Xəbər lenti

“İrəli sürülən çox “xəcalətli ittiham”dır”
Siyasət11:27 26.08.2015

“İrəli sürülən çox “xəcalətli ittiham”dır”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
“Həm Xədicə İsmayıl, həm də müdafiə tərəfi sübut etdi ki, ittiham saxtadır, qərəzlidir, Xədicə İsmayılın jurnalist fəaliyyəti ilə bağlıdır”
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə araşdırmaçı jurnalist Xədicə İsmayılın məhkəmə prosesi davam edib.
Qaynar.info xəbər verir ki, proses başlayarkən Xədicə İsmayıl vəsatət verib. O, məhkəmə istintaqının yenilənməsi tələbini irəli sürüb. 
Müdafiə tərəfinin vəkili Fariz Namazlı bildirib ki, yeni sübutlar varsa, məhkəmə yenidən başlaya bilər. Onun sözlərinə görə, prokuror çıxış edərkən Esmira Cavadovanın və Şahvələd Namazovun ittiham aktında göstərilən ifadələrinə istinad edib: “Halbuki məhkəmə istintaqı zamanı hər iki şəxs öz xidməti müqaviləsini təqdim edib. Ancaq həmin müqavilələr sübut kimi işə əlavə edilməyib. Həmçinin Milli Tele-Radio Şurasının radioların fəaliyyətinin 1 yanvar 2009-cu ildə dayandırılacağına dair çıxarışı işə əlavə edilsə də, yenə də prokuror radionun qeyri-qanuni fəaliyyət göstərdiyini deyib”. 
Araşdırmaçı jurnalist prokurorun Tural Mustafayevlə bağlı fikirlərində də səhvə yol verdiyini deyib: “Mən məhkəmə istintaqı zamanı Tural Mustafayevə “Facebook” yazışmaları ilə bağlı sual verəndə prokuror etiraz etdi. Bildirdi ki, bu mesajlar məhkəmədə tədqiq olunmur. Ancaq özü çıxışı zamanı həmin mesajlara istinad etdi. Ona görə də xahiş edirik ki, məhkəmə istintaqı yenilənsin və həmin mesajlar, yazışmalar tədqiq edilsin, hansının doğru və yalan olduğu ortaya çıxarılsın”.
Dövlət ittihamçısı vəsatətə qarşı çıxıb. Məhkəmə də vəsatəti təmin etməyib.
Sonra vəkil Fariz Namazlı çıxış edib. Ekpress məhkəmə prosesi bitdiyini söyləyən vəkil Xədicə İsmayıla qarşı 5 maddənin irəli sürüldüyünü, ancaq heç bir sübutun olmadığını vurğulayıb: “Tural Mustafayevin şikayəti əsasında iş başlasa da, sonradan daha 4 maddə əlavə edildi. Prokurorun da çıxışından göründüyü kimi, Tural Mustafayevin Xədicə İsmayıldan hansı asılılığı olduğunu istintaq sübut etmədi. Tural Mustafayev “Azadlıq” radiosunda 2013-cü ildə işə başlayıb. Həmin ərəfədə Xədicə İsmayıl radionun büro rəhbəri deyildi. Tural Mustafayevin özü də Xədicə İsmayılın onu işə götürdüyünü deməyib. Araşdırma zamanı məlum olub ki, onun Xədicədən nə maddi, nə vəzifə asılılığı olub. İntihar etməsinə səbəb də psixoloji problemlərilə bağlıdır. Buna görə də Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə irəli sürülən ittihama xitam verilməlidir”.
Fariz Namazlı deyib ki, Xədicə İsmayıla qarşı irəli sürülən ittihamlardan biri də əməkdaşları xidməti müqavilə bağlamağa məcbur edilməsiylə bağlıdır: “Məhkəmə istintaq materiallarında, ümumiyyətlə, heç bir müqavilə yoxdur. Yalnız biz məhkəmə istintaqına Şahvələd Namazovun və Esmira Cavadovanın bağladığı xidmət müqavilələrini təqdim etmişik. Həmin müqavilələr qəbul olunmayıb. Ancaq həmin müqavilələrdən də görünürdü ki, heç birində Xədicə İsmayılın imzası yoxdur. “Fərqli düşüncə” jurnalına görə Şahvələd Namazovun şəxsi hesabına pul köçürülüb. Əsas götürülüb ki, niyə onun şəxsi hesabına pul köçürülüb. Xədicə İsmayıl nə onunla müqavilə bağlayıb, nə də hesabına pul köçürüb. Buna görə niyə Xədicə İsmayıl cavab verməlidir?”
Vəkil daha sonra qeyd edib ki, bütün məhkəmə boyu “Azadlıq” radiosunun Bakı bürosunun və Bakı nümayəndəliyinin fərqini izah etməyə çalışıblar: “Yenə də prokuror çıxışında büronu nümayəndəlik kimi təqdim edir. “Azadlıq” radiosunun nizamnaməsində də göstərilir ki, o, mənfəət əldə edən qurum deyil. O zaman Xədicə İsmayıla qarşı necə qanunsuz sahibkarlıq ittihamı elan oluna bilər?! Xədicə İsmayılın heç bir qəbzdə imzası yoxdur. Aralıq aktı ilə bağlı vəsatət verdikdə, kifayət qədər əsaslandırdıq ki, Vergi Məcəlləsində belə bir ifadə yoxdur. Məhkəməyə dəvət edilən vergi müfəttişləri də etiraf etdilər ki, belə bir ifadə yoxdur. Aralıq aktı inzibati sənəd deyil. Deməli, ona istinad oluna bilməz. Xədicəyə qarşı irəli sürülən Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə vəzifəli şəxslər ittiham oluna bilər. Xədicə İsmayıl isə vəzifəli şəxs olmayıb. Xahiş edirəm, elə hökm çıxarın ki, sonra gülüş doğurmasın. Çünki bu məhkəmə qərarı Avropa Məhkəməsinə gedəcək, orada işlə tanış olanda bizə gülməsinlər. Müdriklərin belə bir fikri var, “Ədalət topaldır, gec-gec gedir. Ancaq ünvanına nə vaxtsa, çatacaq”.
