Xəbər lenti

Kosmosdan görüntü: Çin səhrada günəş panellərindən ibarət
Dünya 15:32 19.06.2026

Kosmosdan görüntü: Çin səhrada günəş panellərindən ibarət "böyük sədd" tikir (FOTO)

Çin hökuməti Daxili Monqolustanda yerləşən Kubuki səhrası boyunca günəş panellərindən ibarət nəhəng enerji zolağı inşa edir. Layihə 402 kilometrdən çox uzunluğa malik olduğu üçün artıq "günəşdən qurulan Böyük Çin Səddi” kimi adlandırılır və kosmosdan belə görünə bilir.

Qaynarinfo xəbər verir ki, "AutoNocion" nəşrinin məlumatına görə, panellər səhranın şimal kənarı boyunca uzanan və plan üzrə 403 km uzunluğa, təxminən 4,83 km enə çatacaq bir sahəni əhatə edir. Layihənin ümumi gücünün 100 giqavat olacağı gözlənilir ki, bu da Pekinin elektrik ehtiyacını ödəmək üçün kifayət sayılır.

NASA tərəfindən yayılan peyk görüntülərinin müqayisəsi göstərir ki, 2017-ci ildə qum təpələri ilə örtülü olan ərazi 2024-cü ilə qədər geniş günəş panelləri şəbəkəsinə çevrilib.

Rəsmi planlara əsasən, layihənin 2030-cu ilə qədər tam başa çatdırılması nəzərdə tutulur. Son hesablamalara görə, indiyədək təxminən 5,4 giqavat gücündə günəş panelləri quraşdırılıb.



Layihənin diqqətçəkən hissələrindən biri 2019-cu ildə istifadəyə verilmiş "Czunma” günəş elektrik stansiyasıdır. 300 meqavat gücə malik bu stansiya panellərin at şəklində düzülməsi ilə yaradılıb və Ginnesin Rekordlar Kitabına dünyanın ən böyük günəş paneli rəsmi kimi daxil edilib. O, ildə təxminən 2 milyard kilovat-saat enerji istehsal edir ki, bu da 300–400 min insanın illik tələbatını qarşılaya bilir.

"Böyük divar”ın ən iri hissələrindən biri Ordos yaxınlığında yerləşən "Üç dərələr – Kubuki” enerji bazasıdır. 2022-ci ildə 11,6 milyard dollarlıq layihənin tikintisinə başlanılıb.

Bununla belə, obyekt tam "yaşıl enerji” layihəsi sayılmır, çünki sistemə sabitlik vermək üçün müəyyən miqdarda kömür enerjisi də istifadə olunur.

Layihə 8 giqavat günəş, 4 giqavat külək və 4 giqavat kömür enerjisini birləşdirən hibrid elektrik stansiyası kimi planlaşdırılıb. Enerjinin əsas hissəsi günəş mənbələrindən təmin edilir, kömür isə günəş və külək istehsalı azaldıqda sistemin sabitliyini qorumaq üçün istifadə olunur.

Hazırda layihənin mərhələli şəkildə genişləndirilməsi davam edir və tam istifadəyə verildikdən sonra hər il təxminən 40 milyard kilovat-saat elektrik enerjisinin Çinin şərq bölgələrinə ötürülməsi planlaşdırılır.

Aydın
--> -->