Dünya 18:08 21.10.2022

İran hərbçiləri Krımda: PUA-ların istismarına yardım edir - ABŞ-dan iddia

İran qoşunları "Şahed-136" pilotsuz uçuş aparatlarını işlək vəziyyətdə saxlamaq üçün Rusiya tərəfindən ilhaq edilmiş Krımda iştirak edir. 

Qaynarinfo xəbər verir ki, bu barədə AP Ağ Evdəki müxbirinə istinadən yazıb.

Pentaqonun sözçüsü Con Kirbi iddia edir ki, İran yarımadaya "nisbətən az sayda” şəxsi heyət göndərib. Onun sözlərinə görə, İran hərbçiləri təlim və texniki dəstəklə məşğuldur, PUA-ların birbaşa pilotajı rusların üzərinə düşür.

Britaniya hökumətinin məlumatına görə, ABŞ-da terror təşkilatı kimi tanınan İslam İnqilabı Keşikçiləri Korpusunun üzvləri də Rusiya hərbçilərinə yardım etmək üçün göndərilib. Bu barədə Müharibənin Tədqiqi İnstitutu (ISW) məlumat yayıb. 

Bundan əvvəl "The New York Times” ABŞ rəsmilərinə istinadən yazıb ki, İran hərbçiləri cəbhə xəttindən uzaqda yerləşiblər.

Qeyd edək ki, Avropa İttifaqı və Böyük Britaniya Rusiyaya pilotsuz uçuş aparatlarının tədarükünə görə İrana qarşı sanksiyalar tətbiq ediblər. Aİ birbaşa "Shahed Aviation Industries”ə qarşı sanksiyalar tətbiq edib.

Nizami Bağırov