Xəbər lenti

Şimali Koreya idarəolunan silah istehsalını demək olar ki, üç dəfə artıracaq
Dünya 16:03 04.01.2026

Şimali Koreya idarəolunan silah istehsalını demək olar ki, üç dəfə artıracaq

Şimali Koreyanın lideri Kim Çen In taktiki idarəolunan silahların istehsalını demək olar ki, üç dəfə artırmağı tapşırıb. Bu barədə o, sursat istehsal edən iri müəssisələrdən birinə baxış zamanı tapşırıq verib. 

Qaynarinfo xəbər verir ki, məlumatı Şimali Koreyanın rəsmi xəbər agentliyi olan KCNA yayıb.

Bildirilir ki, Kim Çen In müəssisənin modernləşdirilmiş istehsal xətlərini yoxlayıb. Zavodun adı və yerləşdiyi yer açıqlanmır. Səfər zamanı o, müdafiə sənayesində yenilənmə templərini tənqid edib və istehsalın planlaşdırılması ilə təşkilində təcili dəyişikliklər tələb edib.

"Hərbi sənayemiz mövcud vəziyyətə uyğun olmaq üçün istehsalı və texniki modernləşməni ciddi şəkildə təşkil etməlidir", deyə Kim Çen In bildirib.

Onun sözlərinə görə, Şimali Koreyanın taktiki idarəolunan silahları "yüksək atəş gücünə” malikdir və hazırda Şimali Koreya ordusunda istifadə olunan reaktiv yaylım atəş sistemlərini tam əvəz etməlidir.

Kim Çen In həmçinin məmurlara hərbi-sənaye kompleksinə daxil olan müəssisələrin tikintisi və modernləşdirilməsi üzrə ümumi planlara artıq bu il yenidən baxmağı tapşırıb və "çevik istehsal sisteminin” yaradılmasının vacibliyini vurğulayıb.

O, ayrıca qeyd edib ki, hərbi hissələrin yeni silah nümunələri ilə yenidən silahlandırılması prosesi cari ilin birinci yarısında başlamalıdır.

"Ordunun ehtiyaclarını ödəmək üçün mövcud istehsal güclərini təxminən 2,5 dəfə genişləndirmək lazımdır", deyə KCNA bildirib.

Qeyd olunur ki, taktiki idarəolunan silahlara raketlər, idarəolunan aviasiya bombaları və müxtəlif tuşlama sistemlərinə malik artilleriya mərmiləri daxildir. Bu silahlar hədəfləri ilk zərbədən yüksək dəqiqliklə məhv etməyə imkan verir.

Aydın

--> -->