Xəbər lenti

Kazana getmək istəyənlər üçün YAZI (I hissə)
Dünya06:33 07.08.2016

Kazana getmək istəyənlər üçün YAZI (I hissə)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İyulun 28-i 31-i aralığında Rusiya Federasiyasının muxtar respublikalarından olan Tatarıstanda oldum. Daha doğrusu, buranın başkəndi Kazanda. Sizə deyim ki, 4 gün Kazan kimi balaca şəhəri gəzmək üçün kifayət edir. Eynilə bizim qonşuluğumuzdakı Gürcüstanın paytaxtı Tiflis kimi.

Əvvəla onu qeyd edim ki, bu şəhərə getmək çox məsləhətlidir. Əbəs yerə Kazan Moskva və Sankt-Peterburqdan sonra Rusiyanın "III paytaxtı" adını almayıb. 2005-ci ildə 1000 yaşını qeyd etmiş bu şəhər qeyri-rəsmi şəkildə dünya tatarlarının paytaxtı da hesab edilir. Hər halda turistlərin bura çox maraq göstərməsi də bu şəhərə ömründə bir dəfə də olsa gəlməyi zərurətə çevirir deyə düşünürəm.

Bununla bağlı bir faktı qeyd edə bilərəm ki, 2 il əvvəl "TripAdvisor" ən çox turist axını olan şəhərlər arasında Kazanı dünyada 8-ci, Avropada isə 3-cü yerdə göstərib. Nəzərə alaq ki, 2018-ci ildə Rusiyada futbol üzrə dünya çempionatı keçiriləcək. 2017-ci ildəki Konfederasiyalar Kuboku və bundan 1 il sonra möhtəşəm mundialın oyunlarından bəziləri məhz Kazanda baş tutacaq. Bunun üçün şəhərdə 3 il əvvəl 45 min yerlik "Kazan Arena"nın açılışı olub.

Ora getsəniz, nələrə diqqət yetirməlisiniz? 

İlk növbədə tatarların bizim kimi müsəlman və türkdilli olması sizi çaşdırmamalıdır. Çünki ruslar demoqrafik baxımdan Kazanda yerli camaatdan daha çoxluq təşkil edir. Tam təbiidir ki, hava limanında da əsas işlər tatarlara yox, ruslara tapşırılır. Bu üzdən Kazan hava limanında rusların bizimkilərə qarşı quru və soyuq davranışı sizi küsdürməsin. Hava limanında sizin niyə məhz istirahət məkanı kimi Kazanı seçməyiniz, hansı oteldə qalacağınız və qaldığınız müddət ərzində hansı işləri görəcəyinizlə bağlı veriləcək güldürücü suallar da sizi bezdirməsin. Qaldığınız otelin adını dəqiq bilməli və ya sifariş etdiyiniz oteli göstərən sənəd yanınızda olmalıdır. Əks halda məsələ daha da ciddiləşib kiçik bir otaqda sorğu-suala cəlb oluna bilərsiniz. Məsələn, müşahidəmə əsasən deyə bilərəm ki, 1 özbək və 1 Ukrayna ilə bağlılığı olan vətəndaş bu prosedurdan keçməyə məhkum oldular.

Hava limanından çıxdınız, taksiyə çox sayda pul verməyə də lüzum yoxdur. 197 nömrəli avtobus 55 rubla səni hava limanına ən yaxın olan "Prospekt Pobedı" adlı metrostansiyada düşürəcək. Burdan isə şəhərin istənilən nöqtəsinə metro ilə getmək mümkündür. Zatən burda metrostansiyaların da sayı 10-u keçmir. Metro və avtobus nəqliyyatının qiyməti eynidir - 25 rubl. Hər avtobusda əsasən gənc xanımlardan ibarət konduktorlar sənə yaxınlaşıb 25 rublunu alıb əvəzində qəbz uzadır. Bu qəbz avtobusdan düşənədək saxlanılmalıdır ki, ödəniş etdiyini sübut edə biləsən. Kazan sovet dönəmindən qalma tramvay və trolleybuslarını da qoruyub saxlayıb. Yəni bu nəqliyyat növlərindən də istifadə edib nostalgiya yaşamaq mümkündür.

