Hüseynbala Səlimov
Çin koronavirus pandemiyası ilə bəşəriyyətin başına elə bir oyun açdı ki, çox az adam onun adını eşitmək istəyir.
Amma biz bir milyarddan çox insanı, böyük ərazini və dövləti dünya xəritəsindən silə bilmərik. Ona görə də ötən həftənin sonlarında yayılan bir xəbər bizi bu ölkə haqqında düşünməyə vadar etdi.
Xəbər də bu idi ki, "Səmaaltı imperiya”da hakim kommunist partiyası özünün 100 ilini qeyd edirdi.
Maraqlısı budur ki, SSRİ-nin süqutundan sonra dünyanın bir çox kommunist partiyaları fəaliyyətlərini dayandırdılar, ya da adlarına, nizamnamə və proqramlarına ciddi dəyişikliklər etdilər. Amma Çin kimi ölkədə kommunist partiyası nəinki bunları etmədi, hətta hakimiyyətdə qalmaqda da davam etdi.
Bir çoxunun fikri budur ki, Çində əslində kommunizmlə çoxdan vidalaşıblar və azad rəqabətə söykənən bazar iqtisadiyatı formalaşdırıblar, bir növ Şimali Koreya ilə Cənubi Koreyanın sintezinə nail olublar (Çin təcrübəsinin məhz bu cəhəti qeyri-demokratik rejimləri ilhamlandırır!). Biz də bunu inkar etmirik. Hətta məsələ bunda da deyil. Çin digər "kartları da qarışdırıb”.
Ən əvvəl onu deyək ki, Pekin M.Veberin tamam nəzəriyyəsini alt-üst edib. Bəli, alman sosioloqu kapitalizmi protestantlıqla bağlayır, Avropa ölkələrində müşahidə olunan iqtisadi sıçrayışı məhz protestant etikası ilə əlaqələndirirdi. Amma Çin, Yaponiya, Koreya, daha sonra Cənub-Şərqi Asiya ölkələri göstərdilər ki, heç də belə deyil.
Bəli, Çin islahatlarının atası qoca Den Syaopin bir gün bəyan etdi ki, pişiyin rənginin nə olmasının əhəmiyyəti yoxdur, əsas odur ki, o, siçanları tutsun. Beləcə, bu ölkədə marksizmlə liberal bazar iqtisadiyyatının sintezinə başladılar, halbuki marksistlər də bundan xəbər tutsaydılar, elə Veber kimi məyus olardılar, çünki Marks və Engels heç güman belə etməzdi ki, onların təlimi uzaq Asiyada tətbiqini tapacaq.
Karl Marks bu rolda hətta daha yaxın olan Rusiyanı da görmürdü, o, belə güman edirdi ki, sosializm inkişaf etmiş Avropa ölkələrində qərar tutacaq.
İndi yüz ildir ki, Çində kommunist partiyası fəaliyyət göstərir və təxminən səksən ildən çoxdur ki, bu partiya dünyanın ən çox sakini olan bir ölkəsində hakimiyyətdədir.
Bunun başqa bir səbəbi də var. Çin istiqlaliyyəti kommunist partiyası və onun lideri Mao ilə bağlıdır. Kommunist partiyasına əlavə dayanıqlıq və sosial-siyasi immunitet verən amillərdən biri də elə budur.
Əlbəttə, Çin avtoritarizminin də ömrü əbədi olmayacaq. İqtisadi azadlıq öz ardınca siyasi azadlıqları da çəkib gətirəcək.
Bunu zəruri edən geosiyasi məqamlar da var. Nə qədər ki, Çin sırf kommunist ölkəsi idi, hamı çalışırdı ki, bu ölkədə iqtisadi islahatlar baş tutsun, hətta bunun üçün ona bu və ya digər dərəcədə dəstək olurdular.
Amma Pekin islahatlar mərhələsini adlayandan sonra qısqanclıq dövrü başladı. Bu müstəvidə ən çox nəzərəçarpan ölkə ABŞ-dır. Prezident Trampın dövründə bu haqda ucadan danışmağa başladılar. Bayden də bu ritorikanı bölüşür, amma ki, qismən.
Yeni ABŞ prezidentinin komandası bəyan etdi ki, ABŞ üçün ən yaxşı yol öz dəyərlərini başqa ölkələrə yaymaqdır.
Bu səbəbdən də güman edirik ki, Vaşinqton Pekini "insan haqları diplomatiyası” ilə neytrallaşdırmağa çalışacaq. O ki qaldı Marksa və onun təliminə, belə nəticə çıxarmaq olur ki, o özünü azad iqtisadiyyata nəzarət edən siyasi modeldə təcəssüm etdirəcək. Düşünürk ki, bu rolda onun təlimi müəyyən zaman kəsiyində effektiv ola bilər, çünki ən qatı opponentləri belə Marksın tənqidini əsaslı və məntiqli sayırdılar. Amma daha ağlabatını budur ki, Çin sadəcə avtoritar ölkədir və burada iqtisadi azadlıqlar hələ ki siyasi yasaqlarla çulğalaşmış şəkildədir. Bu isə onu deməyə əsas verir ki, bir gün bu düyün də açılacaq, Çin həm də siyasi azadlıqlar baxımından dünyanın azad ölkələri sırasında olacaq...