"Beynəlxalq vəziyyəti, öz ölkəsi daxilindəki problemləri, geosiyasi durumu nəzərə alaraq, İran hökuməti ola bilsin artıq hicabsızlıqla mübarizədə daha çox maarifləndirici tədbirlərə ümid etməyə başlayıb".
Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Azər Hüseynov İran baş prokurorunun küçədə hicabsız gəzənlərə, hicabı düzgün bağlamayanlara qarşı fiziki güc tətbiq edilməsinin heç bir hüquqi əsasının olmadığı barədə səsləndirdiyi fikirlərini şərh edərkən deyib.
Ekspert bildirib ki, İran 1979-cu ildə İslam Respublikası yaradılan zaman keçirilən referendumda əhalinin böyük əksəriyyəti ölkənin İslam hüququna əsaslanan cümhuriyyət olmasına səs verib:
"Bununla da İran əhalisi ölkənin şəriət qaydalarına əsasən idarə edilməsinə razılıq verib. Sadəcə, bütün ölkələrdə olduğu kimi, burada da dominant qanunvericiliklə uyğun şəkildə yaşamaq istəməyən insanlar da var. Yəni onların mövcudluğu da inkar edilmir. Zaman-zaman İran hicab problemiylə əlaqədar olaraq daha sərt hüquqi tədbirlər görüb. İndi beynəlxalq vəziyyəti, öz ölkəsi daxilindəki problemləri, geosiyasi durumu nəzərə alaraq, İran hökuməti ola bilsin, artıq hicabsızlıqla mübarizədə daha çox maarifləndirici tədbirlərə ümid etməyə başlayıb".
Amma həmsöhbətimizə görə, bütün hallarda bu hicab məsələsinin Avropa tərzində olduğu kimi, rahat buraxılması anlamına gəlməməlidir:
"Onu da vurğulayım ki, İranda hicabla bağlı tədbirlər heç də bəzilərinin anladığı kimi çox da sərt deyil. İranın özünə xas bir örtülmə forması var. Əslində bu format daha çox dini deyil, ənənəyə əsaslanan bağlama formasıdır. İran baş prokurorunun açıqlaması metodoloji olaraq İran dövlətinin məsələyə münasibətdə siyastətini müəyyən qədər dəyişməsi deməkdir. Amma bütün hallarda bu, hicabın ləğv olunmasın anlamına gəlmir".
Qeyd edək ki, İranın Baş prokuroru höccətülislam Məhəmməd Mehdi ölkədə küçədə hicabsız gəzənlərə, yaxud hicabı düzgün bağlamayanlara qarşı fiziki güc tətbiq edilməsinin heç bir hüquqi əsasının olmadığını deyib. Baş prokuror bu barədə Azad Xuzistan əyalətinin Əhvaz şəhərindəki tədbirin açılışı zamanı çıxışında danışıb.
Onun sözlərinə görə, hicabın olmaması və ya düzgün bağlanmaması ilə bağlı bir çox tədbirlər görülüb və görüləcək: "Biz dəfələrlə demişik ki, hüquqi addımların müzakirəsi bu məsələdə xəttin sonudur. Hicabsızlığa qarşı ilk növbədə tədbir görülməlidir. Heç kimin küçədə kiməsə fiziki hücum etmək hüququ yoxdur".
Rüfət Sultan
Şərhlər