Xəbər lenti

İrana zərbə ehtimalı: Məhdud hava əməliyyatları və böyük risklər (ŞƏRH)
Dünya 12:00 19.02.2026

İrana zərbə ehtimalı: Məhdud hava əməliyyatları və böyük risklər (ŞƏRH)

Bu tip xəbərlər siyasi siqnal xarakteri daşıya və yalnız "məhdudlaşdırılmış güc tətbiqi" kimi təqdim oluna bilər".

Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Azər Hüseynov həftəsonu İrana hərbi zərbələrin vurulması ehtimalını şərh edərkən deyib. 

Ekspert ABŞ-ın İrana qarşı mümkün zərbələri ilə bağlı Qərb mediasında yayılan məlumatlara ehtiyatla yanaşmağı təklif edib: 

"Xüsusilə belə həssas mövzularda ilkin xəbərlər çox zaman ya siyasi mesaj xarakteri daşıyır, ya da hərbi-siyasi təzyiq aləti kimi istifadə olunur. Ona görə də yayılan hər informasiyanı "qaçılmaz əməliyyat" kimi oxumaq düzgün olmaz".

Konfliktoloq qeyd edir ki, ABŞ İrana qarşı genişmiqyaslı quru əməliyyatına başlamağa çox böyük strateji və siyasi səbəblər olmadan getməyəcək: 

"Bu, təkcə hərbi məsələ deyil. Regionun coğrafiyası, İranın müdafiə strukturu, həmçinin qeyri-dövlət aktorları vasitəsilə cavab vermək imkanları vəziyyəti xeyli mürəkkəbləşdirir. Əgər hansısa zərbələr baş versə, ilk mərhələdə onların daha çox hava və ya uzaqmənzilli raket sistemləri vasitəsilə həyata keçirilməsi ehtimalı yüksəkdir. Yəni məsələ dəniz platformalarından və ya hava qüvvələrindən istifadə ilə məhdudlaşa bilər".
 


Müsahibimiz bu fonda quru əməliyyatları ümumiyyətlə istisna edir: 

"Quru əməliyyatları məsələsi tamamilə fərqli mərhələdir. İran kimi ərazi və əhali baxımından böyük bir ölkədə yerüstü əməliyyatlar bölgədə uzunmüddətli qeyri-sabitlik yarada bilər. Bu isə təkcə iki dövlət arasında qarşıdurma demək deyil. Hörmüz boğazı, enerji marşrutları, logistika xətləri, sığorta bazarları və qlobal neft qiymətləri dərhal təsirlənər. Bu kontekstdə Türkiyə, Səudiyyə Ərəbistanı və regionun digər aktorlarının diplomatik səviyyədə gərginliyin artmaması üçün çalışması tam məntiqlidir. Çünki belə bir qarşıdurma onların da təhlükəsizlik arxitekturasını və iqtisadi maraqlarını birbaşa təsirləndirər.

Beləliklə, demək olar ki, hava zərbələri – əgər baş verərsə – daha çox məhdud və mesaj xarakterli ola bilər. Amma quru əməliyyatları regionun mənzərəsini kökündən dəyişə, uzunmüddətli xaos və parçalanma riski yarada bilər. Bu səbəbdən belə bir ssenari həm hərbi, həm siyasi, həm də iqtisadi baxımdan son dərəcə risklidir".

Qeyd edək ki, CNN kanalının yazdığına görə, bu həftə sonu ABŞ İrana zərbə vura bilər. Kanalın məlumatına görə, ABŞ Prezidenti Donald Tramp İrana mümkün hərbi zərbələrin vaxtını müzakirə edib və bu zaman zərbələrin artıq bu həftəsonu baş verə biləcəyi variantı da nəzərdən keçirilib.
İddialara görə, çərşənbə günü yüksək vəzifəli milli təhlükəsizlik rəsmiləri Trampa məlumat veriblər ki, ABŞ hərbi qüvvələri artıq şənbə günü potensial zərbələrə hazırdır.

Tramp da öz növbəsində hadisələrin gedişindən asılı olaraq hərbi hazırlıqların görülə biləcəyini deyərək, İran razılaşmaya qərar verməsə, ABŞ-ın hərbi zərbələr üçün Hind okeanındakı Dieqo Qarsiya bazasından istifadə edə biləcəyini diqqətə çatdırıb. 

Rüfət Sultan
--> -->