İnsanlar ölüm ayağında olanda ən çox xəyallarını gerçəkləşdirə bilmədikləri və dostlarını itirdikləri üçün peşman olduqlarını söyləyirlər. Qaynar.info xəbər verir ki, bu iddiaları təqaüdçü bir tibb bacısı öz kitabında yazıb.
Avstraliyada illərlə evlərində ölümü gözləyən xəstələrlə çalışan Bronni Vare təqaüdə çıxdıqdan sonra kitab yazaraq, insanların son anlarında ən çox nəyə görə peşman olduqları barədə faktları açıqlayıb.
Vare "The Top Five Regrets of the Dying - A Life Transformed by the Dearly Departing" adı verdiyi kitabında qeyd edib ki, insanlar öləcəklərini anladıqda çox önəmli dəyişikliklərdən keçirlər. Belə ki, ölmək üzrə olan insan inkar, qorxu, öfkə, peşmanlıq və sonunda qəbul etmək kimi mərhələləri yaşayır.
Müəllif ölüm ayağındakı insanların ən çox keçirdiyi 5 peşmanlıq hissini müəyyənləşdirib:
1. "Kaş başqalarının məndən gözlədiyi həyatı yaşamaq əvəzinə arzularımı həyata keçirəcək cəsarətim olsaydı".
Varenin fikrincə, insanlar həyatlarının sona çatdığını anladıqları zaman geriyə dönüb baxırlar və arzuladıqları şeylərin bir çoxunu həyata keçirmədiklərini görərək peşman olurlar.
2. "Kaş bu qədər çox çalışmayaydım"
Müəllif yazır ki, kişi xəstələrin böyük bir qismi işləri səbəbindən ailələrinə və dostlarına yetərincə vaxt ayırmadıqları üçün peşman olurlar. Onlar bir şansları olsa, geriyə dönüb uşaqlarının qaçırdıqları anlarını yaşamaq istəyərlər.
3. "Kaş hisslərimi dilə gətirmək cəsarətim olaydı"
Bir çox insanın digərləri ilə münasibətlərini bəlli bir səviyyədə saxlamaq üçün hisslərini gizlətdiyini düşünən Vare bunun insan sağlamlığına çox böyük təsir etdiyini deyir.
4. "Kaş dostlarımla münasibəğlərimi davam etdirəydim"
İnsanların öz həyatlarını daha çox düşünüb dostlarını itirdiklərini ancaq ölüm yatağında anladıqlarını yazan müəllif ölməkdə olanların ən çox köhnə dostlarını arzuladığını qeyd edib.
5. "Kaş özümə daha çox xoşbəxt olmaq üçün icazə versəydim"
Varenin fikrincə, bir çoxları xoşbəxtliyin əslində bir seçim olduğunu ölüm anınadək anlamır. İnsanlar rahat yaşamaq üçün köhnə alışqanlıqlarına bağlı şəkildə yaşayır. Alışqanlıqlarından vaz keçmək istəməyən insanların dəyişmə qorxusu yaşadığını və daha çox xoşbəxt olmaq şanslarını itirdiklərini yazan müəllif ölüm yatağındakı xəstələr "kaş daha çox güləydim" deyir" yazıb.
Qaynar.info