
İnternetdə saatlarla oyunlar oynayıb milyonçu olmaq olar?
İnternetdə rəqabəti oyun dünyası bu hobbini qazanc mənbəyinə çevirib. "Dota 2", "League of Legends" (LoL) və ya "CS:G0" internet oyunları istifadəçilərə milyonlarla dollar qazanma şansı verir. Digər bir tərəfdən isə istifadəçilər dünya çempionatlarında pul qazanmaqla bərabər, sponsorluq müqavilələri ilə də pula pul demirlər.
"Evil Geniuses" (EG) internet oyun komandası öz tərkibinə dünyanın müxtəlif yerlərindən 92 oyunçu daxil edib. Komanda bahalı transferlər həyata keçirərək, güclü oyunçuları cəlb edərək, ilyarım ərzində 11 milyon 768 min dollar gəlir əldə edib.
"Qaynarinfo" internetdə oyunlar oynamaqla milyonlar qazananları sizə təqdim edir:
1. Saahil Arora: istifadəçi adı "UNiVeRsE"

UNiVeRsE adı ilə məşhur olan Arora "Evil Geniuses"in üzvlərindən biridir. Amerikalı bu gənc profesional "Dota 2" oyunçusudur. 2017-ci ilin yanvarından bəri keçirilən 64 turnir çərçivəsində 2 milyard 822 milyon 796 min 47 dollar gəlir əldə etməklə ən çox qazanan eSports oyunçularındandır.
2. Peter Dager: istifadəçi adı "ppd"

Amerikalı Peter "ppd" Dager də profesional "Dota 2" oyunçusu və "Evil Geniuses"in hazırda CEO-sudur. Komandanın kapitanı olan Dager 2015-ci ildə keçirilən beynəlxalq turnirdə 6 milyon qazanaraq adını ən çox qazananlar siyahısına daxil edib. "ppd"nin 25 yaşı var. 57 turnirdən əldə etdiyi gəlir 2 milyon 164 min 376 dollardır.
3. Klinton Lumis: istifadəçi adı "Fear"

Klinton 1988-ci ilin 19 fevralında Koliforniyanın Lançestr şəhərində doğulub. "Dota 2" məşqçisi və keçmiş oyunçularından olan "Fear" 2016-cı ildən təqaüdçü olub. "The International 2015"də o da qazananla siyahısında olub və 1 milyon dollar gəlir əldə edib. O, eyni zamanda EG-də "Dota 2" komandasının yaradıcılarındandır. İndiyə qədər 58 turnir keçirib və 2 milyon 383 min dollar qazanıb.
4. Sumail Hasan: istifadəçi adı "SumaiL"

Sumail əslən pakistanlı olan "Dota 2" oyunçusudu. O da EG-nin üzvlərindən biridir. Sumail bu oyunu Pakistanda olarkən oynayıb və kompüteri olmadığı üçün əmioğlusu və dostları ilə birgə motosikleti ilə internet klublara gedib. Bir müddət sonra daha çox oynamaq üçün motosikletini də satır. 2015-ci ildə EG-yə dəvət alır. Komanda "The International 2015"də onun hesabına 6,6 milyon dollar qazanır. Sumailin gəliri isə 1,3 milyon dollar olur. 16 yaşında olarkən 1 milyon dollar qazanan ən azyaşlı oyunçu olub. İndiyə qədər keçirdiyi 36 turnir çərçivəsində 2 milyon 507 min dollar qazanıb.
5. Karlos Rodrigez: istifadəçi adı "Ocelote"

24 yaşlı ispaniyalı Karlos ildə təxminən 950 min dollar qazanır. Profesional bir "League of Legends" oyunçusu olan Karlos İspaniyada qəzetlərin birinə verdiyi açıqlamada gəlirinin əsasən turnirlərdən, maaşdan, sponsorluqdan olduğunu bildirib. Görünüşü və yüksələn performansına görə onu "eSports"un Devid Bekhemi" adlandırırlar.
6. Conatan Vendel: istifadəçi adı "Fatal1ty"

Oyun dünyasında "Fatal1ty" adı ilə tanınan və 1999-cu ildə peşəkar olaraq internet oyun karyerasına başlayan Vendel "Doom 3", "Alien vs. Predator 2" və "Painkiller" kimi oyunlarda uğur qazanıb. 35 turnirdən 455 min dollar gəlir əldə edib. Onun eyni zamanda "Fatal1ty Gaming Gear" adlı şirkəti də var. Vendelin hazırda nə qədər qazandığı məlum deyil.
7. Yae Ho Yanq: istifadəçi adı "Moon"

