iddia edilən söhbətə dair məlumatları təkzib edir.

"Mən Putinlə cəmi bir dəfə danışmışam və bu, təxminən il yarım əvvəl olub. Söhbətin mövzusu kosmos idi”, deyə Mask tvitində yazıb.

Kreml nümayəndələri hələlik bu məlumatı şərh etməyiblər.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Mask və Putin arasında söhbət barədə xəbərləri şərh edib. Bu barədə jurnalist Rob Krilli yazır:

"Aydındır ki, o, bu danışıqlarda Birləşmiş Ştatların hökumətini təmsil etmir".

Xatırladaq ki, oktyabrın 3-də İlon Mask Ukraynadakı münaqişənin həlli ilə bağlı öz planını, o cümlədən Krımın Rusiya kimi tanınması və Ukraynanın neytral statusunun təmin edilməsi ilə bağlı müddəaları təklif edib. Daha sonra iş adamı da öz mövqeyini müdafiə edərək "Twitter" istifadəçiləri ilə mübahisəyə girib.

Nizami Bağırov