Burda yerli əhalinin əksəri rus dilində danışır. Lakin tatar dilində danışanlara da rast gəlmədim desəm, yalançı olaram. Danışıqlarında mütləq ki bir şeylər başa düşmək mümkündür. Tatarlar öz milli mənsubiyyətini və dilini qorumaq üçün küçələrin adlarını tək rus dilində yox, həm də tatar dilində yazırlar. Bu həmçinin maqazinlərə də aiddir. Yeri gəlmişkən, tatarlarda bizdəki kimi Ə və H hərfləri də var. Ancaq əlifbaları kirilcədir.

Mənim səfər yoldaşım eyni universitetin məzunu olmuş, kolleqam Rauf İsgəndərov idi. Onunla məsləhətləşib Kazanın məşhur Bauman küçəsinə yaxın yerdə özümüzə otel tutmuşduq. Əvvəlcədən onu qeyd edim ki, Kazan bahalı şəhər olmadığı üçün otelləri də münasib qiymətədir. Ancaq otel tutarkən bəzi məqamları "Bukinq"də dəqiqləşdirsəniz, daha yaxşı olar. Qaldığınız oteldə internetin olacağı göstərilsə də, bu olmaya bilər və nəticədə min-bir əziyyətlə, soraqlaşa-soraqlaşa gəlib tapdığınız oteldə xəyal qırıqlığı yaşaya bilərsiniz.

Kazanın Vaxitovski rayonu şəhərin mərkəzi sayılır. Təsadüfi deyil ki, qaldığımız ilk otelin yaxınlığında Tatarıstanın Gənclər və İdman Nazirliyi yerləşirdi. Turistlərin daha çox axın etdiyi Bauman küçəsi də məhz Vaxitovski rayonunda yerləşir. Bauman küçəsinə çıxdıqda bizim "Torqovı" gözümüz önündə canlanır. Burda yerli camaat daha çox qısa şalvar, bric və şortiklərdən yararlanır.

Əhalinin əksərini isə gənclər təşkil edir. Əhalidə rus gözəlliyi ilə türk-tatar istiqanlılığının sintezi hiss olunur. Bauman küçəsində çoxlu sayda kafe-restoranlar fəaliyyət göstərsə də, o qədər də bahalı məkanlar deyil. Hətta bu küçədə bizim pulla 3-4 manata yerli xörəklərdən dadıb yaxşı nahar da etmək olar. Ancaq belə yerlərdə əsgərlikdəki kimi növbəli sistem üzrə "samoslujba"dır. Xörəklər dadlı və ucuz olduğundan, bəzən uzun növbə sırasında durmağa məhkumsan.

Kremli gəzməmiş getməyin!

"Bauman"ın sonu turistlərin ən çox axın etdiyi Kazan Kremlinə gəlib çıxır. Əgər yorulmusunuz və uzun-uzadı Baumanı gəzmək istəmirsinizsə, onda metrodan yararlanıb "Kremlevskaya"da da düşmək olar. Bu metro düz Kremlin aşağı hissəsində yerləşir. Zatən burdan Kazan Kremlinin əsas hissəsi olan Kul Şərif Məscidi (tatarca Kol Şərif - S.T.) insanlara yuxarı hissədən boylanır.

Bu ərazidəsinizsə, mütləq və mütləq şəkildə Kremlin içərisinə daxil olun. Əlavə xərc çəkməkdən narahat olmağa da dəyməz. Çünki giriş pulsuzdur. Yalnız tarixi tikililər haqda ətraflı məlumat almaq istəyənlər bunun üçün əlavə pul ödəməlidir. Şübhəsiz, Kreml YUNESKO-nun dünya irsinə aid obyektlərindən sayılır. 2000-ci ildən etibarən bu qurum bu möhtəşəm tikilini öz himayəsinə götürüb.

Kreml birdən-birə Kreml olmayıb desək, yanılmarıq. Burda ilk tikililərin tarixi X əsrin əvvəllərinə gedib çıxır. Daha sonra XVI əsrədək burda daha bir neçə tikililər ucaldılıb. İlk vaxtlar Kreml “Kerman” (tatarca “Kirmən” – S.T.) adlandırılıb. Monqol-tatarların hücumları zamanı bu ərazilərdə köç salmış tatarların XV-XVI əsrlərdə Kazan xanlığı adlı dövləti olub. Lakin bunadək də bu ərazilər türklərin olub – bulqar türklərinin. Məhz 1445-ci ildə Qızıl Orda xanı Ulu Məhəmməd bulqar Alim bəyi məğlub etdikdən sonra burda Kazan xanlığının əsasını qoyub. Ona görə də burda həm bulqarların dönəmindəki qalalara, həm də xanlıq vaxtındakı özünümüdafiə istehkamlarına rast gəlmək mümkündür.

