Xəbər lenti

İstanbul görüşü niyə nəticəsiz qaldı? (ŞƏRH)
Dünya 12:27 03.06.2025

İstanbul görüşü niyə nəticəsiz qaldı? (ŞƏRH)

"Hələ ki, heç bir dəyişiklik əldə olunmayıb və proses Kremlin ssenarisi ilə gedir".

Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Arif Əliyev Ukrayna və Rusiya nümayəndələri arasında İstanbulda baş tutan dünənki görüşü şərh edərkən deyib.
 
Arif Əliyev bildirib ki, dünənki görüşün nəticəsi olaraq ortaya sənəd qoyulub: 

"Bu sənədin özünün mövcudluğunu irəliyə doğru bir addım hesab etmək olar. Ancaq reallıqda hələ ki, heç bir dəyişiklik əldə olunmayıb, nə Amerikanın tələbləri, nə Türkiyənin səyləri, nə də Ukraynanın istəkləri baxımından dəyişiklik yoxdur. Hələlik hər şey Rusiyanın qurduğu ssenari əsasında gedir və Kreml həmin sənədlərdə özünün maksimal tələblərini əks etdirib".

Ekspertin fikrincə, burada Ukrayna üçün müsbət olan onun əvvəlcədən ortaya qoyduğu mövqeyi addım-addım təsdiqləməsidir:

"Yəni təsdiq edir ki, Kreml danışıqlara yalnız formal olaraq yanaşır və öz tələblərindən geri çəkilmir. Rusiyanın geri çəkilməsinə isə yalnız döyüş meydanında dəyişikliklər, Avropa Birliyi və ABŞ-ın mövqelərindəki möhkəmlilik təsir edə bilər".



Həmsöhbətimiz qeyd edir ki, Ukraynanın Rusiyadakı təyyarə aerodromlarına vurduğu son zərbələr Moskvanı düşünməyə məcbur edib:

"Burada söhbət yalnız Rusiyanın hansısa hava qüvvələrinin zəiflədilməsindən getmir, ondan gedir ki, vurulan təyyarələrin bir hissəsi nüvə silahının daşınması üçün nəzərdə tutulan təyyarələrdir. Bu strateji mövqeyə qədər irəliləyən hərbi əməliyyatdır".

Arif Əliyev Ankara tərəfindən səslənən ABŞ, Türkiyə, Ukrayna və Rusiya liderləri arasında dördtərəfli görüş təklifinin də baş tutacağına əmin deyil:

"Müəyyən məlumatlar sızdırılıb ki, bu ayın axırında Rusiyanın özü belə bir dördtərəfli görüşün keçiriləcəyini ehtimal edir. Buna müəyyən hazırlıq görünür. Amma bu istiqamətdə real dəyişikliklər hələ ki, görünmür. İki hal Putini bu addıma sövq edə bilər, onun ölkəsinin strateji qüvvələrinə növbəti belə ciddi zərbələrin vurulması və Ukraynanın Vaşinqtonun təzyiqilə Rusiyanın maksimal şərtlərini qəbul etməsi. Hər halda ikinci ssenari daha az inandırıcıdır. İndiki halda üçtərəfli və yaxud dördtərəfli görüşün baş tutma ehtimalı o qədər də böyük deyil. Tramp özü də belə görüşə ehtiyatla yanaşır".

Qeyd edək ki, iyunun 2-də İstanbulda Ukrayna və Rusiya nümayəndələri arasında növbəti görüş baş tutdu. Görüşdə hər iki tərəf qarşı tərəfə öz tələblərinin əks olunduğu memorandumu təqdim ediblər. Lakin bu memorandumlar qəbuledilməz sayılıb. Yenə də yalnız əsirlərin dəyişdirilməsi məsələsində razılıq əldə olunub. 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->