İŞİD-in Belçikadakı hücrəsinin (gizli mərkəz) bu həftənin sonunda xristianların Pasxa bayramı münasibətilə keçirəcəkləri mərasimə hücum etmək planı olub.
Publika.az xəbər verir ki, İngiltərənin “Times” qəzeti hücrə liderinin öldürülməsi ilə bu planın təxirə düşdüyünü yazıb.
“Belçika terrorunu araşdıran rəsmilər İŞİD üzvlərinin bu həftənin sonunda Pasxa mərasiminin keçiriləcəyi mərkəzə avtomatlarla hücum etmək planının olduğunu aşkar ediblər. Etibarlı mənbə deyir ki, planlaşdırılan terror bir müddət öncə Parisdə həyata keçirilən hücum kimi olacaqmış. Lakin təhlükəsizlik orqanlarının keçirdiyi əməliyyat nəticəsində hücrənin lideri Əlcəzair əsilli Mohamed Belkaid öldürülüb və buna görə də plan baş tutmayıb”, - deyə qəzet bildirib.
“Times”ın əldə etdiyi məlumata görə, Mohamed Belkaid Belçikada hava limanında və metroda törədilən terror aktından öncə öldürülüb: “Belkaidin öldürüldüyü əməliyyatdan sağ çıxan Salah Abdeslam isə digər əməliyyatda ələ keçirilib. Abdeslamın sirləri açacağından qorxan İŞİD-in digər hücrəsi təcili hərəkətə keçib və martın 22-də Brüsseldəki terror aktlarını törədib”.
Qeyd edək ki, martın 22-də Brüsseldə ard-arda törədilən terror aktları nəticəsində 31 nəfər ölüb, 250 nəfər yaralanıb.
Qaynar.info