Ukraynada Rusiya əsgərlərinə kamikadze dronları idarə etməyi öyrədən İrandan olan 10 təlimatçı öldürülüb.
Qaynarinfo xəbər verir ki, bu barədə "The Jerusalem Post” yazır.
Nəşrin məlumatına görə, təlimatçılar son bir həftədə öldürülüb. Rəsmi olaraq həm Moskva, həm də Tehran İran dronlarının Rusiyaya çatdırılmasını inkar edir. Bununla belə, Qərb mediası dronların alınması ilə bağlı xəbərlər yayır. Onların Ukraynaya qarşı müharibədə istifadəsi təkcə Ukrayna və Qərb hakimiyyət orqanlarının bəyanatlarından deyil, həm də açıq məlumatlardan məlumdur.
Xüsusilə, İranın "Şahed-136” kamikadze pilotsuz uçan aparatları, rəngi və adı "Geran-2”yə dəyişdirilib, o cümlədən son həftələrdə Ukraynanın enerji obyektlərinə edilən hücumlarda fəal şəkildə istifadə edilib.
Oktyabrın 12-də Ukrayna Müdafiə Nazirliyindəki mənbələr Rusiyanın ilhaq etdiyi Krım və Xerson vilayətinin ərazisində iranlı təlimatçıların olduğunu bildiriblər. "Mediazona Central Asia” qeyd edir ki, onlar təkcə Rusiya hərbçilərinə PUA-lardan istifadə etməyi öyrətmirlər, həm də Nikolayev və Odessadakı obyektlərə hücumlar zamanı dronların uçuşlarını əlaqələndirirlər.
Nizami Bağırov