Smartfonlar, smart televizorlar və avtomobillər söndürülü vəziyyətdə belə gizli dinləmə və nəzarət üçün istifadə oluna bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Con Kiriaku britaniyalı sahibkar Stiven Bartlettin apardığı "The Diary of a CEO” podkastına verdiyi müsahibədə bildirib.
Kiriaku qeyd edib ki, müasir şəxsi cihazlar məxfilik üçün ciddi təhlükə yaradır, çünki kəşfiyyat xidmətləri onları sahiblərinin xəbəri olmadan kompromat vəziyyətinə sala bilirlər. MKİ-də Analitik və Terrorla Mübarizə Mərkəzində əməliyyat əməkdaşı kimi çalışmış Kiriakunun sözlərinə görə, insanların çoxu öz cihazlarını səhvən təhlükəsiz hesab edir.
"Onlar heç də təhlükəsiz deyil", deyə keçmiş kəşfiyyatçı rəqəmsal məxfiliklə bağlı suala cavabında vurğulayıb.
Kiriaku iddia edir ki, şəxsi cihazların sındırılması imkanları təkcə ABŞ xüsusi xidmət orqanlarında – NSA, MKİ və ya FTB-də mövcud deyil. Onun sözlərinə görə, bu cür alətlər Böyük Britaniya, Fransa, Almaniya, Kanada, Avstraliya, Yeni Zelandiya, Rusiya, Çin, İsrail və İranın da ixtiyarındadır.
"Hər kəsin belə imkanları var, ona görə də çox, çox ehtiyatlı olmaq lazımdır”, deyə o bildirib və adi vətəndaşların həm öz dövlətləri, həm də xarici kəşfiyyat orqanları tərəfindən rəqəmsal monitorinq obyektinə çevrilə biləcəyini vurğulayıb.
Kiriakunun ən səs-küylü iddialarından biri məişət elektronikasının necə dinləmə alətinə çevrilə bilməsi ilə bağlı olub. Onun sözlərinə görə, xüsusi xidmət orqanları smart televizorların mikrofonlarını hətta söndürülü halda belə uzaqdan aktivləşdirə bilirlər.
"Televizor otaqda deyilən hər şeyi eşidə və bunu geri ötürə bilər”, deyə keçmiş MKİ zabiti bildirib və əlavə edib ki, bu cür texnologiyalar hələ 1980-ci illərdən mövcuddur.
Onun sözlərinə görə, oxşar risklər smartfonlara da aiddir: cihaz gözləmə rejimində olsa belə, dinamiklər gizli audio nəzarət üçün istifadə oluna bilər.
Kiriaku həmçinin 2017-ci ildə "WikiLeaks” tərəfindən yayımlanan və "Vault 7” ("Saxlama 7”) kimi tanınan CIA-nın məxfi materiallarının sızmasını xatırladıb. Onun sözlərinə görə, bu sənədlər avtomobillərin bort kompüter sistemlərinə uzaqdan müdaxilə də daxil olmaqla sındırma üsullarını ifşa edib.
Keçmiş kəşfiyyatçının iddiasına əsasən, bu texnologiyalar təkcə izləmə üçün deyil, həm də avtomobil qəzalarının səhnələşdirilməsi yolu ilə hədəflərin fiziki aradan götürülməsi üçün istifadə oluna bilər.
Con Kiriaku 2012-ci ildə MKİ-nin "gücləndirilmiş dindirmə” proqramı, o cümlədən boğulmanın imitasiya edilməsi metodu barədə məxfi məlumatları açıqladığı üçün məhkum edildikdən sonra tanınıb. O, bu praktikanı ifşa etdiyinə görə həbs olunan agentliyin yeganə əməkdaşı olub.
Həbs müddətini başa vurduqdan sonra Kiriaku ictimai çıxışlarla fəal şəkildə məşğul olur, xüsusi xidmət orqanlarının fəaliyyətini tənqid edir və onun sözlərinə görə, artıq fantastika çərçivəsindən çoxdan çıxmış müasir rəqəmsal izləmənin miqyasları barədə xəbərdarlıq edir.
Aydın
Şərhlər