Ukrayna xüsusi xidmət orqanları Qərbin dəstəyi ilə Rusiya gənclərini ölkə ərazisində təxribat və terror aktları həyata keçirmək üçün cəlb edir.
Qaynarinfo xəbər verir ki, bunu FSB direktoru Aleksandr Bortnikov
bildirib.
"Rusiyanın xüsusi hərbi əməliyyatı şəraitində Ukrayna xüsusi xidmət orqanları və onların qərb kuratorları vətəndaşlarımızı, xüsusən də gənc nəsli təxribat-terror və ekstremist fəaliyyətlərə cəlb etmək üçün aqressiv ideoloji və cəlbedici təlqinlərə başlayıblar”, - Bortnikov Milli Terrorla mübarizə komitəsinin (MTMK) iclasında deyib.
Onun sözlərinə görə, 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlayandan bəri FSB gənclər və yeniyetmələr tərəfindən törədilmiş 118 terror cinayətinin qarşısını alıb.
Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Rusiyada terror aktlarının təşkilində Qərb kəşfiyyat xidmətlərinin Kiyevə yardım edəcəyini açıqlamışdı. "Neonasistlər və onların əlaltıları nəinki Federasiyanın yeni subyektlərinin ərazisində fəaliyyət göstərir, digər bölgələrdə də cinayətlər törədirlər. Bu cür təxribat və terror aktlarının hazırlanmasında üçüncü ölkələrin potensialının - Qərbin kəşfiyyat xidmətlərinin iştirak etdiyini düşünmək üçün bütün əsaslar var”, - deyə Putin bildirib.
Rusiyalılar arasında Ukraynadakı müharibəyə etirazın növlərindən biri də hərbi komissarlıqların yandırılması olub. 2022-ci ilin sonuna qədər Rusiyada çağırış məntəqələrinə, dövlət qurumlarına və siyasi partiyalara məxsus binalara 77 hücum olub.
İlk vaxtlar belə hallarla bağlı qəsdən yandırma ilə bağlı cinayət işləri açılıb, səfərbərlikdən sonra isə terror aktı kimi qiymətləndirilməyə başlayıb. Belə ki, məsələn, Tümen vilayətində 15 yaşlı məktəbli fevralın 23-də hərbi komissarlığı yandırmağa cəhd etdiyi üçün terror aktı hazırlamaqda (Cinayət Məcəlləsinin 205-ci maddəsi) ittiham olunub və o, istintaq təcridxanasına göndərilib.
Leninqrad vilayətində hərbi komissarlığın binasını yandırmağa cəhd edən 16 yaşlı yeniyetmə saxlanılıb. Yaroslavlda 19 yaşlı sakin səfərbər olunanlara yardım üçün toplanan məntəqəni yandırmağa cəhd etdiyi üçün terror aktında (CM-nin 205-ci maddəsinin 1-ci hissəsi) ittiham olunub. Kemerovoda 16 yaşlı yeniyetmə dəmiryol vağzalında relay kabinetini yandırdığına görə təxribat törətməkdə ittiham olunub.
İkinci Qərb Dairə Hərbi Məhkəməsi 22 yaşlı çilingəri Moskva vilayətində hərbi komissarlığı yandırmaqda, terror aktı törətməkdə, terror fəaliyyətinə açıq çağırışlarda (maddə Cinayət Məcəlləsinin 205.2) və vandalizmdə (CM-nin 214-cü maddəsi) təqsirli bildiyinə görə 13 il müddətinə azadlıqdan məhrum edib.
Nizami Bağırov