Xəbər lenti

İran ABŞ-la danışıqlara tam razıdır, bəs istədiyi balans nələrdir? (ŞƏRH)
Dünya 18:05 21.11.2025

İran ABŞ-la danışıqlara tam razıdır, bəs istədiyi balans nələrdir? (ŞƏRH)

"İranın xarici işlər naziri Abbas Əraqçinin "balanslaşdırılmış, ədalətli razılaşma" tələbi Tehranın nüvə danışıqlarına dair əsas gözləntilərini və narahatlıqlarını ifadə edir. İran bu ifadə ilə razılaşmanın birtərəfli şəkildə, yalnız ABŞ-ın şərtlərinə uyğun formalaşdırılmasına qarşı olduğunu bildirir".

Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Vüqar Zifəroğlu İranın xarici işlər naziri Abbas Əraqçinin Tehranın nüvə proqramı ilə bağlı ABŞ-la  razılaşmaya hazır olduğu, lakin bunun balanslaşdırılmış əsasda, hər iki tərəfin mövqeyini nəzərə almaqla reallaşması vacibliyini önə çəkən bəyanatını şərh edərkən deyib.

"Tehran hesab edir ki, yeni nüvə razılaşması həm onların təhlükəsizlik və iqtisadi maraqlarını təmin etməli, həm də ABŞ-ın narahatlıqlarına cavab verməlidir”, deyə ekspert bildirib.

Vüqar Zifəroğlu qeyd edir ki, İranın "balanslaşdırma” deyərkən nəzərdə tutduğu bir sıra məqamlar var:

"İlk növbədə bu məqamlar sırasında nüvə zənginləşdirmə hüququnun tanınması məsələsini qeyd etmək lazımdır. İran vurğulayır ki, zənginləşdirmə hüququ onun suverenlik və elmi inkişaf məsələsidir. Tehran yeni razılaşmada uranın zənginləşdirməsini tam dayandırmaq və ya kökündən ləğv etmək kimi şərtləri qəbul etmir. "Balans” dedikdə İran özünün məhdud, lakin davamlı zənginləşdirmə fəaliyyətinin beynəlxalq səviyyədə tanınmasını istəyir”.
 

 
Həmsöhbətimizə görə, burada digər məqamlar sanksiyaların real və mərhələli şəkildə aradan qaldırılması və qarşılıqlı etimadın formalaşdırılması məsələsidir: 

"Tehran üçün ədalətli razılaşmanın əsas şərti sanksiyaların yalnız kağız üzərində deyil, faktiki və ölçülə bilən şəkildə aradan qaldırılmasıdır. İran hesab edir ki, əvvəlki nümunələrdə ABŞ sanksiyaları tam ləğv etməmiş və İrana gözlənilən iqtisadi fayda yaranmamışdı. Bu dəfə Tehran iqtisadi təminatların konkret və geri dönüşü olmayan formatda təmin edilməsini tələb edir. Başqa bir məqam qarşılıqlı etimadın formalaşdırılması və danışıqların paritet əsaslarda aparılması ilə əlaqədardır. İran özü üzərində monitorinq və beynəlxalq nəzarət mexanizmlərini qəbul etməyə hazır olduğunu bildirir. Lakin bunun qarşılığında ABŞ-dan da eyni səviyyədə təmkin və güzəştlər tələb edir. Tehran deyir ki, razılaşma yalnız bir tərəfin addımlarına əsaslana bilməz - öhdəliklər paralel şəkildə həyata keçirilməlidir”. 

Siyasi ekspert deyir ki, Əraqçinin "diktaturaya yox” sözləri ABŞ-ın birtərəfli şərtlərlə masaya gəlməsinə etirazıdır: 

"İran istəyir ki, danışıqlar bərabər tərəflər arasında aparılsın, tərəflərin hər biri masada öz maraqlarını qorumaq imkanına malik olsun. İran tərəfi bununla həm siyasi, həm də psixoloji balansı təmin etməyə cəhd göstərir”.

Vüqar Zifəroğlunun fikrincə, Tehran üçün yalnız iqtisadi və texniki şərtlər deyil, həm də təhlükəsizlik mexanizmləri vacibdir:

"İran qorxur ki, razılaşma prosesində yenidən hərbi və ya kəşfiyyat təzyiqləri ilə üzləşə bilər. Ona görə də Əraqçi gələcəkdə ABŞ tərəfindən hərbi eskalasiya riskinin azaldılması ilə bağlı təminatlar istəyir”.

Qeyd edək ki, İranın xarici işlər naziri Abbas Əraqçi Britaniyanın "The Economist" jurnalına müsahibəsində Tehranın nüvə proqramı ilə bağlı ABŞ-la razılaşmaya hazır olduğunu bildirib. Bununla yanaşı, o vurğulayıb ki, razılaşma balanslaşdırılmış və hər iki tərəfin mövqeyini nəzərə almaq əsasında həyata keçməlidir. 

"Biz danışıqlara hazırıq, amma diktaturaya yox. Biz həqiqətən də razılaşmaya açığıq. Amma ədalətli və balanslaşdırılmış, birtərəfli yox. Problem də budur", deyə o bildirib.

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->