Xəbər lenti

KİV: ABŞ və İran ilkin razılaşma imzalamağa yaxındır
Dünya 17:27 06.05.2026

KİV: ABŞ və İran ilkin razılaşma imzalamağa yaxındır

ABŞ və İran hərbi əməliyyatların dayandırılması ilə bağlı ilkin razılaşmanın imzalanmasına yaxındır.

Qaynarinfo xəbər verir ki, bu barədə "Al Arabiya" kanalı Pakistan mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, hazırda tərəflər arasında razılaşdırılmış sənəd layihəsi mövcuddur və onun əksər bəndləri artıq hər iki tərəf tərəfindən qəbul edilib.

Sənəd münaqişənin tam şəkildə dayandırılmasını və Hörmüz boğazının gəmiçilik üçün açılmasını nəzərdə tutur. Bundan əlavə, gələcək danışıqlar raundlarının qrafiki də layihəyə daxil edilib. Razılaşma layihəsində uranın zənginləşdirilməsi və dondurulmuş İran aktivlərinin blokdan çıxarılması ilə bağlı müddəalar da yer alır.

"New York Post" qəzeti isə yazır ki, Donald Tramp ABŞ və İran arasında birbaşa sülh danışıqlarının hazırda müzakirə olunmasını "çox erkən" hesab etdiyini bildirib. Nəşrin məlumatına görə, Tramp iki ölkə arasında münaqişənin dayandırılması ilə bağlı potensial razılaşma barədə xəbərlərə baxmayaraq, sülh danışıqlarının vaxtından əvvəl olduğunu düşünür.

Qeyd edək ki, 6 mayda ABŞ prezidenti Donald Tramp Vaşinqtonun Hörmüz boğazında gəmilərin müşayiətinə yönəlmiş "Azadlıq layihəsi” əməliyyatını dayandırdığını bildirib. Onun sözlərinə görə, bu qərar Pakistan və digər ölkələrin müraciəti əsasında qəbul edilib və məqsəd İranla danışıqların mümkün yekunlaşmasını və razılaşma əldə olunmasını qiymətləndirməkdir.

Bundan sonra "Axios" portalı mənbələrə istinadən tərəflərin razılaşmaya yaxın olduğunu yazıb. Məlumata görə, Vaşinqton İranın 14 bənddən ibarət memorandumun əsas müddəaları ilə bağlı 48 saat ərzində cavabını gözləyir. Sənəddə hərbi əməliyyatların dayandırılması və 30 günlük danışıqlar mərhələsinin başlanması tələb olunur.

Aydın
--> -->