Xəbər lenti

Köçəryan Paşinyanı devirə biləcəkmi? (ŞƏRH)
Dünya 14:22 08.10.2025

Köçəryan Paşinyanı devirə biləcəkmi? (ŞƏRH)

"Köçəryan, Petrosyan, Sarkisyan toparlanaraq güclərini birləşdirsələr belə, Paşinyan hakimiyyətinə ciddi təhlükə yarada bilməyəcəklər".

Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Üzeyir Şəfiyev Ermənistanın keçmiş prezidenti Robert Köçaryanın Rusiya səfərindən qayıtdıqdan sonra baş nazir Nikol Paşinyana qarşı hücumlarını gücləndirməsini şərh edərkən deyib. 
 
Ekspert bildirib ki, Rusiyanın hansısa təzyiq qrupları vasitəsilə Ermənistanda, ümumiyyətlə bütün Cənubi Qafqazda məqsədlərinə nail olması mümkünsüzdür:

"Paşinyan Ermənistanda revanşist və konservatorların təsir gücünü xeyli dərəcədə azaldıb. O, eyni zamanda, beynəlxalq dəstəyə də nail olub".

Ekspert qeyd edib ki, Rusiya postsovet məkanı ölkələrinə təzyiq etməkdə davam edəcək:
 
"Onun bu istiqamətdə postsovet məkanındakı ölkələrə təsir cəhdləri proqnozlaşdırılandır. Bu da Moskvanın velikorus marağından irəli gəlir.  Moskva postsovet ölkələrinə hələ də özünün arxa bağçası kimi baxmaqda davam edir. Rusiya  təsir qrupları yaratmaqla Cənubi Qafqaz ölkələrinin siyasi hakimiyyətlərinə təsir göstərməyə də çalışır".
 


Həmsöhbətimiz xatırladır ki, Ermənistanda ictimai rəy Paşinyanın istəyinə uyğundur:

"Bu ölkədə revanşist və korservatorların əhali arasında çəkisi çox aşağıdır. Onlar nə qədər radikal çıxışlar etsələr də, Paşinyan hakimiyyətinə təsir göstərəcək səviyyədə siyasi gücə malik deyillər. Paşinyan da bu yəqinliyi bildiyindən arxayın şəkildə rəqiblərini debata və küçə yürüşlərinə səsləyir. Rusiya istəsə də belə, Paşinyana əsaslı təsir göstərə biləcək gücdə deyil. Onun hakimiyyəti, ABŞ, Qərb və ölkə daxilində əksəriyyət tərəfindən dəstəklənir. Bu baxımdan da Rusiyanın çabası əbəsdir. Onlar sadəcə olaraq, bu yolla Paşinyanı Avropaya  inteqrasiya yolundan çəkindirmək istəyirlər. Ancaq artıq qatar gedib. Cənubi Qafqaz ölkələri bu gün Qərb və ABŞ-la ikitərəfli və çoxtərəfli formatda sıx əməkdaşlığa malikdirlər".

Konfliktoloq düşünür ki, Paşinyan iradə nümayiş etdirib, davamlı şəkildə mövcud kursu aparmaqla 2026-cı il seçkisini qazanacağı təqdirdə, Cənubi Qafqazda əməkdaşlıq, siyasi dialoq, barış mühitinə nail oluna bilər:

"Paşinyan anlayır ki, Ermənistanın nicatı Türkiyə və Azərbaycanla əməkdaşlıqdan keçir".

Qeyd edək ki, Ermənistanın keçmiş prezidenti Robert Koçaryan Moskvada Putinin yeni Qafqaz canişini Sergey Kiriyenko ilə görüşdən qayıdan kimi Pasinyana qarşı sərt hücuma keçib. Belə ki, Ermənisitan parlamentindəki müxalif qüvvələr Paşinyanı impiçment elan etməyə çalışırlar. 

Koçaryanın lideri olduğu "Ermənistan" parlament fraksiyasının üzvü, Daşnaksütyun Partiyasının ali orqanının nümayəndəsi İşxan Saqataleyan bu mövzudan danışarkən bildirib ki, baş nazirin impiçment prosedurunun uğuru güclü xalq hərəkatından asılıdır: 

"Biz öz imzamızı qoyduq və prosesin siyasi məsuliyyətini daşıyan qüvvələr var. Biz onu dəstəkləyəcəyik, lakin uğur yalnız güclü xalq hərəkatının mövcudluğu ilə mümkündür".

Köçaryanın Moskva səfəri və ondan dərhal sonra onun partiyasından olan deputatların Paşinyana qarşı hücumları onu göstərir ki, həmin qüvvələr hazırkı erməni hökumətini devirməyə hazırlaşırlar. 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->