Yuxarıda qeyd etdiyim Kul Şərif Məscidi də məhz Kazan xanlığının əsasında tikilib. Lakin 1552-ci ildə bu ərazilər Moskva knyazlığının tərkibinə keçərkən İvan Qroznı bu məscidi dağıtdırıb. Yeri gəlmişkən, Kul Şərif həmin vaxt Kazanın ruslardan müdafiəsində iştirak edən tatarların sonuncu imam seyidi olub. SSRİ dağıldıqdan sonra – 1996-cı ildə Kul Şərifin adına 4 minarədən ibarət gördüyünüz bu məscid yenidən tikilib.

Həmçinin tikildikdən sonra məlum olub ki, bu məscid Avropada ən böyüyüdür. Dünyanın 50 ən gözəl məscidləri sırasında ilk yerlərdə qərarlaşan “Kul Şərif” 2005-ci ildən Tatarıstan Respublikasının və Kazanın əsas cümə məscidi hesab olunur.

Məscidin girişində inşasında iştirak etmiş şəxslərin adları yazılıb. Ora gedərkən nəbadə şortiklə yollanasınız. Çünki sizə sanki sünnətdən yeni çıxmış biri kimi paltar geyindirəcəklər. Bu, qızlarda mütləqdir. Baş bağlanmalı, ayaq bürünməlidir. Axı, Allahın evində yarımçılpaq gəzmək olmaz. 

Yol yoldaşım qısa şalvarda olsa da, onu məscidə eləcə buraxdılar. Əvvəl düşündük ki, yəqin sifətimizdən müsəlmanlıq yağır deyə bizə güzəşt olunub. Ancaq sonra gördük ki, bəzi oğlanlar da şortiklə içəri buraxılıb. Yəni bəzən oğlanlara güzəşt olunur. Ancaq istənilən halda, gülməli formada görünmək istəmirsinizsə, məscidə şortiklə yollanmayın!

Məscidin düz ortasında bu tikilinin maketi qoyulub. Turistlərin girərkən ilk marağını da cəlb edən də bu maket olur. Hətta sizə deyim ki, bir ara internetdə bu maketin 10 800 000 rubla satışa çıxarılması ilə bağlı məlumatlar da yer almışdı. Məscidin ən yuxarı hissəsinə 2 tərəfdən olmaqla dairəvi pilləkənlər qalxır.

Kremldə həmçinin Tatarıstan Respublikasının rəsmi iqamətgahı da yerləşir. "Birləşmiş Rusiya" partiyasından olan Tatarıstan Muxtar Respublikasının sayca 2-ci prezidenti Rüstəm Minnixanov məhz bu obyektdə öz qonaqlarını qəbul edir. 

Burdakı kilsələr isə rusların buranı işğalından sonra ucaldılıb. Maraqlı mənzərədir. Eynilə Qüdsdəki kimi, Allahın 2 fərqli evini yan-yana görmək maraqlıdır.

Bura gəlsəniz, Kremlin girişində mütləq bir şey də diqqətinizi çəkəcək. Burda Kazanda doğulmuş və ya Kazan Teatrında işləmiş, bir sözlə Tatarıstanla bağlılığı olan 34 Rusiya xalq artistinin şəkillərini görəcəksiniz. Bunların arasında Leonid Filatov, Vladimir İlyinin adlarını çəkmək kifayət edir. Mütləq onlara baxmadan keçməyin. Baxdıqda SSRİ dönəmində çəkilmiş bəzi filmlər gözləriniz önündə canlanacaq.

(Ardı II hissədə)

Növbəti yazıda: Tatarlar toylarını necə və harda keçirir? Kazanka çayında çimmək qadağan edilsə də, əhali niyə bu qadağaya əməl etmir? Azərbaycanlılar Kazanda nə işlə məşğuldur? "Neftçi"nin oynadığı stadion niyə 2-ci dərəcəli arenaya çevrilib? II Dünya müharibəsində şəhid olmuş Tatarıstan şəhidləri necə əbədiləşdirilib? Böyük Vətən Müharibəsində istifadə olunmuş artilleriyadan fotolar...

Səbuhi TOFİQOĞLU