Pilotsuz uçuş aparatlarının ardınca İran Rusiyaya "yer-yer” raketləri verməyə razılaşıb.
Qaynarinfo xəbər verir ki, "The Washington Post” qəzetinin ABŞ və müttəfiq ölkələrin təhlükəsizlik xidmətlərindəki mənbələrinə görə, bu yolla Moskva Ukraynada müharibə zamanı sərf etdiyi sursat itkisini ödəyə
biləcək.
Qəzetin həmsöhbətləri bildiriblər ki, raketlərin tədarükü ilə bağlı razılaşma sentyabrın 18-də, Tehran danışıqlar üçün öz nümayəndələrini Rusiyaya göndərən zaman əldə olunub. Qərb kəşfiyyat rəsmiləri iddia edirlər ki, İran müvafiq olaraq 300 və 700 kilometr məsafədəki hədəfləri vura bilən "Fateh-110” və "Zülfüqar” raketlərinin partiyasını hazırlayır. Məlumatlar təsdiqlənərsə, bu, müharibə başlayandan bəri Rusiyaya bu cür raketlərin ilk tədarükü olacaq.
Avqust ayında nəşrin eyni mənbələri Moskvanın Ukraynada istifadə etməyə başladığı İran "Şahed” və "Mohajer-6” PUA-ların Rusiyaya tədarükü barədə məlumat vermişdi. Son bir neçə həftə ərzində bu dronların qalıqları Ukrayna Silahlı Qüvvələri tərəfindən tapılaraq sənədləşdirilib. "The Washington Post”un həmsöhbətləri qeyd ediblər ki, PUA-ların tədarükü bundan sonra da davam edəcək.
Tehran və Rusiya isə bu silahların tədarük faktını təkzib etməkdə davam edir.
"İran İslam Respublikası Ukraynadakı müharibədə istifadə üçün heç bir silah verməyib və verməyəcək. İnanırıq ki, böhranın hər tərəfini silahlandırmaq müharibəni uzadacaq”, deyə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian bildirib.
İran Yaxın Şərqdə qısa və orta mənzilli raketlərin ən böyük və ən müxtəlif arsenallarından birinə malikdir. Mütəxəssislər "Fateh-110" və "Zülfüqar”ı nisbətən qısa məsafələrdə güclü və kifayət qədər dəqiq hesab edirlər. Bəzi modellər raket operatorlarına hədəfə yaxınlaşdıqda onları istiqamətləndirməyə imkan verən elektro-optik naviqasiya sistemləri ilə təchiz edilib.
Nizami Bağırov