Hüseynbala Səlimov
İDEOLOGİYA ÖLDÜ! YAŞASIN İDEOLOGİYA!..
Bizim nəsil üçün Azərbaycan dövlətçiliyi bir ideya idi. Bəli, böyük və müqəddəs bir ideya... Ona görə də müstəqillik günündə ağlıma gələn ilk iki söz “ümummilli” və bir də “ideya” sözləri oldu... Bunları birləşdirəndə isə “ümummilli ideya” ifadəsi alınır ki, indi mən bir daha – üstündən az qala on illər keçəndən sonra yenə də bu mövzuya müraciət edirəm...
Ona görə ki, dərinə getsən, Azərbaycanda ideoloji axtarışların və müzakirələrin də kökü milli azadlıq hərəkatının ilk illərinə - 80-ci illərin sonlarına gedib çıxır.
Bu da təbii idi. Bir tərəfdən 70 illik hakim ideologiyanın çökməsi, digər bir tərəfdən də qarşıdan gələn milli çağırışlar, yeni hədəflər bunu zəruri edirdi.
Elə bir dövr idi ki, heç kim bu məsələlərə biganə qalmaq istəmir, ideoloji-aksioloji diskussiyaları maraqla izləyir və hətta bu proseslərə özünün töhfəsini verməyə çalışırdı.
Məsələ kifayət qədər aydın idi və hamı dövrün əsas sualının fərqində idi: kommunizm bitdi, bəs bu ideologiyanın yerində yaranmış boşluğu nə dolduracaq?..
Etiraf edək ki, prosesdə bir azacıq keçmiş təcrübənin də izi vardı. SSRİ ideoloji dövlət idi və onun vaxtında bir az əvvəldə qeyd etdiyimiz kimi, hakim siyasi ideologiya vardı. İnsanlar ideoloji quruluşda və cəmiyyətdə yaşamağa alışmışdılar. Ona görə də yeni ideologiya – bu dəfə milli ideologiya yaratmaq çağırışları çox aktual idi. Elə bu səbəbdən də həmin prosesdə nəzərə çarpan ilk detallardan biri də ona totalitar məntiq baxımından yanaşmaq və problemi totalitar təcrübə əsasında çözmək cəhdi idi. İndi bunlar bəlkə də bir az təəccüblü də görünür. Amma o vaxt bütün bunlar təbii görünürdü, ən azı görə ki, əsas ideoloji “aktor”lar – siyasi partiyalar hələ yenicə yaranırdı, siyasi plüralizm təcrübəsi heç yox idi. Həm də hələ də yaddaşlardan silinməyən keşmiş təcrübə vardı ki, bunu da bir daha qeyd etmək zorundayıq...
İndi o vaxtlardan xeyli müddət, az qala, üç on illik keçib. Heç nə olmasa da, o vaxtki hədəflərin heç də hamısı tamamilə reallaşmasa da, hər halda, müstəqil Azərbaycan dövləti və onun siyasi palitrasında formal da olsa, maket kimi görünsə də, siyasi partiyalar və hətta qismən siyasi plüralizm institutları da mövcuddur. Ona görə də indi ideoloji axtarışlar daha əvvəlki dövrlərdə olduğu kimi aktual və kütləvi deyil. Həm də belə bir detalı da vurğulamaq lazımdır ki, cəmiyyət ideoloji axtarışları partiyaların və ictimai qurumların sərəncamına verdi və özü üçün seçici statusu ilə kifayətlənməli oldu...
MİLLİ İDEOLOGİYADAN KONSTİTUSİYAYA DOĞRU...
Hazırda bir çox məsələlər bir qədər fərqli düşünülür və hamı daha çox ona meyllidir ki, ideologiyalar ölkədə çox olmalıdır ki, insanların seçim imkanı olsun...
Ən əsası isə odur ki, bütün bu müxtəlifliyi və rəngarəngliyi özündə ehtiva edən, dövlətin, cəmiyyətin siyasi-iqtisadi və mənəvi strukturunu müəyyən edən normal bir konstitusiya olsun...
Təsadüfi deyildir ki, ictimai ideoloji axtarışlardan ümummilli Konstitusiyaya qədər uzun yol keçdik. Adamlarda tədricən belə bir fikir yarandı ki, bir qədər əvvəldə qeyd etdiyimiz “milli ideologiya”da əks etdirmək istədiyimiz hədəflər əslində Konstitusiyada da ehtiva oluna bilər. Beləcə, 1988-ci ildən 1995-ci ilə qədər bir yol keçildi, bir vaxt dəbdə olan və az qala hamını cazibəsinə alan ideologizm konstitutionalizmlə əvəz edildi.
Amma konstitutionalizm sahəsində nə qədər irəliyə gedə bildik? Ölkədə siyasi plüralizm institutu nə qədər oturuşdu?
Bütün bunlar ayrıca və çox sanballı yazının mövzusu ola bilər. Sadəcə, bu xüsusda onu qeyd edək ki, Konstitusiya təəssüf ki, öz adı kimi aliləşə bilmədi və adam 21 ildə düz üç dəfə dəyişən Konstitusiyaya baxanda beynindən yalnız bir sual keçir: əcəba, bu, Ali Qanundur, yoxsa partiya nizamnaməsi?...
