Xəbər lenti

İsrail - Livan müharibəsi böyüyəcək? (ŞƏRH)
Dünya 19:58 01.10.2024

İsrail - Livan müharibəsi böyüyəcək? (ŞƏRH)

"İsrail Livana qarşı başladığı əməliyyatı qısa müddətdə başa çatdıra bilsə, müharibənin miqyası böyüməyəcək".
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Əlimusa İbrahimov İsrailin Livanda başladığı quru əməliyyat fonunda müharibənin miqyasının hansı istiqamət alacağını şərh edərkən deyib.

"İndidən bu barədə proqnoz vermək çətindir. Ona görə ki, bu, bir çox səbəblərdən asılı olacaq. Birinci səbəb Livan və İrana bağlı proksilərin İsrailin hücumuna qarşı müdafiəni necə təşkil edə biləcəklərindən asılıdır. Yəni İsrailə qarşı ciddi müdafiə və əks-hücum olarsa, o cümlədən İran işə qarışarsa, müharibə daha böyük miqyaslı olacaq. Amma İran işə qarışmasa və ona bağlı proksi qüvvələr İsrailə cavab zərbəsi endirməyəcəksə, bu halda uzun müddətli, böyük müharibə olmayacaq", deyə Əlimusa İbrahimov bildirib.


 
Ekspert hesab edir ki, ABŞ və müttəfiqləri regionda müharibənin geniş vüsət almasına imkan verməyəcəklər: 

"Vaşinqton regionda böyük müharibənin əleyhinədir. Lakin hələlik ABŞ-ın xəbərdarlıqlarına Təl-Əviv məhəl qoymur. Əsas gərginlik İranın prosesə qoşulması ilə bağlı olaraq yaranacaq. Bu halda müharibənin arealı böyüyəcək. Belə olan halda ABŞ-ın özü də İrana qarşı hərbi tədbir görməyə məcbur olacaq. Bütün hallarda, İsrail qısa müddətdə Livandakı əməliyyatı başa çatdıra bilsə, müharibənin miqyası böyüməyəcək. Hadisələrin hansı istiqamətdə inkişaf edəcəyi ümumiyyətlə bir neçə gündən sonra məlum olacaq”. 

Qeyd edək ki, İsrail ordusunun Livan əməliyyatı kontekstində Pentaqon rəhbəri Lloyd Ostin ilə İsrailin müdafiə naziri Yoav Qallant arasında təhlükəsizlik məsələləri müzakirə olunub. Pentaqonun sözçüsü general-mayor Pet Rayder bildirib ki, nazirlər təhlükəsizlik sahəsində mövcud inkişafları və İsrailin hərbi əməliyyatlarını müzakirə ediblər. Söhbət zamanı Ostin ABŞ-ın İran, Livanın Hizbullah hərəkatı, HƏMAS, Husilər və İranın dəstəklədiyi digər terror qruplaşmarından gələn təhdidlərə qarşı İsrailin özünümüdafiə hüququna dəstəyini bir daha təsdiqləyib. Hər iki tərəf keçən il oktyabrın 7-də HƏMAS-ın hücumu kimi Hizbullah-ın İsrailin şimalına hücum edə bilməməsini təmin etmək üçün sərhəd boyunca hücum infrastrukturunun məhv edilməsi zərurəti barədə razılığa gəlib. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->