Kolumbiyanın paytaxtı Boqota yaxınlığındakı qədim bir ərazidə tapılan 21 insan skeleti, bölgənin tarixinə dair alimləri belə təəccübləndirən faktları üzə çıxarıb.
Qaynarinfo xəbər verir ki, Cənubi Amerika ölkəsində arxeoloqlar tərəfindən aşkar edilən 6.000 illik skeletlər insanlıq tarixini dəyişdirə bilər.
Paytaxt Boqota yaxınlığında yerləşən Çekua qazıntı sahəsində aşkarlanan sümüklərin, bişmiş gil qabların istifadəsindən əvvəlki Neolit dövründə yaşamış insanlara aid olduğu müəyyən olunub.
Ən diqqətçəkən məqam isə skeletlərdən götürülən DNT nümunələrinin, bu gün həmin bölgədə yaşayan heç bir insan qrupu ilə uyğunluq təşkil etməməsidir.
Başqa sözlə, skeletlərdən götürülən genetik iz, bu şəxslərin Cənubi Amerikaya ilk ayaq basan və bu gün artıq nəslinin tükəndiyi insanlardan ola biləcəyini göstərir. Həmin insan toplumunun çox erkən mərhələdə digər qruplardan ayrıldığı və genlərinin minlərlə il boyunca başqa toplumlarla qarışmadığı ehtimal edilir.
Bu genetik xətt artıq tamamilə itib
"Daily Mail"in təqdim etdiyi araşdırma çərçivəsində, 6.000 ilə 500 il əvvəl Boqota Altiplanosunda yaşamış 21 nəfərin DNT-si analiz olunub. Bu sayədə alimlər təxminən 6.000 illik genetik zaman xətti qurmağa nail olublar.
Sümük və diş nümunələrindən götürülən DNT izləri, Çekuadakı ən qədim insanların bu gün genetik hovuzda tamamilə itmiş unikal ata izinə sahib olduğunu ortaya qoyub.
Bu genetik xəttin başqa topluluklarla qarışmadan tamamilə yoxa çıxması xüsusi diqqət çəkib.
Almaniyadakı "Senkenberq İnsan Təkamülü Mərkəzi"nin doktorantı və araşdırmaçı Kim-Luiz Krettək bildirib: "Bu ərazi Amerikanın materiklərində insanların necə yayılıb çoxaldığını anlamaq üçün əsas əhəmiyyət daşıyır. Çünki bu bölgə Şimali və Cənubi Amerika arasında quru körpüsü olmaqla yanaşı, Mezoamerika, Amazon və Andlar kimi üç əsas mədəniyyət zonasının kəsişmə nöqtəsində yerləşirdi”.
Tam bir əhali dəyişikliyi yaşanıb
Genetik baxımdan Çekua insanları nə Çili və Braziliyada yaşamış qədim qruplarla, nə də Kaliforniyanın Kanal adalarında yaşamış Şimali Amerikalı toplumlarla qohum idilər.
Araşdırma, eyni zamanda Hondurastan başlayaraq Panama vasitəsilə And dağlarının şimalına qədər uzanan mədəni və genetik keçid zonası olan İstmo-Kolumbiya bölgəsinə dair də yeni baxışlar təqdim edir.
Krettək deyir: "Nəticələr göstərir ki, Çekua insanları Cənubi Amerikada çox sürətlə yayılıb fərqlənmiş və daha qədim bir toplumdan törəmişdilər. Ovçu-toplayıcı olan bu insanların nəsillərinə Boqotanın yüksək düzənliklərində rast gəlmədik. Genlər ötürülməmişdi. Deməli, Boqota ətrafında tam bir əhali dəyişikliyi baş verib".
Köç edənlər mədəniyyəti də özü ilə gətirib
Təxminən 2.000 il əvvəl Boqotanın yüksək düzlük bölgəsindəki genetik mənzərə dramatik şəkildə dəyişib.
Çekua sakinlərində rast gəlinən unikal genetik miras tamamilə yoxa çıxaraq, yerini qədim Panama sakinlərinə və bu gün Kosta Rika ilə Panamada yaşayan, Çibçan dil ailəsinə məxsus insanlarla böyük genetik oxşarlıq göstərən yeni bir topluma verib.
