Xəbər lenti

İran prezidenti Pakistana niyə gedir? (ŞƏRH)
Dünya 16:36 16.04.2024

İran prezidenti Pakistana niyə gedir? (ŞƏRH)

"İŞİD, Taliban və bəlucları, yəni, bu üç elementi nəzarətdə saxlamaq həm Tehran, həm də İslamabad üçün vacib həyati məsələdir".
 
Bunu Qaynarinfo-ya açıqlamasında bunu siyasi şərhçi Kənan Rövşənoğlu İran prezidenti İbrahim Rəisinin Pakistana gözlənilən səfərini şərh edərkən deyib.

Ekspert bildirib ki, İran və Pakistan dost ölkələrdir:

"Düzdür, zaman-zaman müəyyən soyuqluq olsa da, əlaqələri həmişə normal olub. İran prezidentinin Pakistana səfər edəcəyi yanvarda məlum idi, dəvət göndərilmişdi. Səfər zamanı ikitərəfli əlaqələr və regional məsələlər, o cümlədən, Qəzza məsələsi  müzakirə olunacaq. Hazırda ikitərəfli əlaqələrdə iki mühüm nöqtə var. Enerji əməkdaşlığı, İran-Pakistan qaz kəməri layihəsinin icrası və təhlükəsizlik. 2013-cu ildə inşasına başlanan, ancaq sonra sanksiyalar səbəbilə dayanan qaz kəməri  layihəsi fevralda yenidən işə salınıb. Burada söhbət İrandan Pakistana, oradan da Çinə qaz ötürülməsindən gedir. Daha əvvəl Hindistana nəzərdə tutulurdu. Həmin layihənin işə salınması üçün işlər sürətlənib".
 


Həmsöhbətimiz qeyd edir ki, ikinci mühüm məsələ təhlükəsizliklə bağlıdır:

"İran və Pakistanın ortaq problemi İŞİD, Taliban və bəluc separatizmidir. Yanvarda baş verən gərginliyin arxasında da bu mövzu dururdu. İndi hər iki ölkə bu istiqamətdə yaxından əməkdaşlıq etmək istəyir. Taliban da əsas narahatlıq mənbəyidir. Ümumiyyətlə, hər üç elementi nəzarətdə saxlamaq həm İran, həm də Pakistan üçün vacib həyati məsələdir".

Qeyd edək ki, İran prezidenti İbrahim Rəisi aprelin 22-də Pakistana səfər edəcək. "Azad İran"ın məlumatına görə, bir günlük səfər zamanı Yaxın Şərqdə baş verən son proseslər, habelə ikitərəfli münasibətlər dartışılacaq. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->