Üstəlik, daha bir detal var. 80-ci illərdəki kütləvi ideoloji axtarışların bir səbəbi də bu idi ki, bütün millətlərin, etnik toplumların özünəməxsus bir hədəfləri olur.
Sovetlər vaxtı azərbaycanlılar, məsələn, Cənubi Azərbaycan və yaxud da ki, türkçülük - turançılıq (xüsusən də bu məsələ ilə bağlı!) haqqında bir o qədər də sərbəst danışa bilməzdilər. Amma etiraf etmək lazımdır ki, onların hər birinin ürəyində həmin ideyaların rüşeymləri vardı və bütün bunların heç də hamısını Konstitusiyada ehtiva etmək olmur...
Fəqət, bizi burada daha çox başqa səpkili ideoloji suallar məşğul edir: hakim partiyanın və eləcə də digər siyasi partiyaların ideoloji resursları ideoloji palitranı nə qədər əhatə edir, insanlarımız üçün nə qədər seçim imkanları yaradır? Ölkədə ideoloji kasadlıq duyulurmu?..
MARAQLAR KİMİ İDEOLOGİYALAR DA AYRILDI...
Hər şeydən əvvəl bəlkə də hakim partiyanın ideoloji spesifikası haqqında düşünməyə dəyərdi. Bu məsələdə iki dövrü ayırardıq – 2003-cü ilə qədərki və sonrakı dövr.
Birinci mərhələdə vəziyyət bir az mürəkkəb idi – bir çox hallarda (əlbəttə ki, zahirən!) hakim partiyanın və müxalif strukturların ideoloji dünyagörüşü arasında fərq qoymaq olmurdu. Hər ikisi bazar iqtisadiyyatı deyir, hər ikisi demokratiya çağırırdı. Üstəlik, hər ikisi milli suverenlik və müstəqillik tərəfdarı kimi çıxış edirdi.
Təsadüfi deyil ki, o dövrdə müxalifətə marağın azalmasını həm də bununla izah edirdilər – hamı zarafatla deyirdi ki, hakim partiya müxalifətin ideoloji prinsiplərini və dəyərlərini mənimsəyib... Təbii ki, bu, çox çəkmədi – bir müddətdən sonra insanlar şüarlarla gerçəkliyi ayırmağa başladırlar və yenidən müxalifətə maraq yarandı...
Amma ideologiyaların epizodik də olsa, “üst-üstə düşməsi”nin başqa səbəbləri də vardı. Birincisi, o vaxt siyasi maraqlar və hədəflər hələ tamamilə cilalanmamışdı. İkincisi, dövrün siyasi seçim və müəyyənləşmə təşəbbüslərinə zamanın siyasi modası da çox təsir edir və yenicə yaranan siyasi partiyaları fərqləndirməyə elə də imkan vermirdi. Hamı proqramlarının lap əvvəlində bazar iqtisadiyyatı, demokratiya və sekulyarizm yazmağa can atır və bununla da sanki beynəlxalq aləmdən dəstək alacağını zənn edirdi...
Amma sonrakı dövrdə vəziyyət kristallaşmağa və ideoloji müstəvinin sərhədlərinin daha da qabarıq görünməsinə doğru getdi. Məsələn, hazırda hakim partiyanın ideoloji resursları daha dəqiq sərhədlərə malik görünür.
İndi daha asan demək olur ki, hakim partiya nəyi istəyir və yaxud da nəyi istəmir. Demokratiya və insan haqları, avropaçılıq, bazar iqtisadiyyatı hakim partiyanın ideoloqlarının ifasında artıq əvvəlki kimi maraqlı görünmür. Hətta deyərdik ki, onlar bu marağı artırmaq üçün elə bir səy də göstərmirlər, çünki hədəflər və maraqlar o qədər çılpaqlaşıb ki, onların üstünü hansısa şüarlarla örtmək daha mümkün də deyil...
Yazını da bu üzdən yazmalı olduq. Hər şey deyilmiş kimi görünsə də, hesab edirik ki, ölkədə ideoloji “vakansiya” var və bu ideoloji boşluğu digər partiyalar tuta bilər. Bir az da konkret olmaq üçün keçək müxalifət partiyalarına...
BİR AZ QOCALIBLAR, BİR AZ DA GERİDƏ QALIBLAR...
İndi müxalifət partiyalarının çiçəklənmə dövrü deyil, kifayət qədər mürəkkəb vəziyyətdir– bu partiyalar böhrandan qurtula bilmir və bizə elə gəlir ki, böhranın bir ucu da haradasa ideologiya ilə də bağlıdır.
Halbuki müxalifət funksionerləri hesab edirlər ki, bu cür müzakirələr, yəni ideoloji çəkişmələr onsuz da zəif müxalifət partiyalarını bir azca da zəiflədə bilər...
