İspaniyanın Baş naziri Pedro Sançes çərşənbə günü birbaşa olaraq Qəzza zolağına humanitar yardımın çatdırılmasını təmin etmək üçün İsrail və HƏMAS qruplaşması arasında hərbi əməliyyatları dayandırmağa və atəşkəsə çağırıb.
Qaynarinfo xəbər verir ki, o, bu barədə "X” sosial şəbəkəsindəki hesabında yazıb.
Sançes qeyd edib ki, İspaniya hökuməti HƏMAS-ın İsrailə hücumunu qətiyyətlə pisləyir və sonuncunun qanuni müdafiə hüququnu dəstəkləyir, eyni zamanda son iki həftə ərzində "minlərlə mülki fələstinlinin” ölümünü də nəzərə alır.
İspaniyanın baş naziri səlahiyyətlərini icra edən Sançes hesab edir ki, "humanitar atəşkəs Fələstin xalqının fövqəladə ehtiyaclarına mütənasib olaraq sistemli, daimi əsasda Qəzzaya humanitar yardımın təcili çatdırılmasına” imkan verəcək.
İspaniyanın bu çağırışı Avropa Birliyi ölkələri arasında İsrail və HƏMAS arasında "humanitar atəşkəs” tələb edib-etməməsi ilə bağlı müzakirələr fonunda səslənib. Bəzi Avropa dövlətləri atəşkəs çağırışının İsrailin yaraqlılarla mübarizə hüququna hücum kimi qiymətləndirilə biləcəyini bildirir.
HƏMAS İsrailə qarşı terror raket hücumlarını davam etdirdiyi üçün Aİ Yaxın Şərqdə atəşkəs rejimini açıq şəkildə dəstəkləmir.
ABŞ və Böyük Britaniya hesab edir ki, Qəzza zolağında tam atəşkəs yalnız HƏMAS yaraqlılarına kömək edəcək.
Nizami Bağırov
İspaniya İsrail və HƏMAS arasında humanitar atəşkəsə çağırdı (VİDEO)