Dünyanın ən varlı insanı hesab edilən İlon Maskın sərvəti "SpaceX" və "Tesla" səhmlərinin dəyərinin azalması fonunda 1 trilyon dollar həddindən aşağı düşüb.
Qaynarinfo "Business Insider"ə istinadən xəbər verir ki, "Bloomberg Billionaires Index" məlumatlarına əsasən, Maskın sərvəti hazırda 957 milyard dollar səviyyəsində qiymətləndirilir.
Mask bu ilin iyunun əvvəlində "SpaceX" şirkətinin ilkin səhmlərinin yerləşdirilməsi (IPO) nəticəsində şirkətin dəyərinin 2 trilyon dollardan çox qiymətləndirilməsindən sonra trilyoner statusu qazanmışdı. Həmin dövrdə pərakəndə investorların yüksək marağı səbəbindən səhmlər sürətlə bahalaşırdı.
Lakin bu həftə "SpaceX" səhmləri kəskin ucuzlaşıb. İyunun 23-də şirkətin səhmləri bir səhm üçün təxminən 156 dollar səviyyəsində bağlanıb. Bu göstərici iyunun 16-da qeydə alınmış 225 dollarlıq maksimum qiymətdən 30 faizdən çox aşağıdır. Bununla belə, səhmlər hələ də iyunun 12-də ticarətə başladığı 150 dollarlıq ilkin qiymətdən bir qədər yüksəkdir.
Süni intellekt bazarında mümkün "köpük" və faiz dərəcələrinin artırılması ilə bağlı narahatlıqlar son günlər texnologiya sektorunda ümumi satış dalğasına səbəb olub. Bir sıra analitiklər "SpaceX"in son dərəcə yüksək bazar dəyərini və şirkətin kosmosda məlumat mərkəzləri yaratmaqdan Marsın kolonizasiyasına qədər uzanan iddialı planlarını şübhə altına alırlar.
Bundan əlavə, səhmlərin satışına qoyulan məhdudiyyət müddətinin başa çatması da şirkət üçün risk hesab olunur. Bu mərhələdən sonra ilk investorlar və səhmdarlar öz paylarını sata biləcəklər.
Şirkətin IPO öncəsi təqdim etdiyi sənədlərə əsasən, "SpaceX" 2025-ci ildə 4,9 milyard dollar zərər açıqlayıb. Şirkətin süni intellektlə bağlı fəaliyyət göstərən bölməsi isə 12,7 milyard dollar həcmində kapital xərcləri həyata keçirib.
Buna baxmayaraq, "SpaceX" Maskın ən dəyərli aktiv olaraq qalır. İyunun 23-nə olan məlumata görə, onun şirkətdəki payının dəyəri 744 milyard dollar təşkil edib və ümumi sərvətinin təxminən 80 faizini formalaşdırıb. Eyni zamanda, "Tesla"dakı səhmlərinin dəyəri də azalaraq təxminən 158 milyard dollar səviyyəsində qiymətləndirilir.
"Business Insider" qeyd edir ki, bazar dəyişkənliyi adi haldır və "SpaceX" səhmlərinin yenidən bahalaşması Maskın sərvətinin də sürətlə artmasına səbəb ola bilər.
Mask trilyoner statusunu itirsə də, o, hələ də dünyanın ən varlı insanı olaraq qalır. Onun sərvəti ən yaxın rəqibi olan "Google" şirkətinin həmtəsisçisi Larri Peycin kapitalını əhəmiyyətli dərəcədə üstələyir.
Aydın
Şərhlər