Məqalənin müəlliflərindən, Kolumbiya Milli Universitetinin araşdırmaçısı Andrea Casas-Varqas genetik dəlillərə əsasən bildirib ki, Altiplanoda sonradan dominant hala gələn mədəniyyət Mərkəzi Amerikadan gələn köçkünlərlə birlikdə bu bölgəyə yayılıb.
Bu köçkünlərin, Kolumbiya olaraq bilinən əraziyə bişmiş gil qablar kimi texnoloji nailiyyətləri və Çibçan dillərini də gətirdiyi düşünülür. Casas-Varqas qeyd edir: "Bu dil ailəsinin bəzi qolları bu gün də Mərkəzi Amerikada danışılır"
Casas-Varqas həmçinin vurğulayıb ki, Cənubi Amerika şəraitində ilkin toplumların genetik izlərinin tamamilə yoxa çıxması olduqca nadir hadisədir: "İndiyə qədər Andlarda və Cənubi Amerikanın cənub konisində uzun zaman və mədəni dəyişikliklərə qarşı dayanan güclü genetik davamlılıq müşahidə olunmuşdu”.
Müharibə və ya işğal izinə rast gəlinməyib
Mərkəzi Amerikayla əlaqəli bu köç dalğası, Boqotanın yüksək düzlük ərazisində əhalinin zamanla ciddi şəkildə dəyişdiyini göstərir.
Bu köçkünlər çömlekçilik və erkən kənd təsərrüfatı ilə tanınan "Herrera" mədəniyyətini də bölgəyə gətiriblər. Bu köçkünlərin nəsilləri isə sonradan – 16-cı əsrdə ispanların gəlişinədək – bölgəyə hakim olmuş "Muiska" sivilizasiyasının formalaşmasına yardım edib.
Lakin bu dəyişimin müharibə və ya zorakı işğal nəticəsində baş verdiyini göstərən heç bir sübut tapılmayıb.
Əksinə, dəyişimin köç, mədəni asimilasiya və ya qarışıq evliliklər yolu ilə tədricən baş verdiyi düşünülür. Bunun nəticəsində zamanla Çekua insanlarının unikal DNT-si əvvəlcə zəifləyib seyrəlib, sonra isə tamamilə itib.
Heç bir toplumla genetik əlaqələri yoxdur
Alimlər bu insanların genetik mənşəyini müəyyən etmək üçün həm ana xətti DNT-sini, həm də geniş miqyaslı genetik göstəriciləri analiz ediblər. Nəticədə məlum olub ki, Çekua kişiləri Amerika yerliləri arasında yayılmış Y-DNT izindən olan Q1b1a genetik işarə daşıyırdı, lakin ümumi genetik profilləri tamamilə təcrid olunmuşdu və sonrakı heç bir toplumla əlaqə göstərmirdi.
Casas-Varqas bir daha vurğulayıb ki, Altiplanoda sonrakı dövrdə dominant hala gələn mədəniyyət Mərkəzi Amerikadan gələn köçkünlərlə birlikdə yayılmışdı. Bu köçkünlər həm texnoloji irəliləyişləri, həm də Çibçan dillərini Kolumbiyaya gətirmişdi.
Cənubi Amerika üçün nadir bir hal
Casas-Varqas deyib: "Cənubi Amerika şəraitində orijinal toplumların genetik izlərinin tamamilə yox olması olduqca nadirdir. İndiyədək And dağlarında və Cənub Konisində yaşayan insanlarda uzun zaman və mədəni dəyişikliyə rəğmən davamlı bir genetik xətt müşahidə olunmuşdu”.
Kolumbiyanın genetik keçmişi ilk dəfə bu araşdırma ilə təhlilə cəlb edilib. Kolumbiyanın qərbi, Venesuela və Ekvador kimi bölgələrin genetik irsi isə hələ analiz olunmayıb.
Bu ərazilər qitəni formalaşdıran insan axınlarının daha yaxşı anlaşılması üçün yeni ipucları təqdim edə bilər.
Alimlər bu araşdırmaların hələ başlanğıc mərhələsində olduğunu bildirir. Krettək qeyd edib: "Bu bölgələrdən əldə ediləcək qədim DNT nümunələri, insanların Cənubi Amerikaya necə köç etdiyini anlamaq baxımından çox vacib ola bilər”.
Aydın
Şərhlər