Sabiq Braziliya prezidenti Luiz İnasio Lula da Silva barədə 12 il həbs qərarı verilib.
Qaynarinfo Reuters-ə istinadən xəbər verir ki, sol cinahın nümayəndəsi olan Silva korrupsiyada ittiham olunur və dünən axşam saatlarında polis ondan təslim olmağı tələb edib. Gecə saatlarında Lula minlərlə tərəfdarı tərəfindən əhatələnib və insanlar qırmızı köynəklər geyinərək İşçi Partitasının qırmızı bayrağını dalğalandırıblar. İzdiham Lulanı həbs etmək istəyən polisə müdaxilə edib və prosesə mane olub.
72 yaşlı Lula da Silva 1964-1985-ci illəri əhatə edən hərbi diktatorluğun sonlanmasına kömək edən ümumilli tətillərə rəhbərlik edib. O, 2003-2011-ci illərdə Braziliya prezidenti vəzifəsini icra edib və hakimiyyəti illərində ölkədə iqtisadi inkişaf, yoxsulluğun azalması müşahidə edilib.
Qeyd edək ki, Luiz İnasio Lula da Silva bu ilin payızında keçiriləcək prezident seçkilərində iştiraka hazırlaşır və seçkinin əsas favoriti hesab edilir.