Siyasət 13:38 24.02.2023

Kreml Vardanyanı niyə qurban verdi? - Politoloq

"Vardanyan Rusiyanın göstərişilə kölgəyə çəkilib və Moskva ondan gizli şəkildə istifadə edəcək”. 
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Tural Rzayev separatçı rejimin rəhbəri Araik Arutyunyanın "dövlət naziri” postunda olan milyarder Ruben Vardanyanı istefaya göndərməsinə münasibət bildirərkən deyib.

"Vardanyanın "istefası" ilə bağlı iki fərqli versiya mövcuddur. Birinci versiya odur ki, Vardanyan sadəcə kölgəyə çəkilib. Bu göstəriş də Kremldən gəlib. Bundan sonra Moskva ondan gizli şəkildə istifadə edəcək. Bu da Kremlin Vardanyandan artıq açıq şəkildə istifadə edə bilmədiyinin göstəricisidir. Çünki Azərbaycan cəmiyyətinin Vardanyana münasibətdə sərt reaksiyası var. Azərbaycan Prezidenti Avropa nümayəndələrilə görüşdə, Münhen Təhlükəsizlik Konfransında və digər yerlərdə dəfələrlə bildirib ki, Vardanyanı görmək istəmirik. Qərb də Vardanyanın siyasi səhnədə qalmasında maraqlı deyil. ABŞ və Britaniya rəsmilərindən bunu eşidirdik. Qərb mətbuatında Vardanyan Putinin əlaltısı kimi təqdim olunurdu. Həmçinin, Vardanyanın yeni Krım layihəsi olması, yəni Qarabağı Krım kimi Rusiyaya "birləşdirmək” yolunda layihə rəhbəri olması ilə bağlı ehtimalalr səslənirdi. Paşinyan da Vardanyanla yola getmirdi, çünki özünə potensial təhlükə kimi görürdü. Bu müstəvidə Moskva Vardanyandan gizli şəkildə istifadə edəcək”, deyə Tural Rzayev bildirib.



Ekspertə görə, Vardanyanın "istefası" ilə bağlı ikinci versiya Rusiyanın Ermənistanda çətin durumda olması ilə bağlıdır:
 
"Avropa İttifaqı missiyasının Ermənistana gəlişinə Kreml ABŞ-ın Qafqaza daxil olması kimi baxır. Şimal ölkəsi növbəti mərhələdə Rusiyanın Qafqazdan çıxarılması planının işə düşəcəyindən narahatdır. Rusiya həmçinin, Ermənistanla Azərbaycan arasında vasitəçilərin təşəbbüsü ilə olan paralel danışıqlardan da əndişələnir. Belə bir durumda Lavrov Bakıya səfərə gəlməlidir. Bu fonda ola bilər ki, Moskva Vardanyanı uzaqlaşdırmaqla Bakıya münasibətdə jest edir. Əvəzində isə Bakıdan Brüssel formatı və ya Aİ-nin Ermənistan missiyası ilə bağlı Moskvanın mövqeyinə daha yaxın mövqe sərgiləməyi istəyə bilər”. 

Tural Rzayev düşünür ki, Rusiya bütün hallarda yenə də əl altından Vardanyanla "diriltmək” planını davam etdirəcək:

"Bu zaman yenə də Vardanyanın maliyyə resurslarından istifadə ediləcək, ancaq siyasi müstəvidə başq füqur olacaq”. 

Qeyd edək ki, separatçı rejimin "rəhbəri” Arayik Arutyunyanın açıqlamasına görə, "dövlət naziri” Ruben Vardanyan "istefa"ya göndərilib. Məlumata görə, onu bu "vəzifə”də qondarma rejimin "baş prokuroru” Qurqen Nersisyan əvəz edəcək. 

Rüfət Sultan