Kəşfiyyat xidmətləri və onların qeyri-ənənəvi müharibə aparma üsullarına arxalanması əvvəldən Kremlin Ukraynaya qarşı ekspansionist planlarında əsas rol oynadı və bu üsulların zəif tərəfləri xüsusi xidmət orqanlarının uğursuzluğunun birbaşa nəticəsi olan genişmiqyaslı, uzunmüddətli müharibəyə səbəb oldu.
Blitskriqin uğursuzluğu və Ukraynaya işğalla bağlı ilkin planın iflasa uğramasının məhz xüsusi xidmət orqanlarının səhvləri ilə bağlı olması daha əvvəl yazılmışdı. Bununla belə, RUSI-nin qeyri-ənənəvi müharibə aparma üsulları ilə bağlı hesabatı bu uğursuzluğun arxasında duran mexanizmləri ortaya qoyur. Təsir agentlərinin cəlb edilməsinə arxalanan Kreml "informasiya asimmetriyası” tələsinə düşdü. Buna baxmayaraq, kəşfiyyat orqanları müharibə ilə bağlı siyasi böhranın qarşısının alınmasında siyasi rəhbərliyin əsas sütununa çevrilərək öz təsirlərini qoruyub saxlamağa və hətta gücləndirməyə nail oldular.
Qaynarinfo xəbər verir ki, Kral Müdafiə və Təhlükəsizlik Tədqiqatları İnstitutunun (RUSI) analitikləri qeyri-ənənəvi müharibə aparma üsulları haqqında hesabatda Rusiya-Ukrayna münaqişəsinin mənşəyini araşdıraraq belə qənaətə
gəliblər ki, Kiyevi öz təsir orbitində saxlamaq cəhdi ilə Kreml əsasən gizli, xüsusi və gizli psixoloji əməliyyatlar, sabotaj, təxribat və kəşfiyyat fəaliyyətlərinə "stavka” edib.
RUSI-nin təhlili Ukrayna kəşfiyyatı camiəsi daxilində, həm müharibədən əvvəl, həm də müharibə zamanı Ukrayna hərbçiləri və hüquq-mühafizə orqanlarının əməkdaşları ilə aparılmış çoxsaylı müsahibələrə əsaslanır. Hesabatda döyüş meydanında ələ keçirilən və ya birbaşa Rusiya xüsusi xidmət orqanlarından alınan materiallardan da istifadə olunub.
RUSI analitiklərinin nəticələrinə görə, hələ müharibə başlamazdan əvvəl Moskva Ukraynada geniş kəşfiyyat şəbəkəsi yarada bilib. Bu daxili təhlükə Ukrayna dövlətinin siyasi və hərbi imkanlarını xeyli məhdudlaşdırdı, manevr imkanlarını daraltdı və əhalinin münaqişəyə hazırlığına təsir etdi. Üstəlik, Kreml tərəfindən cəlb edilmiş şəbəkənin əksəriyyəti işğaldan sonra da fəaliyyət qabiliyyətli qaldı, kəşfiyyat məlumatlarının axınını təmin etdi və Rusiya rəhbərliyi üçün vasitəçi rolunu oynadı.
Rusiya xüsusi xidmət orqanlarının əsas üstünlük verdiyi üsul - başqa ölkənin ərazisində yüksək rütbəli agentlərin cəlb edilməsidir. Bu agentlər, öz növbəsində, Rusiya təsirini birbaşa bürokratiya və ya hakimiyyət institutları vasitəsilə yaymalıdırlar. Bu təcrübə KQB-nin Birinci baş idarəsinin sovet metodlarından qalmadır və analitiklərin dediyi kimi, hələ də SVR, FSB-nin Beşinci xidməti və QRU tərəfindən istifadə olunur.
Rusiya tərəfindən casusluğa cəlb edilənlər arasında "Enerqoatom”un rəhbərləri, siyasətçilər, Ukrayna Silahlı Qüvvələrinin və Ukrayna Təhlükəsizlik Xidmətinin generalları olub. Eyni zamanda, agent şəbəkəsi təkcə işğala hazırlıq üçün deyil, həm də Ukrayna daxilində vəziyyətin ümumi sabitliyini pozmaq üçün istifadə edilməli idi. Xüsusilə, RUSİ ekspertləri Volodimir Zelenskiyə təzyiqlər, Ukrayna rəhbərliyi ilə NATO arasında qarşılıqlı əlaqənin pozulması, qan tökülməsinin qarşısını almaq üçün qoşunları kazarmadan çıxarmamağa və müqavimət göstərməməyə çağıran ünvanlı telefon zənglərindən bəhs edirlər. Başqa sözlə, ilkin işğal planı Krım senarisi üzərində qurulmuşdu: əsas məntəqələrin və komanda postlarının sürətlə ələ keçirilməsi, Ukrayna ordusunun aktivliyinin pozulması və ardınca Kreml agentlərinin əsas administrativ vəzifələrə irəli çəkilməsi.
