Dünya 15:56 15.11.2023

İrəvan KTMT-ni tərk edərsə, Kreml onu necə cəzalandıra bilər? – Zərdüşt Əlizadənin şərhi

"Moskva Qarabağ məsələsində İrəvanı müdafiə etməməklə, Ermənistanın cəzasını artıq verib”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə Ermənistanın KTMT-dən çıxması fonunda Rusiyanın ona qarşı hansı addımlar ata biləcəyini şərh edərkən deyib.

Politoloq qeyd edib ki, Ermənistan Rusiyadan umduğu hər şeyi artıq itirib:

”İrəvan Rusiyanın müttəfiqi idi, indi isə özünü müttəfiq saymır. Bu isə Moskvanın heç vecinə də deyil. Moskva əsla bundan narahat olmur. Bu da  siyasi rəhbərliyinin siyasəti nəticəsində Ermənistanın əhəmiyyətsiz ölkəyə çevrilməsilə bağlıdır”. 



Z.Əlizadə vurğulayıb ki, İrəvanın KTMT-dən çıxış-çıxmamasının Kreml üçün elə də ciddi əhəmiyyəti yoxdur:

"Ümumiyyətlə, KTMT gücsüz və mənasız təşkilatdır. Məqsədləri də bəlli deyil. KTMT üzvü olan ölkələrə heç kim, o cümlədən NATO hücum etmək fikrində deyil. Əksinə, Rusiya özü Ukraynaya, Gürcüstana hücum edir. Ermənistan bu fonda KTMT-dən çıxmaq qərarına gəlsə belə, Rusiya onu cəzalandırmaq üçün heç nə etməyəcək. Qarabağ məsələsində Ermənistanı müdafiə etməmək özü İrəvan üçün cəza idi. Rusiya bu fonda Paşinyanın ağılsız siyasətinə görə, artıq İrəvanı cəzalandırıb. Moskva Qarabağ məsələsində İrəvanı müdafiə etməməklə Ermənsitanın əsas cəzasını artıq verib. Bununla da Ermənistanın Qarabağ xülyası tam iflasa uğrayıb. Ermənilər Qarabağ xülyası ilə yaşayırdı. Elə bilirdilər ki, Azərbaycanın Qarabağı qaytarmağa gücü olmayacaq. Amma tarixi hadisələr göstərdi ki, Qarabağ Azərbaycanındır və Azərbaycanın da olacaq. Ermənistan üçün bundan böyük cəza ola bilməz”. 

Qeyd edək ki, artıq iki ildir ki, Ermənistan üzvü olduğu KTMT tədbirlərini boykot edir. Paşinyan qurumun Minskdə olacaq tədbirinə də qatılmayacaq. Bu fonda fikirlər səslənir ki, İrəvan  KTMT-ni ümumiyyətlə tərk edə bilər. Bu vəziyyət heç də Rusiyanın ürəyincə deyil. Moskvanın Ermənistanın KTMT-dən çıxmasına göz yumacağını da gözləmək mümkün deyil. 

Rüfət Sultan