Daha sonra müdafiə tərəfinin başqa bir vəkili Fəxrəddin Mehdiyev çıxış edib. Onun fikrincə, məhkəmə istintaqında ittiham darmadağın olunub: “Həm Xədicə İsmayıl, həm də müdafiə tərəfi sübut etdi ki, ittiham saxtadır, qərəzlidir, Xədicə İsmayılın jurnalist fəaliyyəti ilə bağlıdır. Prokuror iki saat ittiham nitqi söylədi, mən diqqət elədim, heç bir normativ akta istinad etmədi. Halbuki prokuror “danışan qanundur”. Onun hər bir fikri normativ aktla əsaslandırılmalıdır. İrəli sürülən çox “xəcalətli ittiham”dır. Prokuror ssenarisi pis hazırlanmış əfsanə danışdı. Cinayət Prosessual Məcəlləsinin 21 və 138-ci maddələrinə əsasən, təqsiri sübuta yetirmək ittiham tərəfinin vəzifəsidir. İttiham tərəfi nəyi sübut etdi? 125-ci maddə ilə bağlı zərərçəkənin maddi və xidməti asılılığını sübut edə bildimi? Qətiyyən yox. Tural Mustafayevin işlədiyi dövrdə Xədicə İsmayılın heç bir vəzifəsi olmayıb. İttiham versiyası buna əsaslanır ki, Xədicə İsmayıl öz nüfuzundan istifadə edib. Heç olmasa normal nəsə uydursunlar. Azərbaycanda 1500-ə yaxın media orqanı var. Media “Azadlıq” radiosundan və “Meydan” TV-dən ibarət deyil axı?! Tural Mustafayev istədiyi yerdə işləyə bilərdi. Bu ittihamın əsasını Tural Mustafayev təşkil edib. O, 25 noyabr 2014-cü ildə verdiyi ifadəsində Xədicə İsmayıldan asılı olmadığını deyir. Daha sonra öz açıqlamalarında təzyiq altında ifadələr verdiyini, ifadəsindən imtina etdiyini və Zakir Qaralova müraciət ünvanladığını söyləyir. Məhkəmə zamanı ifadə verərkən dedi ki, Xədicəyə böhtan atıb. İntiharı psixi durumu ilə bağlıdır, Xədicə İsmayılla əlaqəsi yoxdur və özünü zərərçəkən hesab etmir. Ancaq sonradan o, məhkəmədə iştirak etmədi və nümayəndəsi gəldi. Nümayəndə prokurorun nümayəndəsi kimi çıxış elədi”. 
F.Meydiyev çıxışında bildirdi ki, CPM-nin 145-ci maddəsinə əsasən sübut olunmadan prokurorun 125-ci maddə üzrə 5 il iş istəməsi, səlahiyyət həddini aşmasıdır: “Xahiş edirəm, məhkəmə bunu nəzərə alsın. İttiham tərəfi düşünür ki, bulanıq suda balıq tutmaq asan olur, ancaq bilmir ki, o suda heç balıq yoxdur. Sadələşdirilmiş vergi ilə əmlakı kim, necə istifadə edib? Bu, abstrak ifadədir. O müqavilələrdə Xədicə İsmayılın imzaları yoxdur. İttiham dəqiq olmalıdır, yozulmamalıdır. Xədicə İsmayıl misalında Cinayət Məcəlləsinin 208-ci maddəyə hansı tərəfdən baxsan, cinayət görünmür. İttiham bunu sübut etməliydi. Burada savadlı hüquqşünaslar var, belə ittiham ortaya çıxararlarmı? Xədicəni akkreditasiyadan keçməməkdə günahlandırırlar. Buna görə nəinki cinayət, heç inzibati məsuliyyət də yoxdur. Mənfəət vergisi sahibkarlardan tutulur. “Azadlıq” radiosu qeyri-kommersiya qurumudur. Xədicə qanunsuz sahibkarlıqda ittiham oluna bilməz”.
Vəkillərin çıxışından sonra prokuror replika hüququndan istifadə edib. O deyib ki, müdafiə tərəfi ittihamın əksini sübut edə bilməyib: “Daha çox ədəbiyyatdan istifadə edib, yaddaşımızı təzələdilər”
. 
Xədicə İsmayıl: 
- Çünki sübut yox idi. 
Prokuror: 
- Nizamnamədən kənar işlərlə məşğul olublar. 
Xədicə İsmayıl: 
- Neyləmişik? Kartof satmışıq? 
Daha sonra müdafiə tərəfi replika hüququndan istifadə edib. F.Mehdiyev deyib ki, məhkəmə cəza orqanı deyil, ədalət orqanıdır: “Prokuror çıxışında istifadə etdiyi elmi fikirlərə ironik yanaşdı. Onun elmə belə neqativ münasibətinə təəssüflənirəm”. 
Xədicə İsmayıl son sözünü hazırlamaq üçün 1 həftə vaxt istəyib. O bildirib ki, vəkilləri ilə görüşməlidir. Prokuror deyib ki, o, çıxış yox, son söz deyir, bu qədər vaxt çoxdur. 
Məhkəmə növbəti prosesi 31 avqustda, saat 14:00-a qədər təxirə salıb.
Qaynar.info