Genişmiqyaslı səylərə baxmayaraq, Rusiya işğal ərəfəsində, hətta dövlət orqanlarında və hərbi strukturlarda nüfuzlu agentlərin mövcudluğu ilə planlaşdırılan sabitliyin pozulmasına nail ola bilmədi. Məsələ ondadır ki, Rusiyanın qeyri-ənənəvi müharibə aparma üsullarının öz əhəmiyyətli çatışmazlıqları var. Əvvəla, Rusiyanın siyasi elitası (əsas prinsipal), özünün xüsusi xidmət orqanları, Ukrayna hakimiyyətinin nümayəndələri və hərbi elitaları və onların tabeliyində olan şəxslər arasında ikili, hətta üçlü prinsipal-agentlik münasibətlərinin qurulması Rusiyada böyük informasiya asimmetriyası yaradır. Fundamental səviyyədə münasibətlərin bu strukturu və onların məxfiliyi hesabatlığın təkmilləşdirilməsi və sifarişçini qane edən məlumatların təqdim edilməsi istəyi yaradır. Bütün "halqalar” özlərini daha baha "satmaq" üçün effektivlik dərəcələrini şişirtməyə meyllidirlər. Eyni zamanda, yüksək məxfilik şəraitində yoxlama və nəzarət imkanları praktiki olaraq olmur.
Lakin bir tərəfdən nəzəri və ya qeyri-real ilkin şərtlərə arxalanmaq və uğurları şişirtmək qaçılmaz uğursuzluğa səbəb olur, digər tərəfdən isə özünə inam yaradır və bununla da fəlakəti qaçılmaz edir.
Rusiya yanaşmasının digər əhəmiyyətli zəifliyi onun şablon yanaşması və mühafizəkarlığındadır. RUSI analitikləri qeyd edirlər ki, postsovet Rusiyasının xüsusi xidmət orqanları strateji və operativ kəşfiyyatın klassik üsullarının zərərinə agentlər şəbəkəsinin yaradılmasına əsaslanan sovet modelini demək olar ki, tamamilə bərpa ediblər. Belə təcrübə ilk növbədə rəqəmsal casusluq üsullarının istifadəsində qlobal tendensiyalara ziddir. Bundan əlavə, yeganə sifarişçinin nəzarəti altında olması, əməliyyatların miqyası, müəyyən edilmiş KPI-lərə riayət etmək zərurəti xüsusi xidmət orqanlarının işini şablon yanaşmaların və daimi hesabatlılığın konveyerinə çevirir (əslində bu uğursuzluq Putinin hakimiyyəti dövründə xüsusi xidmət orqanlarının idarə olunması sahəsində aparılan əks-islahatların nəticəsi idi, bu barədə RUSI analitikləri əvvəlki icmallarında
yazmışdılar. Eyni zamanda, kəşfiyyat orqanlarına yaxşı məlum olan köhnə şablonlardan istifadə Rusiya xüsusi xidmət orqanlarının və onların agent şəbəkələrinin fəaliyyətini kifayət qədər tez üzə çıxarmağa imkan verir. Sonuncu fakt Kremlin münaqişənin hazırkı mərhələsinə hazırlıq mərhələsində əsas faktor oldu. Məlumat mübadiləsi çərçivəsində Ukrayna əks-kəşfiyyatı və Qərb kəşfiyyat xidmətlərinin birgə hərəkətləri Rusiyanın işğala hazırlığı və bir çox Rusiya təsir agentləri haqqında məlumat əldə etməyə imkan verdi, onların hərəkətlərinin təsirini əngəllədi.
Paradoks isə ondan ibarətdir ki, planlaşdırılmamış genişmiqyaslı və uzunmüddətli müharibəyə səbəb olan bu uğursuzluqlar Rusiya xüsusi xidmət orqanlarının təsirini sarsıtmadı, əksinə, gücləndirdi. Uğursuzluğa görə məsuliyyət qorxusu onların qətiyyətini gücləndirir və siyasi liderlərin uzun sürən münaqişənin gözlənilməz nəticələri ilə bağlı qorxuları ilə ahəngləşir. Nəticədə, uğursuzluqlara baxmayaraq, bir korporasiya kimi kəşfiyyat xidmətləri Rusiyanın xarici və daxili siyasətində getdikcə daha təsirli bir aktora və münaqişənin mümkün eskalasiyası və ya deeskalasiyası üçün əsas amilə çevrilir.
Nizami Bağırov