Nüvə silahı əldə etməyə can atan İran bunun əvəzində bir-bir özünün tanınmış alimlərini itirir. Bu günlərdə İranın üç nüvə alimi eyni gündə müəmmalı şəkildə həyatını itirib. Nətənz Nüvə Mərkəzində çalışan Kamran Mollapur İzədə, Yəzd nüvə kompleksində işləyən Eyyub İntizari, Kərəcdəki nüvə təsisatında fəaliyyət göstərən Əli İsmayılzadənin ölümü eyni gündə, mayın 30-da baş verib.
İran rəsmiləri Mollapurun ölüm səbəbini Nətənz nüvə mərkəzində baş verən bədbəxt hadisə ilə əlaqələndiriblər. Amma bununla belə, 3 nüvə aliminin eyni gündə sirli ölümü bu hadisələrin təsadüfi olmadığı şübhəsi yaradır.
Sözügedən olayla bağlı Qaynarinfo-ya açıqlama verən təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl eyni gündə 3 iranlı alimin ölümünün əvvəlcədən planlaşdırılmış hadisə olduğu qənaətindədir:
"İran artıq neçə ildir ki, nüvə silahı əldə etməyə cəhd edir. Amma hər dəfə bu cəhdləri ölkənin tanınmış nüvə mütəxəssislərinin aradan götürülməsi, öldürülməsilə sonunclanır. Fakt budur ki, bu günə qədər İranın bir neçə tanınmış alimi öldürülüb. Nüvə məsələsilə bağlı Vyanada danışıqlar yenicə başa çatıb. Amma bu danışıqlar da uğursuz nəticələnib. Məlumatlara görə, Tehran atom bombası istehsal etmək üçün uranın zənginləşdirilməsinə nail olub. Ona görə də bu işin baş tutmasına əngəl olmaq üçün maraqlı qüvvələr İranın nüvə alimlərini aradan götürmək yolunu seçiblər.
Baxmayaraq ki, İran bu cür mütəxəssisləri həssaslıqla qoruyur. Amma görünür, xarici kəşfiyyat daha dəqiq işləyir. Bütün bunlar məhz İranın nüvə silahı əldə etmək üçün dayanmadan apardığı gərəksiz siyasətin nəticəsidir. Tehran bu siyasətlərinin iflasa uğradığını əvvəlcədən bilsə də, yanlış siyasətlərilə öz israrından əl çəkmir. Nəticədə ölkə tanınmış alimlərini, mütəxəssislərini itirir. Bu ölümlərdə təsadüfi heç nə görmürəm. Bu ölüm hadisələri əvvəlcədən hazırlanmış, planlaşdırılmış hadisələrdir. Maraqlı ölkələrin, xüsusən də İsrailin xarici kəşfiyyatının işi ola bilər”.
Rüfət Sultan