Şimali Koreya Ukraynaya qarşı müharibə aparmaq üçün Rusiyaya min konteynerdən çox sursat ötürüb.
Qaynarinfo Ukrinform-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın NATO-dakı səfiri Culian Smit danışıb.
"Bizdə yeni məlumat var ki, KXDR bu yaxınlarda Ukraynaya qarşı müharibədə istifadə etmək üçün Rusiyaya əlavə silahlar tədarük edib. Əldə etdiyimiz məlumata görə, KXDR Rusiya Federasiyasına min konteynerdən çox hərbi texnika və sursat ötürüb”, - deyə səfir bildirib.
Smitin sözlərinə görə, bu məlumatı peykdən çəkilmiş görüntülər təsdiq edir və həmin konteynerlərin KXDR-dən Rusiyaya yük gəmilərində hərəkətini göstərir.
"Biz KXDR-i rusiyalılara, şübhəsiz ki, Ukrayna xalqına, Ukrayna şəhərlərinə hücum etmək, eləcə də Rusiya Federasiyasının növbəti qanunsuz müharibəsində istifadə olunacaq bu cür silahları təhvil verdiyinə görə qətiyyətlə qınayırıq”, - deyə o bildirib.
Birləşmiş Ştatlar hesab edir ki, Şimali Koreya sursat müqabilində Rusiyadan digər hərbi texnologiyalar almaq istəyir. Ola bilsin ki, koreyalıların istək siyahısına döyüş təyyarələri, yer-hava tipli raketlər, zirehli maşınlar və ballistik raketlərin istehsalı üçün avadanlıq daxildir.
Culian Smit əmin edib ki, Birləşmiş Ştatlar vəziyyəti izləməyə və Rusiyaya silah ötürmək cəhdlərini müəyyən etməyə davam edəcək.
Xatırladaq ki, noyabrın 16-da Rusiya ilə KXDR arasında əməkdaşlığın genişləndirilməsinə dair yeni saziş imzalanıb.
Sentyabr ayında Şimali Koreya lideri Kim Çen In Rusiya Federasiyasına səfər edib, Rusiya prezidenti Vladimir Putinlə görüşüb və Rusiyanın Ukraynaya qarşı müharibəsini "müqəddəs mübarizə” adlandırıb.
Nizami Bağırov