Arxeoloqlar Misirin İsgəndəriyyə şəhərində nadir ictimai hamam və mozaika döşəməli Roma villasının qalıqlarını aşkar ediblər.
Qaynarinfo-nun Arkeonews-a istinadən məlumatına görə, tapıntılar qədim şəhərin zamanla necə inkişaf etdiyini və məskunlaşmanı aydın şəkildə göstərir.
Qalıqlar şəhərin cənub-şərq hissəsində, uzun müddətdir yenidən qurulmayan Məhərrəm-Bək rayonunda aparılan qazıntılar zamanı üzə çıxarılıb. Ərazidə Ptolemey, Roma və Bizans dövrlərinə aid artefaktların tapılması tarixi xəritələrin yenidən nəzərdən keçirilməsinə imkan yaradır.
Tədqiqatçılar bildirirlər ki, bu kəşf həmin ərazinin Bizans dövrünə qədər şəhərin tərkib hissəsi olaraq qaldığını təsdiqləyir. Sonrakı tənəzzülün isə İsgəndəriyyənin ümumi inkişafındakı qlobal dəyişikliklərlə bağlı olduğu ehtimal edilir.
Aşkar edilən ictimai hamam dairəvi – "tolos” formasında inşa edilib və Ptolemey dövrünün son mərhələsinə aid edilir. Həmin dövrə aid belə tikililər nadir hallarda yaxşı qorunub saxlanıldığı üçün bu tapıntı xüsusi əhəmiyyət daşıyır. Arxeoloqlar hamamın daha böyük kompleksin bir hissəsi ola biləcəyini ehtimal edərək ətraf sahələrdə araşdırmaları davam etdirirlər.
Hamamdan bir qədər aralıda isə mozaika döşəməli Roma villasının qalıqları aşkar olunub. Villanın döşəməsi müxtəlif texnikalarla – rəngli daş parçaları və xırda kub formalı çınqıllarla bəzədilib. Həmçinin, yaşayış kompleksində su təchizatı sisteminə qoşulmuş kiçik hovuzun mövcudluğu müəyyən edilib. Bu fakt Roma dövründə şəhər elitasının yüksək yaşayış səviyyəsinə malik olduğunu göstərir.
Qazıntılar zamanı sikkələr, yağ lampaları, saxsı qablar və möhürlənmiş amfora parçaları da tapılıb. Bu artefaktlar İsgəndəriyyənin Aralıq dənizinin uzaq bölgələri ilə geniş ticarət əlaqələrinə malik olduğunu sübut edir.
Bundan əlavə, arxeoloqlar mərmər heykəllər də üzə çıxarıblar. Tapıntılar arasında Bakx və Asklepiylə əlaqəli fiqurlar, eləcə də Minerva təsvirli başsız heykəl yer alır.
Hazırda bütün artefaktlar bərpa üçün mütəxəssislərə təqdim olunub. Gələcəkdə ən dəyərli nümunələrin İsgəndəriyyə Yunan-Roma Muzeyində sərgilənməsi planlaşdırılır.
Qeyd edək ki, bundan əvvəl İsveçrədə də arxeoloqlar keçmiş hərbi qala ərazisində təxminən 2000 illik kömürləşmiş Roma çörəyi aşkar etmişdilər.
Günay
Şərhlər