Xəbər lenti

Kreml: Ukraynanın təhlükəsizliyini xarici hərbi qüvvələr təmin edə bilməz
Dünya 11:55 05.09.2025

Kreml: Ukraynanın təhlükəsizliyini xarici hərbi qüvvələr təmin edə bilməz

Ukraynanın təhlükəsizliyi xarici hərbi kontingentlər tərəfindən təmin edilə bilməz, bu, Rusiyanı qane etməyəcək.

Qaynarinfo xəbər verir ki, bu barədə "RİA Novosti" prezidentin mətbuat katibi Dmitri Peskova istinadən yazıb.

"Ukraynanın təhlükəsizliyini xarici, xüsusilə də Avropa və Amerika hərbi kontingentləri təmin edə bilərmi? Qətiyyən yox, edə bilməzlər. Bu, ölkəmizi qane edəcək təhlükəsizlik zəmanəti ola bilməz”, – Peskov deyib.

Fransa prezidenti Emmanuel Makron isə cümə axşamı "istəkli koalisiya” sammitindən sonra bildirib ki, 26 ölkə münaqişə bitdikdən sonra Ukraynaya təhlükəsizlik zəmanəti verməyə hazırdır. Onun sözlərinə görə, bu zəmanətlərə beynəlxalq qüvvələrin quruda, dənizdə və havada iştirakı daxildir.

Peskovun fikrincə, Ukraynaya təhlükəsizlik zəmanətləri verilə bilər və bu, danışıqların mövzusu olmalıdır. O həmçinin bildirib ki, 2022-ci il İstanbul razılaşmalarının şərtlərində bütün təhlükəsizlik zəmanətləri nəzərdə tutulmuşdu.

"Başqa hansısa variantlar mümkündürmü? Şübhəsiz ki, mümkündür. Bütün bunlar danışıqların mövzusu ola bilər və olmalıdır”, – deyə Kremlin sözçüsü əlavə edib.

"Əgər həmin vaxt İstanbulda hazırlanan razılaşmaların müddəaları ilə diqqətlə tanış olsanız, görərsiniz ki, bütün təhlükəsizlik zəmanətləri orada nəzərdə tutulmuşdu və təmin edilirdi”, – Peskov bildirib.

Xatırladaq ki, 2022-ci ildə İstanbulda Moskva və Kiyev Ukraynanın daimi neytrallığını beynəlxalq təhlükəsizlik zəmanətləri müqabilində müzakirə etmişdilər. Bu zəmanətlərin BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü – Böyük Britaniya, Çin, Fransa, Rusiya və ABŞ tərəfindən verilməsi nəzərdə tutulurdu. Daha sonra Kiyev bu təklifləri rədd edərək bildirmişdi ki, bu, Moskvaya Ukraynaya hər hansı xarici hərbi dəstək məsələsində veto hüququ qazandırardı.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->