"Düşünürəm ki, İsraillə İran arasında birbaşa müharibə olmayacaq",
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Cümşüd Nuriyev İsrailin Rusiyadakı səfiri Simone Halperin Təl-Əvivin İranla mümkün müharibəyə hazırlaşdığı barədə səsləndirdiyi fikirləri şərh edərkən deyib.
Cümşüd Nuriyev deyib ki, Tehrana İsraillə müharibəyə getmək sərf etmir:
"İran bu məsələlərdə "dəyənək" statusundadır. İkincisi, bütün oyunları pərdə arxasında İran İsraillə razılaşdırır. İran dəfələrlə bəyan edib ki, İsraili vuracaq, yer üzündən siləcək. Amma reallığa gələndə bu günə qədər həmin istiqmətdə hər hansı bir addım atmayıb. Bundan sonra atacağı da inandırıcı deyil. İranda ən güclü dəstə yəhudi lobbisidir. Bu ölkənin qızıl alveri də yəhudilərin əlindədir".
Politoloqun sözlərinə görə, İranın blokadada olduğu bir vaxtda onu dövlət kimi ayaqda saxlayan da məhz yəhudi lobbisidir:
"Belə bir şəraitdə, İranla İsrail arasında müharibənin olacağı barədə səslənən fikirlər yalnız gözə kül üfürmək üçündür. İran bütün tarixi boyu hər zaman erməni kimi ara qarışdırmaqla məşğul olub. Bu gün də həmin statusdadır. Ona görə İsraillə İran arasında birbaşa toqquşmanın olacağını düşünmürəm".
Qeyd edək ki, aprelin 2-də İsrail Suriyadakı İran konsulluğunu atəşə tutub. Nəticədə 11 nəfər ölüb ki, onlardan da ikisi SEPAH generalı olub. Ona cavab olaraq İran tərəfi də İsrailin obyektlərini vuracağını bəyan edib. Hətta İranın keçmiş deputatlardan Cəlal Rəşidi Kuçi İsrailin Bakıdakı səfirliyini vurmağa çağırıb. Belə bir vəziyyətdə Tehranın mümkün cavabını şərh edən İsrailin Rusiyadakı səfiri Simone Halperin bəyan edib ki, Təl-Əviv İranla mümkün müharibəyə hazırlaşır. Səfirin sözlərinə görə, İsrailin tarixi sübut edir ki, buna hazır olmaq lazımdır.
Rüfət Sultan