Xəbər lenti

Kipr senarisi: ABŞ Qrenlandiyanın bəzi hissələri üzərində suverenlik əldə edə bilər
Dünya 11:16 22.01.2026

Kipr senarisi: ABŞ Qrenlandiyanın bəzi hissələri üzərində suverenlik əldə edə bilər

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp, NATO-nun baş katibi Mark Rütte ilə Qrenlandiyanın gələcəyinə dair çərçivə sazişi əldə etdiyini bəyan edib.

Qaynarinfo "The New York Times”a istinadla xəbər verir ki, Amerika liderinin bu bəyanatı NATO-nun iclasından sonra səslənib. Həmin iclasda rəsmilər Danimarkanın Qrenlandiyadakı kiçik torpaq sahələri üzərində ABŞ-a suverenlik verməsini nəzərdə tutan kompromis variantını müzakirə ediblər. ABŞ orada hərbi bazalar inşa edə biləcək. Bu məlumatı nəşrə müzakirələrin gedişinə bələd olan üç yüksək rütbəli rəsmi bildirib.

Jurnalistlərin mənbələri qeyd ediblər ki, bu ideya Alyansın baş katibi Mark Rütte tərəfindən irəli sürülüb. Həmin görüşdə iştirak edən iki rəsmi bu planı Böyük Britaniyanın Kiprdəki bazaları ilə müqayisə ediblər (həmin bazalar Britaniya ərazisi hesab olunur).

Rəsmilər bu ideyanın Tramp tərəfindən elan edilən planın tərkib hissəsi olub-olmadığını bilmirdilər. Saziş və onun məzmununu şərh etmək xahişinə cavab olaraq NATO bəyan edib ki, "Rusiya və Çinin Qrenlandiyada heç vaxt iqtisadi və ya hərbi dayaq əldə etməməsini təmin etmək məqsədilə Danimarka, Qrenlandiya və ABŞ arasında danışıqlar davam edəcək".

Diqqətçəkən məqam odur ki, çərçivə sazişi barədə xəbər Trampın Davosda "Qrenlandiyanın mülkiyyət hüququnu əldə etməkdən daha az heç nəyə razı olmayacağını" bildirməsindən qısa müddət sonra yayılıb. O, istədiyini almayacağı təqdirdə Avropanı iqtisadiyyat və təhlükəsizlik sahəsində dəhşətli nəticələrlə hədələyib.

Amerika lideri dəfələrlə israr edib ki, Birləşmiş Ştatların milli təhlükəsizlik məqsədləri üçün Qrenlandiyaya ehtiyacı var. O iddia edir ki, yalnız ABŞ Qrenlandiyanı xarici təhdidlərdən qorumaq üçün kifayət qədər güclüdür.

"Bu gün, Trampın ikinci müddətində qlobal gücə və siyasətin formalaşdırılmasına yanaşmasını təcəssüm etdirirdi: Trampın öz irsinin mühüm hissəsi hesab etdiyi məqsədə çatmaq naminə bir vaxtlar yaxın olan müttəfiqləri növbəli şəkildə məcbur etmək və alçaltmaq", – deyə jurnalistlər izah edirlər.

Eyni zamanda, Amerika lideri ABŞ-ın hərbi güc tətbiqinə əl atmayacağına dair əminlik verib. Baxmayaraq ki, yenidən rüsumların tətbiqini xatırladıb.

Danimarka parlamentinin müdafiə məsələləri üzrə komitəsinin sədri Rasmus Yarlov bildirib ki, Trampdan "bundan daha pisini də eşidiblər":

"Şadam ki, o, hərbi güc tətbiqini istisna edir. Mən onun bugünkü bəyanatlarında eskalasiya görmədim. O, Qrenlandiyanı istədiyini israr edir, lakin bu, yenilik deyil. Əlbəttə ki, biz Qrenlandiyanı verməyəcəyimiz barədə israrımızda qalırıq".

Lakin nəşrin qeyd etdiyi kimi, Donald Tramp Davosdakı çıxışında kompromis üçün çox az yer qoyub. Avropadakı bir çox liderlər Qrenlandiyanın mülkiyyətinin Birləşmiş Ştatlara verilməsinə razı ola bilməyəcəklərini deyirlər. Amma onlar həmçinin bildirirlər ki, Amerikanın regiondakı mövcudluğunu genişləndirən demək olar ki, istənilən digər razılaşmanı nəzərdən keçirməyə hazırdırlar.

Tramp isə deyir ki, bu kifayət etməyəcək.

"Onu (Qrenlandiyanı – red.) qorumaq üçün mülkiyyət hüququna malik olmaq lazımdır. Kim, lənətə gəlsin, lisenziya müqaviləsini və ya icarə müqaviləsini qorumaq istəyər?" – deyə ABŞ prezidenti bildirib.

Qeyd edək ki, Tramp Qrenlandiya ilə bağlı ambisiyaları barədə hələ birinci prezidentlik müddətində danışırdı. Lakin 2026-cı ildə bu məsələ əsl diplomatik böhrana çevrilib.

O bəyan edib ki, Qrenlandiya ABŞ-ın bir hissəsi olmalıdır. Amerika lideri Danimarka sövdələşməyə razı olmasa, Avropadan gələn bütün mallara 10% rüsum (iyun ayında 25%-ə qədər artırılmaqla) tətbiq edəcəyi ilə açıq şəkildə hədələyib.

O, adada "Qızıl Qübbə" adlandırdığı genişmiqyaslı raketdən müdafiə sistemi qurmağı planlaşdırır:

"Bu, okeanın ortasında nəhəng bir buz parçasıdır. Amma müharibə başlasa, bir çox raketlər birbaşa bu buz parçasının üzərindən uçacaq. Biz orada "Qızıl Qübbə” tikmək istəyirik, o, təkcə ABŞ-ı deyil, bizə minnətdar olmalı olan Kanadanı da qoruyacaq", – deyə o bildirib.

Alpər
--> -->