Xəbər lenti

Koronavirus - ajiotajı özündən böyük xəstəlik
Sağlamlıq09:12 05.03.2020

Koronavirus - ajiotajı özündən böyük xəstəlik

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Hazırda dünya gündəminin əsas xəbərinə çevrilən Koronovirus xəstəliyi sosial media və KİV vasitəsilə kütləvi ajiotaja səbəb olmaqdadır.
Virusun yayıldığı gündən bu yana 94 min 344 nəfər bu xəstəliyə yoluxub, onlardan 51 min 317 nəfəri, başqa sözlə 54,4 faizi artıq sağalıb. Bu günə qədər 3 mindən bir qədər çox insan ölüb. Bu isə orta ölüm 3,4 faiz olması deməkdir.
Koronovirusun son 20 ildə qeydə alınan digər kütləvi xəstəliklərdən daha sürətli yayılması və ölüm halları isə dünyada insan sayının artması, böyük şəhərlərdə yaşayan insan sayı ilə əlaqədardır. Məsələn, virusun ilk çıxıb və sürətlə yayıldığı Vuhan və ətraf şəhərlərdə 40 milyona yaxın insan yaşayır.
Hazırda sosial şəbəkə və internet sayəsində xəbərlərin sürətlə yayılması, paralel olaraq kütləvi ajiotaj və panika yaradan şayiələrin də sürətlə yayılmasına və effektiv təsir qoymasına səbəb olur.
Məsələnin daha bir tərəfi isə koronovirusun hətta adi qripdən az ölümə səbəb olmasıdır. Məsələn, Amerika Xəstəliklərin önlənməsi və nəzarət departamentinin rəqəmlərinə görə, qrip xəstəliyi səbəbi ilə 2019-cu il oktyabrın 1-dən 2020-ci il yanvarın 25-dək ABŞ-da 10-25 min nəfər arası insan ölüb. 180-310 min insan xəstəxanada müalicə alıb, ümumi yoluxma say isə 19-26 milyon arasında dəyişir.
Digər tərəfdən, bu virus yeni deyil. Koronavirus 2003-cü ildə SARS (Şiddətli Kəskin Respirator Sindromu), 2012-ci ildə isə MERS (Yaxın Şərq tənəffüs sindromu) şəklində özünü büruzə vermişdi. Koronavirus təhlükəli xəstəlik sayılır, ancaq ən təhlükəli deyil. Ondan daha təhlükəli xəstəliklər var.
Koronavirusa yoluxanlar mütləq ölməsi barədə iddialar da yanlış fikirdir. Hər Koronavirus xəstəsi dünyasını dəyişmir. Bunun faiz göstəricisi zənn edildiyi qədər yüksək deyil. Yoluxanların cəmi 3.4 faizinin ölməsi də bunun sübutudur. Normal qrip xəstəliyindən ölən insanlar Koronavirusdan ölənlərdən 60 dəfə çoxdur. Koronavirusa yoluxanlar əsasən xroniki xəstəliyi səbəbindən immuniteti zəif olanlar və yaşlılardır. Həmin insanlar virusdan qorunmaq üçün daha diqqətli olmalı, immun sistemini gücləndirməlidirlər.
Həmçinin Koronavirusdan qorunmaq mümkün deyil fikirləri də həqiqəti əks etdirmir. Lazımi tədbirlər görülsə, Koronavirusdan qorunmaq mümkündür. Xəstəliyin başlıca yoluxma yolu öskürək və asqırma yolu ilə yayılan tüpürcəklərdir. Bu səbəbdən insanlarla yaxın təmasdan çəkinin. Xəstə insanlarla qucaqlaşmaq, öpüşmək yolverilməzdir. Çünki virus yaxınlıqdakı insanın ağız, burun və göz qişasına keçə bilər.
Əllərin təmiz saxlanılması vacib detallardandır. Əlləri yumaq, sabun və digər dezinfeksiyaedici vasitələrlə təmizlənməlidir. Öskürüb-asqırarkən ağzınızı və burnunuzu quru salfetlə tutun. Daha sonra isə həmin salfeti qapalı zibil qabına atın və əllərinizi yuyun. Soyuqdəymə, qızdırma və öskürmə kimi simptomlar olan insanlarla təmasda olmayın. Bu simptomlardan hər hansı biri sizdə varsa, mütləq həkimə müraciət edin.
Azərbaycanın baş infeksionisti Cəlal İsayev də bildirir ki, adi qrip koronavirusdan daha təhlükəlidir. Baş infeksionist "Report"a açıqlamasında qeyd edib ki, koronavirusla bağlı ölüm halları 3 faizdən yuxarı qalxmır və bu infeksiya elə də təhlükəli deyil:
"Koronavirus adi bir respirator virus infeksiyasının növüdür. Bu, gələcək illərdə, çox güman ki, mövsümi bir xəstəlik kimi gözlədiyimiz xəstəliklərdən biri olacaq. İndiyə qədər 4 növlə meydana gələn koronavirus insanlar arasında xəstəliklər törədib. Mövsümi respirator virus infeksiyalarının, təxminən, 9 faizə qədəri koronavirusun 4 növünün payına düşüb. Təbii ki, bu COVİD-19 da onların sıralarına qoşulacaq. 
Bu, hər hansı bir xroniki xəstəlik və ya immun sistemində çatışmazlıq olan insanlarda təhlükəli ola bilər. Belə olduğu halda isə təkcə koronavirus deyil, bizim bildiyimiz qrip də olsa həmin şəxsin sağlamlığında təhlükə yarada biləcək. Bir məsələni də qeyd edim ki, adi qrip koronavirusdan daha təhlükəlidir. Çünki ABŞ-da ötən il adi qripdən ölənlərin sayı 18 min olub".
C.İsayev qeyd edib ki, bundan əvvəl ölüm riski yüksək olan viruslar da olub:
Koronavirusun bu günədək 4 növünə rast gəlinirdi, bunun da demək olar ki, ölüm faizi qeyd olunmurdu. COVİD 19 da əvvəlki növlərdən bir qədər fərqli formadadır, yəni ölüm vermə ehtimalı artıb. 2012-ci ildə isə koronavirusun yeni bir növü tapılmışdı. O da 2013-2015-ci illərdə yayılmışdı. Ümumilikdə, bu virusdan 1200-dək insan xəstələnmişdi. Buna Yaxın Şərq respirator sindromu deyirdilər. Onda ölüm faizi yüksək idi, 27-40 faiz arası dəyişirdi. Göründüyü kimi, o virus da keçib getdi. Bu gün isə çox nadir hallarda həmin virusla xəstələnmə halları müşahidə olunur. Bundan əlavə onun SARS virusu var idi ki, ona da ilk dəfə 2002-ci ildə rast gəlinmişdi. Ondan da 850-900 nəfər arası xəstələnmə halı olmuşdu və 10 faizə yaxın ölüm hadisəsi baş verdi. Bir sözlə, həmin viruslar ölüm riskinə görə COVİD 19-dan daha yüksək yerdədir".
Bu və digər faktlar göstərir ki, koronavirus ajiotajı sünidir. Süni ajiotaj insanlar arasında qorxu yaradır, bəzi işbazlar isə bundan yararlanmağa çalışır...
Aydın