"Co Baydenin geri çəkilməsi və Demokratlar Partiyasının öz namizədini vitse-prezident Kamala Harrislə əvəzləməsindən sonra hazırda hakimiyyətdə olan qüvvənin noyabr seçkilərində qələbə qazanmaq ehtimalı istər-istəməz yüksəlməyə başlayıb"
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə ABŞ-da noyabrda keçiriləcək prezident seçkisində Co Baydenin yerinə prosesə qoşulan vitse-prezident Kamala Harrisin şanslarını dəyərləndirərkən deyib.
"Harrisin ortaya çıxmasına qədər Bayden təkzibedilməz tərzdə Trampa uduzurdu. İndi isə aparılan sorğularda tərəflərin mövqeləri təxminən eynidir. Bəzi sorğularda Harris, bəzilərində isə Tramp 1 faiz səslə irəlidə olur. Hər halda indi mübarizənin gücləndiyini söyləmək olar. İndi mübarizə bərabər səviyyədə gedir. Trampın Baydenlə mübarizədə əldə etdiyi aşkar üstünlüyü indi gözə dəymir", deyə Zərdüşt Əlizadə bildirib.
Ekspert deyir ki, bütün halda hər şey seçicidən və onlara təsir edən vədlərdən asılıdır:
"2020-ci il seçkiləri göstərdi ki, Amerikan xalqının səsi heç də həlledici deyil. Prosesə səsi sayanların iradəsi də təsir göstərir. Harris dərin zəka sahibi deyil. Amma Amerikan siyasətçilərindən dərin zəka tələb edilmir. Tramp da ciddi fiqur deyil".
Qeyd edək ki, Co Baydenin prezidentlik yarışından vitse-prezident Kamala Harrisin xeyrinə namizədliyini geri götürməsindən sonra keçirilən sorğularda respublikaçıların namizədi Donald Tramp əvvəlki üstünlüyünü itirməyə başlayıb.
ABŞ prezidentliyinə Demorkartlar Partiyasından namizəd olan vitse-prezident Kamala Harris noyabrda keçiriləcək prezident seçkisinin indiki mərhələsində artıq rəqibi üzərində mühüm üstünlük əldə edib.
O, seçimlərində tərəddüd edən ştatlarında, çox təsiredici fərqlə ilk dəfə Donald Trampı qabaqlayıb. Bu, artıq noyabrda keçiriləcək prezident seçkisində qələbə üçün mühüm iddiadır.
"Nyu York Times" qəzetinin son sorğusu üç ştatda - Pensilvaniya, Miçiqan və Viskonsində Harrisin Trampın qarşısında üstünlük qazandığını göstərir. "Siena” kollecinin avqustun 5-dən avqustun 9-dək apardığı araşdırmaya görə, oradakı seçicilərin 50%-i Harrisə səs verməyə hazırdır. Əvvəllər bu ştatlarda Cozef Bayden Trampa uduzurdu. Trampın reytinqi isə iyuldakı sorğu ilə müqayisədə dəyişməyib. Üç ştatda yalnız 46% seçici onu dəstəkləməyə hazırdır.
Rüfət Sultan
Şərhlər