Dünya 16:13 05.12.2022

İrandakı avtoritar rejim daha da sərtləşdirilir, xalq isə aksiyaları dayandırmır (ŞƏRH)

İranda 22 yaşlı Məhsa Əmininin polis bölməsində ölümü ilə bağlı etiraz aksiyaları davam edir. 

Qaynarinfo İrandakı mənbələrə istinadən xəbər verir ki, Rəşt, İsfahan, Bojnourd və Tehran şəhərlərində ticarəçilər tətil edib. Adıçəkilən şəhərlərdə mağazaların əhəmiyyətli hissəsi qapadılb. Bu arada İranın Baş prokuroru Məhəmməd Cəfər Müntəziri bildirib ki, bundan sonra cəmiyyətin davranışlarına hüquq-mühafizə orqanları nəzarət edəcək. Müntəzirinin bu açıqlaması əxlaq polisinin ləğvi kimi qəbul edilib. Məlumat üçün deyək ki, əxlaq polisi ictimai təhlükəsizlik və kəşfiyyat polisinin tərkibində fəaliyyət göstərir. Bəzi əxlaq polisini "Bəsic” qüvvələri əvəz edir. Əxlaq polisinin ləğvi barədə deyilənlər həm də rejimin geri çəkilməsi kimi dəyərləndirlir. 

Almaniyada mühacirətdə olan iranlı hüquqşünas Nağı Mahmudi isə Qaynarinfo-ya deyib ki, 44 il ərzində əxlaq polisi bir neçə dəfə "ləğv edilib”. "Hər dəfə etirazlar olanda əxlaq polisinin ləğvi məsələsi gündəmə gəlir. Hakimiyyət də hər dəfə guya əxlaq polisini ləğv edir. Əslində isə sadəcə ad dəyişir. Əxlaq polisindən də betəri "Bəsic”dir. Onlar da cəmiyyətin davranışlarına nəzarət funksiyasını öz üzərinə götürür. Yəni, əxlaq polisi ləğv edilsə belə, cəmiyyət üzərində nəzarət aradan qalxmış olmur”, - deyə Mahmudi bildirib. 
 


Onun fikrincə, əslində, İran hakimiyyəti aksiyalarıln qarşısını ala bilmədiyini görüb daha radikal addımlar atmağı düşünür. "İrandakı avtoritar rejim daha da sərtləşdirilir. Çünki xalq aksiyaları dayandırmır. Hər gün ölkənin müxtəlif şəhərlərində müxtəlif təbəqədən olan insanlar aksiya keçirir. Mağazalar bağlanıb, ticarətçilər tətil edir, tələbələr dərsləri boykot edir, incəsənət adamları müxtəlif formalarda etirazlarını bildirir. Hakimiyyət görür ki, bu dəfə xalq daha əzmlə dirəniş göstərir və geri çəkilmək niyyəti yoxdur. Ona görə də əxlaq polisinin guya ləğv olunması barədə rəy yaradıb, xalqı arxayınlaşdırmaq və birdən hücuma keçərək faəlları ortadan götürməyə çalışır. Dəfələrlə biz bu tip hadisələrin şahidi olmuşuq”,- iranlı hüquqşünas deyib.

Nağı Mahmudi qeyd edib ki, xalq geri çəkilmək niyyətində deyil və tələb rejimin istefası, İranda şəriət üsul-idarəsinin ləğvindən ibarətdir. "Dayaz islahatlarla xalqın tələbi təmin edilə bilməz. Problem təkcə hicab, şəriət deyil axı. Ölkə korrupsiya girdabında boğulur, narkomaniya, cinayətkarlıq, sosial-iqtisadi böhran dözülməz həddədir. Xalq bütün bunlardan bezib. Təsəvvür edin, hökumətin islahatçı qanadını təmsil edən Möhsün Mir Damadi deyib ki, xalq artıq islahat və islahatçılardan da üz döndərib. Axı, xalqı nə qədər aldatmaq olar?!” 

"Orta Doğu” Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan da Qaynarinfo-ya bildirib ki, İranda məsələ yalnız hicabla bağlı deyil:
 


"İranda həllini gözləyən çoxsaylı problemlər var. Həmin problemlərin bir çoxu etiraz aksiyalarında şüar kimi səsləndirilir. Mitinqlərdə hakimiyyət dəyişikliyi də tələb olunur. Hicab məsələsi həm məişət, həm qadın azadlığı, həm də ümumilikdə azadlıq məsələsidir. Ola bilsin ki, perspektivdə bu yöndə qadınlara münasibətdə ciddi təzyiqlər olmayacaq, o da istisna deyil ki, hicab məsələsi sərbəstləşsin. Bu məqam hər halda hicabla bağlı yeni qaydaların müəyyənləşməsi zamanı öz əksini tapacaq. Hələlik İran hakimiyyəti cəmiyyəti bir qədər sakitləşdirmək üçün bu informasiyanı ictimaiyyətin diqqətinə çatdırıb. Amma hadisələr göstərir ki, tək hicab məsələsilə bağlı cəmiyyəti sakitləşdirmək mümkün olmayacaq. Bu gündən başlayaraq İranda üç günlük kütləvi etiraz aksiyaları, tətillərə start verilir. Bu o deməkdir ki, əxlaq polisi ilə bağlı elan edilən xəbər etirazçıları təmin etmir. Hər halda hakimiyyətin müəyyən qədər geri çəkilməsi ciddi məsələdir. 

Bu xəbərin yayılması belə müəyyən mənada aksiyanın uğuru sayıla bilər. Amma reallaşmayana qədər onu tam uğur da saymaq olmaz”. 

Seyid