Xəbər lenti

“Kreml Ermənistanda hakimiyyəti dəyişib, onu gətirmək istəyir” (ŞƏRH)
Dünya08:06 15.09.2023

“Kreml Ermənistanda hakimiyyəti dəyişib, onu gətirmək istəyir” (ŞƏRH)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Rusiyanın Ermənistanda istədiyinə nail olacağını düşünmürəm”.
Bunu Qaynarinfo-ya açıqlamasındapolitoloq Taleh Əliyev son günlər Ermənistan mətbuatında baş nazir Nikol Paşinyan iqtidarının Rusiyadan ola biləcək təhlükə ilə əlaqədar ciddi təlaş və qorxu icində olduğu haqda gedən yazıları şərh edərkən deyib.
"Bununla paralel Ermənistanda Qərbin, xüsusən ABŞ-ın fəallığı da artıb. Ermənistan-ABŞ birgə hərbi təlimlərinin keçirilməsi, Qərb diplomatlarının son zamanlar İrəvana intensiv səfərləri onu göstərir ki, Moskvanın Paşinyanı devirmək siyasəti növbəti dəfə uğursuz olacaq”, deyə ekspert bildirib.
Taleh Əliyevin sözlərinə görə, Ermənistanda vəziyyətin belə olmasının əsas günahı Paşinyanındır: 
"Paşinyanın çevriliş təhlükəsilə bağlı dünyaya car çəkməsinin səbəbkarından biri əslində özüdür. Belə ki, o, İtaliya nəşrinə müsahibəsində ölkəsinin təhlükəsizliyinin təmin edilməsində təkcə Rusiya ilə kifayətlənməyəcəyini bildirib. Ardınca da ABŞ nəşrinə müsahibəsində Ermənistanda Rusiyaya etimadın azalmasını bəyan etdi. Paşinyan bu müstəvidə hətta Ukraynaya humanitar yardım da göstərdi. Bütün bunlar onu göstərir ki, Paşinyan hakimiyyəti artıq Rusiya ilə münasibətlərdə koordinal dəyişikliyə hazırlaşır. Rusiyanın "5-ci kolon” təmsilçisi Ruben Vardanyan da bəyanat verərək, İrəvanı siyasi iradəsizlik nümayiş etdirməkdə ittiham edərək bildirib ki, istənilən qüvvələrlə mövcud hakimiyyətin devrilməsinə dəstək verməyə hazırdır”. 
Taleh Əliyev Moskvanın Paşinyanı yıxmaq üçün artıq hərəkətə keçdiyini də bildirib: 
"Putinin Uzaq Şərq İqtisadi Forumunda Qarabağ məsələsinə toxunaraq, Paşinyana qarşı ittihamedici fikirlər səsləndirməsi, ardınca Ermənistandakı revanşist qüvvələrə stimul verməsi onu göstərir ki,  Rusiyada həqiqətən də İrəvanda hakimiyyət dəyişikliyilə bağlı "düyməyə basıb”. Bu istiqamətdə artıq göstəriş komandasının verildiyini də düşünmək olar”. 
Politoloq əlavə edib ki, nəzəri baxımdan Kremlin bu istəyi baş tutacağı təqdirdə, Moskva yenidən Robert Koçaryana "stavka" edəcək: 
"Ermənistan parlamentində müxalifət olaraq Koçaryanın "Hayastan” bloku ilə Serj Sarkisyanın tərəfdarları da təmsil olunur. Bu mənada hakimiyyət dəyişikliyi olacaqsa, Rusiyanın bu qüvvələri kənarda qoyub, başqa üçüncü qüvvəni fəallaşdıracağını düşünnürəm. Kreml böyük ehtimalla yenə də Koçaryana "stavka" edəcək. Onun başçılığı ilə keçid hökuməti formalaşa bilər. Ağlagəlməz namizəd isə ordunun çevriliş nəticəsində hər hansı bir hərbçisinin hakimiyyəti götürməsi ola bilər”. 
Qeyd edək ki, Ermənistanın "Joqovurd” qəzeti məlumatına görə, Paşinyan hökuməti üçün bir təhlükə var. İqtidar da, müxalifət də, ictimaiyyətin geniş təbəqəsi də bundan danışır. Təhlükənin haradan gəldiyi hələ görünməsə də, müxalifət partiyalarının gözləntiləri, Nikol Paşinyan və komanda yoldaşlarının təşviş və qorxusu faktdır. Nəşrin yazdığına görə, Nikol Paşinyan bütün komanda yoldaşlarına (nazirlər, deputatlar, partiyanın idarə heyətinin digər üzvləri) bir nəfər kimi məktublar yazmağı, beynəlxalq tərəfdaşlara zəng etməyi və Rusiyanın Ermənistanda hakimiyyəti dəyişmək niyyətində olduğunu və onlara məlumat verməyi tapşırıb. 
Rüfət Sultan