Amma biz belə düşünmürük. Fikirləşirik ki, indiki üzücü siyasi süstlük dövründə müxalifət partiyaları ən azı “siyasi diskussiya klublar”ı kimi dirçələ bilər və heç olmasa, bu yolla cəmiyyətin diqqətini özünə çəkərdi.
Həm də iki əsas siyasi institut – hakim partiya ilə müxalifət partiyaları arasındakı siyasi sərhədlər daha aşkar və konkret görünərdi...
Bu konturlar isə bizə elə gəlir ki, getdikcə daha qabarıq forma alır. Təbii ki, ən birincisi, bu, demokratyaya və demokratikləşmə prosesinə münasibət məsələsdir. İkincisi, ölkənin Avropa institutlarına münasibət məsələsi və Avropaya inteqrasiya siyasətidir. Artıq qeyd etdiyimiz kimi, hakim partiyanın hər iki məsələyə münasibəti öz soyuqluğu və bir az da məhdudluğu ilə getdikcə daha çox qabarıq forma alır...
Burada bir az dəqiqliyə də varmaq olardı. Avropanın nə siyasi, nə iqtisadi, nə də ki, hərbi - təhlükəsizlik institutları Azərbaycanın hakim partiyasını daha elə də cəlb etmir– Assosiasiya sazişini imzalamadıq və ölkə NATO ilə əlaqələrə demək olar ki, “stop!” deyib. Sonuncu xüsusi maraq kəsb edir. İndi Azərbaycan bloklara qoşulmayan dövlətlərin cərgəsində özünü daha rahat hiss edir...
Təbii, sonuncunu prinsipcə, anlamaq olar: belə siyasət hakim partiyaya Rusiya sarıdan daha arxayın olmağa kömək edir...
Daha bir detal da var ki, onu bir az əvvəldə qeyd etmişdik. Konstitusiyalar heç də bütün hədəfləri əhatə edə bilmir. Məsələn, Konstitusiya Cənub problemini, türkçülüyü və yaxud da ki, turançılığı özündə ehtiva edə bilərmi?..
Hələ onu demirəm ki, hakimiyyətdə olmaq da istər-istəməz müəyyən məhdudiyyətlər yaradır və bəzi məsələlərin qarşısına çəpər çəkir. Məsələn, hakimiyyət dairərləri hətta istəsələr də Cənub problemindən danışa bilməzlər...
Bütün bu məsələlərdə müxalifət daha sərbəstdir. Amma fəaliyyət görünmür. Bəlkə də bu, onun nəticəsidir ki, müxalifətin informasiya və təbliğat dəstəyi yoxdur və yaxud da olduqca zəifdir...
Amma bunları özləri də yarada bilərdilər – indi sosial şəbəklərdə elə şeylər edilir ki, bununla müqayisədə hətta televiziyalar belə geridə qalır. Düşünürük ki, müxalifət partiyalarında yaşanan problemlərin bir başqa əsas səbəbi də vardır. 93 - cü ildən son vaxtlara qədər müxalifət demək olar ki, qəzetlərin sayəsində mövcud idi – qəzetlər öldü, ertəsi gün müxalifətin də, necə deyərlər, fatihəsi verildi...
Bəlkə də bu, həm də bir nəsil problemidir ki, bütün ölkələrin, cəmiyyətlərin həyatında yaşanır. Niyə də etiraf etməyək? 80 - ci illərin siyasi nəslində fəaliyyət göstərməyə və nəsə etməyə artıq həvəs qalmayıb...
Həm də savad və dünyagörüşü problemi də var. Bir çox müxalifət adamları təəssüf ki, hələ də 80-ci illərin səviyyəsində qalıblar. Yenə də ümumi və mücərrəd şüarlar baş alıb gedir...
Amma demək olmaz axı bu illər ərzində ölkədə, ümumiyyətlə, heç nə olmayıb! Məcburiyyət üzündən olsa da, hakimiyyət nəsə etməli olub və ən azı iqtisadiyyat sahəsində hansısa addımlar atılıb...
Eləcə də siyasi hüquq və azadlıqlar məsələsində daha konkret olmaq lazımdır. Düzdür, iqtisadiyyatdan fərqli olaraq hakim partiyanın burada problemləri daha çoxdur və bu sahədə son illərdəki tendensiya daha bir istiqamətli görünür. İldən-ilə siyasi azadlıqlar məhdudlaşır, hətta bir –iki il əvvəlki dövrləri yada salıb köks ötürmək lazım gəlir...
Bununla belə düşünürük ki, indi çətinliklərilə bahəm, həm də bir durulaşmaq, aydınlaşmaq dövrüdür. “Kim kimdir?” sualına indi cavab vermək daha asandır, nəinki 15-20 il bundan əvvəl...
Açığı, 80-cı illərin siyasi nəslindən heç nə gözləmirik. Nə vaxtsa, hətta ola bilsin, bu, bir qədər gec olacaq, hər halda gənclik daha fəal şəkildə siyasətə gələcək. Bunun üçünsə əvvəlcə ideoloji seçim olmalıdır. Elə bu səbəbdən də fikirləşirik ki, ölkədə indi mövcud olan “ideoloji vakansiya” da onlar üçündür...