"Ədalət Əli” adlı haker qrupu İran xalqını banklardakı pullarını geri çəkməyə çağırıb.
Qaynarinfo xəbər verir ki, İranın dövlət televiziyasını hack edən qrup yaxın vaxtlarda ölkənin bankları ilə bağlı oxşar addım atmaq niyyətində görünür.
Haker qrupunun bu addımı İran İslam inqilabının ildönümünə təsadüf edib. Məlumat üçün deyək ki, İranda İslam inqilabı 11 fevral 1979-cu ildə baş verib.
Haker qrupu yaydığı videomüraciətdə İrandakı teokratik rejimə qarşı mübarizənin davamlı olacağını bəyan etməklə yanaşı, xalqı da etirazalara səsləyib.
İranlı fəallar deyir ki, haker qrupunun bu müraciətindən sonra insanların banklardakı pulunu geri çəkəcəyi gözlənilir. Bu isə İran hakimiyyətinə kifayət qədər ciddi zərbə ola bilər. Fəallar deyir ki, onsuz da hazırda İranda sosial-iqtisadi vəziyyət ağırdır. Banklardakı pullar geri çəkilərsə, bu bank sisteminin çökməsinə səbəb ola bilər. Bu halda isə İranda iqtisadi böhranın dərinləşəcəyi şübhəsizdir.
"Ədalət Əli” haker qrupunun bu addımı hakimiyyətin də narahatlığına səbəb olub. Lakin teokratik rejim bunun qarşısını almaqda aciz görünür.
Seyid