Cənubi Koreyadan olan "Moon" profesional "Warcraft 3" oyunçusudur. İndiyə qədər turnirlərdən qazandığı gəlirin miqdarı 443 min 618 dollar olub. 2009-cu ildə "WeMadeFox" adlı peşəkar oyun komandası ilə imzaladığı sazişlə 500 min dollar gəlir əldə edib.
8. Li Yun-Yoel: istifadəçi adı "NaDa"

Cənubi Koreyalı Li də profesional internet oyunçusudur. O, bütün zamanların ən məşhur "StarCraft" oyunçularından biridir. 2007-ci ildə "WeMadeFox" ilə 690 min dollarlıq saziş imzalayıb. Bu miqdara turnirdən gələn gəlirlər daxil deyil. Turnir gəlirləri isə 247 min 761 dollardır. Daha sonra "compLexity" komandası ilə müqavilə imzalayan Li 2012-ci ildə bu işi buraxaraq hərbi xidmətə gedib.
9. "NewBee" komandası

Komandanın üzvləri Çen "Hao" Zihao, Zanq "Mu" Panq, Zanq "xiao8" Ninq, Ciao "Muz" Vanq və Zaohuyi "Sansheng" Vanqdır. Komanda 2014-cü ilin iyul ayında 4 yarış çərçivəsində 5 milyon dollar qazanaraq "Dota 2" nominasiyasında "Ginnesin Rekordlar Kitabı"na düşüb. Qazanılan məbləğdən və keçirilən turnir yarışlarından komandanın hər bir üzvü təxminən 1 milyon dollar qazanc əldə edib.
10. Li Cae Donq: istifadəçi adı "Caedonq"

Dünyanın ən çox qazanan oyunçusu adı 2013-cü ilə qədər Conatan Vendelə məxsus idi. O vaxta qədər ki, Li Vendelin əldə etdiyi ümumi gəliri keçərək 489 min 384 dollar qazanana qədər. O, bu ünvanı StarCraft II 2013 Dünya Çempionatında əldə edib.
11. Denil İşutin: istifadəçi adı "Dendi"

"NewBee" komandasından sonra "Dendi" dünyanın ən yaxşı "Dota 2" oyunçusu hesab oluna bilər. 24 yaşlı ukraynalı bu gənc peşəkar oyun karyerasına 2008-ci ildə başlayıb. Hazırda Ukraynanın yerli komandası olan "Natus Vincere"nin tərkibində oynayır. Ümumi gəliri 573 min 147 dollar olan Denil, eyni zamanda "Free to Play" jurnalında 3 nəfərdən biri olma şərəfini də daşıyır.
12. Feliks Kcelberq: istifadəçi adı "PewDiePie"

Peşəkar oyun dünyasından kənarda "PewDiePie" kimi inanlar hobbilərini imperatorluğa çevirməyə nail ola biliblər.
Feliks eyni zamanda "Youtube"da məşhur kanalı da olan 24 yaşlı isveçlidir. Onun kanalının 56 milyon abunəsi var. Bu işə 2010-cu ildən başlayan "PDP"nin hər videosu ən az 6 milyon izlənmə sayı alır. İllik gəliri təxminən 4 milyon dollardır və getdikcə də artır.
13. Katerina Qann: istifadəçi adı "Mystik"

Dünyanın ən məşhur qadın oyunçularından biri olan Qan "Dead or Alive 4" və "Halo: Reach" oyunlarının məşhur oyunçusudur. Sadəcə 3 turnirdən 122 min dollar gəlir əldə edən Qan "SyFy reality WCG Ultimate Gamer" yarışının qalibi olan ilk qadın ünvanının sahibidir. Bu yarışdan isə o, 100 min dollar qazanıb.
14. Saşa Hastin: istifadəçi adı "Scarlett"

Kanadalı olan Saşa Hastin ölkəsinin dünya səviyyəli tanınmış oyunçularından biridir. "The A.V Club" qəzetinin yazdığı məqaləyə görə koreyalı oyunçular xaricində dünyanın ən yaxşı "Starcraft" üzrə oyunçuları sırasındadır. 21 yaşlı transseksual qadın indiyə qədər ümumilikdə 105 min 929 dollar qazanıb.
15. Kseniya Klyuenkova: istifadəçi adı "Vilqa"

Qadın eSports komandası olan "Dynasty Gaming"in üzvlərindən biridir. O, GS:GO oyununun ən yaxşı oyunçularındandır və karyerasına 2012-ci ildə başlayıb. "Vilqa"nın illik gəliri təxminən 100-150 min dollardır.
Çingiz Səfərli
Qaynarinfo.Az